Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Trump Novruz müraciəti etdi


ABŞ prezidenti Donald Trump iranlıları və “Novruz bayramını qeyd edən başqalarını” təbrik edib və martın 20-də verdiyi bəyanatda İran üçün “daha parlaq, daha azad gələcək” istədiyini bildirib:

“Birləşmiş Ştatların adından sevincli və sülhlə dolu Novruz münasibəti ilə ən hərarətli təbriklərimi yetirirəm. Bu, bizə bir daha xatırladır ki, azadlıq və hürriyyət qüvvələri daim şər və zülmə üstün gələcək”.

Özünün Novruz təbrikində ABŞ prezidenti martın 20-ə olan məlumata görə İranda 19 min 644 nəfərə yoluxmuş və 1433 nəfərin həyatına son qoymuş koronavirus pandemiyasından söz salmayıb.

Trump xatırladıb ki, ötən il iranlılar üçün “tarixi” il olub, çünki “igid və cəsur İran xalqı ölkə boyunca böyük kütlələrlə ayağa qalxaraq öz hökumətinin korrupsiyasına qarşı etiraz edib və ondan hesabat istəyib”.

ABŞ prezidenti əlavə edib ki, iranlılar “korrupsiyalı rejimin maraqlarını yox, onları təmsil edəcək hökumət istədiklərini aydın şəkildə bəyan ediblər”.

2019-cu ilin noyabrında hökumətin yanacaq qiymətlərini qaldırmasına qarşı kütlələrin etiraz aksiyaları İranın 100-dən çox şəhərini bürümüşdü.

İran hakimiyyəti bir neçə gün davam edən bu etiraz dalğasını polis və hərbi güclə yatırsa da, çox sayda iranlı bu ilin əvvəllərində Ukrayna sərnişin təyyarəsinin İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmasına etiraz etmək üçün təkrar paytaxt Tehranın və başqa şəhərlərin küçələrinə çıxmışdı.

Bu aksiyalarda adamlar İranın dini rəhbərliyinə qarşı şüarlar səsləndirirdilər.

Özünün Novruz təbrikində Trump deyib ki, İran xalqı “nüvə ambisiyalarına və raket sınaqlarına pul israf edən, üstəlik ona əl qaldıran və incidən yox, onu dinləyən, ona hörmət göstərən və investisiya yatıran liderlərə layiqdir”.

Rohani də amerikalılara müraciət edib

Trump 2018-ci ildə Birləşmiş Ştatları 6 dünya gücü ilə İran arasında 2015-ci ildə imzalanmış sazişdən çıxardıqdan sonra, Tehran üzərinə ABŞ-ın ağır iqtisadi sanksiyaları bərpa olunub.

Buna cavab olaraq Tehran bildirib ki, sözü gedən sazişin şərtlərinə əməl etməsini dayandıracaq.

Hazırda İranda sazişin ona icazə verdiyindən qat-qat artıq zənginləşdirilmiş uran və ağır su ehtiyatı yığılıb.

Bu arada televiziya ilə müraciətində İran prezidenti Hassan Rohani amerikalılardan öz hökumətlərini İran üzərindən sanksiyaları qaldırmağa çağırmağı rica edib:

"ABŞ hökumətinin sanksiyaları bir çox adi iranlıların sağlamlığını, işini və qazancını itirməsi ilə nəticələnib. İndi isə vaxtıdır ki, Amerika xalqı uca səslə öz hökumətindən cavab tələb etsin...və ABŞ tarixinin daha artıq ləkələnməsinə yol verməsin”.

Trump İranla yeni saziş barədə danışıqların aparılmasını və yekun sazişinə Tehranın nüvə fəaliyyətindən başqa, onun ballistik raket proqramını da məhdudlaşdıran müddəaların salınmasını istəyir.

Tehran bu çağırışı rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG