Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

Trump: Pxenyana “maksimum təzyiq” göstərilir


ABŞ prezidenti Donald Trump deyir ki, Birləşmiş Ştatlar Şimali Koreya və onun nüvə silahı ambisiyalarına qarşı “maksimum təzyiq” kampaniyası aparır. O, Pxenyanı “qəddar diktatura” adlandırıb.

Trump bunları yanvarın 30-da ABŞ Konqresində ilk illik müraciətində deyib.

ABŞ prezidenti bildirib ki, Şimali Koreyanın nüvə raketlərindən əl çəkməməsi tezliklə Birləşmiş Ştatlara təhlükə yarada bilər.

Bunun baş verməməsindən ötrü maksimum təzyiq kampaniyası aparırıq”, – o söyləyib.

Keçmiş təcrübə bizə öyrədib ki, laqeydlik və güzəşt etmək yalnız aqressiya və provokasiya doğurur. Bizi bu təhlükəli mövqeyə salmış keçmiş administrasiyaların səhvlərini təkrarlamayacağam”, – Trump bildirib.

Qeyd edək ki, vəzifədə olduğu son bir ildə Trump-ın reytinqi indiyədək heç bir prezidentin üzləşmədiyi aşağı səviyyəyə düşüb.

Çıxışın canlı yayımı. (rus dilində)

***

Donald Trump Çinlə Rusiyanı “rəqiblər” adlandırıb.

O, “asi rejimlər, terror qrupları və Çinlə Rusiya kimi rəqiblər”dən danışıb, onların Birləşmiş Ştatların “maraqlarına, iqtisadiyyatına və dəyərlərinə meydan oxuduğunu
bildirib.

Bu təhlükələrlə qarşılaşarkən bilirik ki, zəiflik mütləq münaqişəyə aparacaq yoldur, qeyri-bərabər güc isə müdafiəmizin mütləq yoludur”, – o söyləyib.

Prezident Konqresi “böyük ordumuzu tam maliyyələşdirməyə” çağırıb.

Trump İrandakı son etiraz aksiyalarına da toxunub.

İran xalqı korrupsioner diktaturalarının cinayətlərinə qarşı qalxanda mən sakit durmadım. Amerika azadlıq uğrunda cəsarətli mübarizəsində İran xalqının yanındadır”, – prezident deyib.

O, Konqresi İranla 2015-ci il nüvə sazişindəki “qüsurları düzəldəcək” qanunvericiliyi qəbul etməyə çağırıb. Həmin saziş Tehrana qərbin sanksiyalarının yumşaldılmasını nəzərdə tuturdu.

Trump-la respublikaçılar vaxtaşırı sazişi tənqid edirlər. Saziş Barack Obama administrasiyası dövründə imzalanıb.

Amma Trump sazişdən tamam çıxmaqdan söz açmayıb. Bəzi təhlilçilərin fikrincə, bu halda Tehran sürətlə nüvə arsenalını inkişaf etdirə bilər.

***

ABŞ prezidenti Donald Trump özünün ilk illik müraciət nitqini edib.

Trump Birləşmiş Ştatların prezidentləri üçün ənənəvi olan və “Ölkənin vəziyyətinə dair”adlanan bu çıxışına ötən il bir il ərzində şəxsi fədakarlıqları ilə fərqlənmiş amerikalıları təqdir etməklə başlayıb.

Onlardan bəziləri çıxışın edildiyi Konqres zalına dəvət olunmuşdular.

Prezident çıxışının əvvəlində ölkənin iki siyasi partiyasından olan siyasətçiləri Amerika naminə birliyə çağırıb.

O bildirib ki, belə bir yekdillik təkcə fəlakətli vaxtlarda deyil, həm də uğurlu zamanlarda zəruridir.

Trump çıxışının böyük bir hissəsini onun prezidentliyi dövründə əldə olunmuş iqtisadi və maliyyə göstəricilərinə həsr edib.

O deyib ki, onun administrasiyası tarixdə heç vaxt olmadığı qədər lüzumsuz qaydaları və təlimatları ləğv edib.

Prezident onun Konqres tərəfindən qəbul olunmuş vergi islahatından da söz açıb. O deyib ki, bir çox böyük şirkətlər Amerikaya yatırılacaq investisiyalarını artıracaqlarını vəd edirlər. Prezident ayrıca olaraq Apple və ExxonMobil şirkətlərinin adlarını çəkib.

Trump deyib ki, kiçik bizneslərin özünəinamı indi hər vaxt olduğundan daha yüksəkdir, birja isə “rekord dalınca rekord vurur”.

Prezident onun idarəçiliyi dövründə açılmış milyonlarla yeni iş yerlərindən söz salıb.

ABŞ prezidenti çıxışında miqrasiya məsələsinə də toxunub və özünün 4 mərhələdən ibarət immiqrasiya planını açıqlayıb.

O bildirib ki, birincisi, uşaq vaxtı valideynləri tərəfindən Amerikaya gətirilmiş 1, 8 miyon qanunsuz miqrantın vətəndaşlığa gedən yolunu hazırlamaq lazımdır.

Trump deyib ki, ikinci mühüm məsələ sərhədlərin tam möhkəmləndirilməsi və cənub sərhədi boyunca hasarın tikintisidir.

ABŞ prezidenti deyib ki, Amerikada bəxtəbəxt oturaqlıq verən “viza lotoreyaları” ləğv olunmalıdır.

Prezidentin fikrincə son mərhələ olaraq Amerikaya “zəncirvari miqrasiyaya” son qoyulmalıdır.

Prezident Trump Yerusəlimi İsrailin paytaxtı kimi tanıyan qərarını yada salıb. O deyib ki, Amerikadan milyonlarla dollar yardım alan bəzi ölkələr bu qərarın əleyhinə çıxıb. Trump bildirib ki, Amerikanın yardımları yalnız onun “dostlarına” getməlidir.

Trump bildirib ki, Amerika istənilən ölkədə həmin ölkə üçün hər hansı başqa dövlətlərdən çox iş görüb, lakin Amerika prezidenti kimi onun ümdə vəzifəsi amerikalıların qayğısına qalmaqdır.

Trump Konqresi bir daha “qüsurlu İran nüvə sazişinə” yenidən baxmağa çağırıb. O bununla yanaşı qeyd edib ki, “Amerika İran xalqının yanındadır”.

Şimali Koreya ilə qarşıdurmadan söz açan Trump deyib ki, Vaşinqton bu məsələdə qətiyyət nümayiş etdirib. Onun sözlərinə görə “keçmiş təcrübə” göstərib ki, belə hallarda güzəşt edilməsi təcavüzlə başa çatır.

Trump habelə bildirib ki, ABŞ özünün nüvə silahı arsenalını möhkəmləndirməlidir.

ABŞ prezidenti İraq və Suriyanın, özünü İslam Dövləti adlandıran ekstremist təşkilatın döyüşçülərindən 100 faiz tamizləndiyini bəyan edib.

Donald Trump bildirib ki, terror şübhəliləri üçün Quantanamodakı düşərgə bundan sonra da saxlanmalıdır.

Bu nitqlə Trump özünün təlatümlü birinci ilini başa vurub. Onun bu çıxışı etdiyi vaxtda xüsusi prokuror Robert Mueller və azı üç Konqres komitəsi onun seçki kampaniyasının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG