Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:55

Baş prokurorun işdən çıxarılması 'abırsızlıqdır'


Jeff Sessions
Jeff Sessions

Nümayəndələr Palatasında demokratların lideri Nancy Pelosi bu istefanı Rusiya istintaqını əngəlləməyə yönəlik “abırsız cəhd” adlandlrıb. Senatda demokratların lideri Chuck Schumer isə tvitində yazıb ki, “aydındır ki, prezident nəyisə gizlədir”.

Çoxsaylı media orqanlarının yazmasına görə, Sessions-un müavini Rob Rosenstein Muellerin apardığı istintaqa nəzarətdən kənarlaşdırılıb.

Qeyd edək ki, Mueller Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsi, Rusiya rəsmiləri ilə Trump-ın seçki kampaniyası arasında iddia olunan əlaqələri araşdırırdı. Rusiya seçkiyə hər hansı müdaxilə etmədiyini deyir, Trump isə Rusiyayla istənilən “əlbirliyi” danır.

Ədliyyə Departamenti sözçüsünün deməsinə görə, baş prokuror əvəzi, yəni Whitaker Rusiya istintaqı daxil olmaqla, departament daxilindəki “bütün məsələlər”ə, nəzarət edir.

Rob Rosenstein
Rob Rosenstein

“PREZİDENT DƏYİŞİKLİYİ NİYƏ EDİR?”

Nümayəndələr palatasının demokrat üzvü Jerry Nadler Sessions-un istefasına izahat tələb edib. Onun palatanın ədliyyə komitəsinə rəhbərlik edəcəyi gözlənir və Mueller-in istintaqına konqresdən bu komitə nəzarət edir.

“Amerikalılar Trump-ın Sessions-u kənarlaşdırmaq addımının arxasında nə durması barədə suallara cavab almalıdırlar”, – Nadler deyib.

“Prezident bu dəyişikliyi niyə edir və indi Xüsusi Prokuror Muellerin istintaqına kim nəzarət edir? Buna görə adamları məsuliyyətə cəlb edəcəyik”, – o, tivitində yazıb.

Schumer isə deyib ki, Muellerin statusunun yeni baş prokuror tərəfindən qorunması “vacibdir”.

O, Whitaker-i özünü Rusiya istintaqından kənar tutmağa çağırıb, çünki əvvəllər bu istintaqla bağlı mənfi şərhləri olub.

Nancy Pelosi
Nancy Pelosi

Nümayəndələr Palatasının spikeri olacağı gözlənən Pelosi tvitində yazıb ki, Baş prokuror Sessions-un işdən çıxarılmasının Donald Trump-ın Xüsusi prokuror Muellerin istintaqına zərbə vurmağı və bitirməyi hədəfləyən abırsız cəhddən başqa adı yoxdur”.

***

ABŞ-ın baş prokuroru istefa verir

ABŞ-ın baş prokuroru Jeff Sessions “prezident Donald Trump-ın ricası ilə istefa verib”.

Təhlilçilərin fikrincə, bu, Rusiya təhqiqatının gələcyini qeyri-müəyyənliyə atmış olur.

Ağ Ev bildirir ki, Sessions istefa məktubunu noyabrın 7-də Trump-a təqdim edib və prezident bu istefanı qəbul edib.

Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini, habelə Trump kampaniyasının Rusiya ilə mümkün bağlarını araşdıran xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqat tamamilə Ədliyyə Nazirliyinin nəzarətindədir.

Respublikaçı və keçmiş Alabama qubernatoru olan Sessions özünü Rusiya təhqiqatından araladığına görə Trump tərəfindən açıq şəkildə tənqid olunurdu.

Sessions bu təhqiqatdan aralandığını onunla əsaslandırmışdı ki, onun özü də Trump-ın seçki kampaniyasının üzvü olub.

Bu barədə yazdığı tvitdə Trump bildirib ki, Sessions-ın administrasiya rəhbəri Matt Whitaker baş prokuror əvəzi kimi fəaliyyət göstərəcək.

Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

Whitaker xüsusi prokuror Mueller-in təhqiqatının məhdudlaşdırılmasına çağırmışdı.

Mueller-in təhqiqatına birbaşa Sessions-ın müavini Rob Rosenstein nəzarət edirdi, lakin belə görünür ki, baş prokurorun istefası ilə bu məsələdə dəyişiklik yaranacaq.

***

Bundan əvvəl Trump Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edirdi.

ABŞ prezidenti Donald Trump deyib ki, 2016-cı il prezident seçkisi kampaniyasına Rusiyanın müdaxiləsinə dair xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqat Birləşmiş Ştatlar üçün yaxşı deyil.

Noyabrın 7-də Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ aralıq seçkisi barədə danışan Trump deyib ki, "bu, başa çatmalıdır, çünki ölkə üçün pisdir”.

Xüsusi prokuror Mueller-ə ötən il Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsini və Trump-ın adamları ilə Rusiya rəsmiləri arasında mümkün əlaqələri təhqiq etmək tapşırılıb.

Bu təhqiqat genişlənib və indi Trump-ın bu təhqiqata mane olmaq istəməsinə dair iddialar da araşdırmaya daxil edilib. Həm Moskva, həm də Trump bu iddiaları rədd edirlər.

Mueller-i vəzifəsindən çıxarmaq fikrində olub-olmadığına dair suala cavab verən Trump deyib: “Mən bunu istədiyim vaxt dayandıra bilərdim, amma dayandırmadım. Mən elə bu saat kimi istəsəm işdən çıxardaram. Amma bunu dayandırmaq istəmirəm, çünki siyasi baxımdan dayandırmaq istəmirəm”.

Trump deyib ki, Rusiya təhqiqatı ilə bağlı heç nədən narahat deyil, “çünki bu qondarma məsələdir”:

"Onlar buna çox pul xərcləyirlər, amma mən imkan verirəm ki, belə olsun. Mən bunu bu saat dayandıra bilərdim”.

Demokratların çoxluğa malik olduğu Konqresin onun kampaniyasının Rusiya ilə bağlarına dair təhqiqatı genişləndirə biləcəyi barədə sualın cavabında, Trump bunu “rüsvayçılıq” adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG