Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 17:45

Müsəlman ölkələri susur


Kral Salman və Misir prezidenti Abdel Fattah al-Sisi
Kral Salman və Misir prezidenti Abdel Fattah al-Sisi

Almanlar, britaniyalılar, fransızlar, kanadalılar və hətta bəzi respublikaçı senatorlar da ABŞ prezidenti Donald Trump-ın yeni qərarını tənqid etdilər. Ancaq müsəlman dünyasının mərkəzi olan Qahirə və Ər-Riyad milyonlarla müsəlman qaçqının və yeddi müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinin yasaqlanmasını şübhəli sükutla qarşıladı.

Səudiyyə Ərəbistanının kralı Salman bazar günü Trump-la telefonla danışsa da, heç bir ictimai açıqlama verməyib. Misir prezidenti Abdel Fattah el-Sisi isə, ümumiyyətlə, heç bir söz deməyib.

«MÜSƏLMAN LİDERLƏRİ BİR DEYİL»

Hətta özünü müsəlman dünyasının «birləşmiş səsi» hesab edən, 57 dövlətin təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı belə, heç bir reaksiya vermir.

Trump-ın qərarının hədəfə aldığı İran və İraqın liderləri bazar günü qəzəbli bəyanatlar verərək, cavab tədbirləri görəcəklərini bildiriblər. Ancaq əksər müsəlman dövlətlərinin rəhbərlərinin məsələyə reaksiya verməməsi müsəlman dünyasında həmrəyliyin olmamasını göstərir. «The New York Times» qəzeti belə yazır.

«Trump çox vəd verib, ancaq bunlardan hansı ilə bağlı dərhal addım atacağı aydın deyil. Belə görünür ki, heç kim bilmir. Heç Trump-ın özünün bildiyi belə aydın deyil», – George Washington Universitetindən Yaxın Şərq üzrə mütəxəssis Nathan J.Brown deyir.

Beyrutdakı Amerika Universitetinin Issam Fares İnstitutunun direktoru Rami G.Khouri müsəlman liderləri arasında birliyin olmamasını belə izah edir: «Onların ölkə daxilində güclü legitim bazası yoxdur. Onlar öz xalqlarının qəzəbi ilə Amerika prezidentinin mümkün qəzəbi arasında incə seçim etməyə məhkumdurlar».

Trump-ın immiqrasiya qadağası- qarşı çıxanlar, dəstək olanlar
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

«MÜSƏLMAN QADAĞASI»

Trump-ın İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişini dondurmaq qərarı Yaxın Şərq və Afrikada çaşqınlıq, narahatlıq və qəzəb doğurub. Qaçqınlar hava limanlarından geri qaytarılıb, ailələr qeyri-müəyyən müddətə bir-birindən ayrı düşüb, uzunmüddətli səfər planları ertələnib.

Trump administrasiyası ötən gün verdiyi bəyanatda bildirib ki, «Green-card» sahiblərinin (ABŞ-ın daimi sakini statusuna malik şəxslər) ABŞ-a qayıtmasına icazə veriləcək. Trump özünün Facebook səhifəsində qərarının «müsəlman qadağası» olmadığını bildirib və KİV-i yanlış xəbərlər verməkdə ittiham edib. Bundan bir neçə saat öncə isə o, Twitter-də maraqlı bir paylaşım edib: «Yaxın Şərqdə çox sayda xristian qətlə yetirilir. Bu dəhşətin davam etməsinə yol verə bilmərik!».

Əslində isə, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması qurbanlarının əksəriyyəti müsəlmanlardır. Onlar güllələnir, diri-diri yandırılır və başları kəsilir. «İslam Dövləti»ndən canını qurtarıb qaçan insanlarsa Trump-ın indi ayrıseçkiliyə məruz qoyduğu qaçqınlardır.

Almaniya kansleri Angela Merkel bazar günü Trump-la telefon danışığında ona 1951-ci ilin Qaçqınlar haqqında Konvensiyasını xatırladıb. Ancaq Yaxın Şərqin əksər liderləri Trump-a təpinməyiblər.

General Abdel Fatah al-Sisi
General Abdel Fatah al-Sisi

QƏRARIN ƏHATƏLƏMƏDİYİ ÖLKƏLƏR

Trump Misir prezidentini «əla oğlan» adlandırıb. O, həm də Sisi-nin qatı düşməni olan «Müsəlman Qardaşları»na «terrorçu» statusu vermək haqda düşünür. Ötən həftə baş tutmuş telefon danışığında iki lider Sisi-nin Ağ Evə mümkün ziyarətini müzakirə ediblər. Bu, Obama administrasiyası dövründə ağlasığmaz bir hadisə sayılardı. Axı, Sisi administrasiyası insan haqları pozuntularında ittiham olunur.

Trump-ın sözügedən qərarı ekstremistləri ABŞ-dan uzaq tutmaq məqsədi daşıyır. Qərarda 11 Sentyabr hücumları düz 3 dəfə xatırladılsa da, qərar həmin hücumu təşkil edən 19 terrorçudan 15-nin vətəni olan Səudiyyə Ərəbistanına aid deyil. ABŞ-ın bu ölkə ilə dərin iqtisadi və təhlükəsizlik bağları var. Ancaq Trump-ın özünün də Səudiyyə Ərəbistanında maliyyə maraqları var. 2015-ci ilin avqustunda Trump Təşkilatı Səudiyyə Ərəbistanının Ciddə şəhərində otel tikintisi ilə məşğul olacaq səkkiz şirkət qeydiyyatdan keçirib.

Vətəndaşları ABŞ-a hücumlarda iştirak etmiş digər dövlət Pakistandır. Onun da adı Trump-ın siyahısında yoxdur.

Bu gün İordaniya kralı II Abdullah Vaşinqtonda Trump administrasiyasının və Konqresin üzvləri ilə görüşəcək. O, qərarın verilməsindən sonra bu addımı atan ilk ərəb lideridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG