Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Trump İrana nüvə sazişi məsələsində 'sonuncu dəfə' güzəştə getdiyini bildirir


ABŞ prezidenti Donald Trump İranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin şərtləri altında Tehranın üzərindəki sanksiyaların qaldırılması müddətini uzadıb.

Yanvarın 12-də verdiyi bəyanatda o, bu sazişin şərtlərini indilik və “sonuncu dəfə” olduğu kimi saxladığını bildirməklə yanaşı deyib ki, bu razılaşmaya onu yaxşılaşdıracaq düzəlişlər əlavə edilməlidir. Trump deyib ki, əks halda ABŞ bu sazişi tərk edə bilər.

ABŞ prezidenti bunu da bildirib ki, o bu nüvə sazişi ilə birbaşa bağlı olmayan 14 şəxs və vahid üzərinə yeni hədəfli sanksiyalar elan edir.

Bu yeni sanksiyaların “ciddi insan haqları pozuntularını”, senzura və silah məsələlərini hədəflədiyi xəbər verilir.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, sanksiyalananlar arasında ən vəzifəli şəxs İran parlamentinin spikeri Ali Larijaninin qardaşı və İran ədliyyəsinin başçısı Sadeq Larijanidir.

İran ədliyyəsinin başçısı Sadeq Larijani yeni sanksiya siyahısına salınıb
İran ədliyyəsinin başçısı Sadeq Larijani yeni sanksiya siyahısına salınıb

Bəyanatda qeyd olunur ki, Larijani “İrandakı şəxslərə, İran vətəndaşlarına və sakinlərinə qarşı ciddi insan haqları pozuntularına göstəriş verilməsi və yönləndirilməsi üçün birbaşa məsuliyyət daşıyır”.

2015-ci ildə İranla 6 ölkə - ABŞ, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya arasında imzalanmış saziş Tehranın öz nüvə proqramını məhdudlaşdırması müqabində onun üzərindəki sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Trump özünün seçki kampaniyası dövründə və sonralar Obama administrasiyası tərəfindən imzalanmış bu sazişi kəskin tənqid edib. Trump bildirir ki, İran sazişin “ruhuna” əməl etmir.

Trump oktyabr ayında İranın bu sazişə əməl etdiyini təsdiqləyən etibarənaməni imzalamaqdan imtina etmiş və demişdi ki, ABŞ millət vəkilləri və Amerikanın müttəfiqləri bu sənəddəki ciddi qüsurları aradan qaldırmasalar, Vaşiqnton bu sazişdən çıxa bilər.

Öz növbəsində Avropa müttəfiqləri Birləşmiş Ştatları sazişdən çıxmamağa çağırmışdılar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG