Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Avqust, Cümə, Bakı vaxtı 04:00

Donald Trump-ın inaqurasiyası da biznesdirmi?


U.S. -- President-elect Donald Trump gives a thumbs up to the crowd as he walks through the lobby of the New York Times following a meeting with editors at the paper in New York, November 22, 2016

ABŞ-da jurnalist təhqiqatları ilə məşğul olan “İctimai Təmizlik Mərkəzi” (Center for Public Integrity) qeyri-mənfəət təşkilatı yazır ki, Donald Trump-ın inaqurasiya komitəsi – hazırda VİP biletlər, lüks lojalar və hətta prezident seçilmiş şəxsin özü ilə təmas imkanı verən dəvətnamələr paylamaqla məşğuldur, hərçənd komitə bütün bunlardan feyziyab olan fərd və şirkətlərdən, bu “qonaqpərvərliyin”müqabilində, məbləğində 5 və ya 6 sıfır olan ianələr gözləyir.

Public Integrity mərkəzinin əldə etdiyi xüsusi broşürdə deyilir ki, “1 milyon+” kateqoriyasında olan donorlara “müstəsna inaqurasiya tədbiri” kimi təqdim edilən “liderlərin naharına” dörd bilet veriləcək. Axı burada Nümayəndələr Palatasının və Senatın vəzifəli təmsilçilərinin də olacağı gözlənilir.

Mike Pence və xanımı Karen Pence üçün ayrıca ziyafətlər olacaq
Mike Pence və xanımı Karen Pence üçün ayrıca ziyafətlər olacaq

1 milyon dollar və daha artıq ianə verənlər üçün dörd bilet də vise-prezident Mike Pence və onun xanımı Karen-in iştiraklilə veriləcək şam yeməyi üçün nəzərdə tutulub. Səxavətli donorlara 8 bilet də “ledilər naharı” üçün veriləcək. Adından göründüyü kimi burada iştirak səadətinə layiq görülənlər, ölkənin birinci xanımları ilə bir süfrədən yemək yeyəcəklər.

Milyonlarından keçənlər üçün Trump və Pence, habelə onların xanımlarının iştirakı ilə daha bir neçə qonaqlıqda iştirak da nəzərdə tutulub.

İctimai Təmizlik Mərkəzi bunu da qeyd edir ki, donor paketlərinə andiçmə mərasimi də daxildir, hərçənd Trump komitəsi buna görə kiçik və qəribə bir qeyd verir: “andiçmə Konqress mərasimi olaraq bizim rəsmi paketimizə daxil deyil, amma bu tədbir üçün biletlərə də çıxışımız var”.

Nə isə…Trump-ın inaqurasiya komitəsi pul qazanıla biləcək heç nəyi yaddan çıxarmayıb.

Bəzi xəbərlərə görə, Trump-ın inaqurasiya komitəsi bu mərasimlə bağlı tədbirlərin xərclərinin ödənməsi üçün 65 milyonla 75 milyon dollar arasında fond toplayacağına ümid edir.

Obama üçün bir inaqurasiya qonaqlığı olmuşdu

Public Integrity mərkəzi yazır ki, müxtəlif prezidentlər inaqurasiya fondtoplamalarına müxtəlif yanaşma nümayiş etdiriblər və bəzi qaydalar prezidentdən prezidentə dəyişib.

Məsələn 2009-cu ildə prezident Barack Obama inaqurasiya fondtoplamasına ciddi limitlər qoymuşdu. Həmin qaydalara görə fərdlər 50 min dollardan artıq ianə verə bilməzdilər, şirkətlərdən, siyasi hərəkət komitələrindən və qeydiyyatlı lobbiçilərdən isə inanələrin alınması qadağan edilmişdi.

Nyu-Yorkdakı Trump İnternational Hotel
Nyu-Yorkdakı Trump İnternational Hotel

Lakin dörd il sonra Obama fərdlər üçün ianə limitini qaldırılmış, şirkətlərin ianə verməsinə də icazə verilmişdi. Həmin il inaqurasiya komitəsi 43, 8 milyon dollar ianə toplamışdı. Bura AT&T, Boeing və Microsoft kimi şirkətlərin verdiyi milyonlarla dollar da daxil idi.

Lakin elə bu məqaləyə yazılmış bəzi şərhlərdə deyilir ki, Barack Obamanın bir inaqurasiya qonaqlığı olmuşdu, Trump-ın pullu ziyafətlərinin isə tam siyahısı hələ bəlli deyil.

New York Times qəzetinin yazdığına görə Trump şirkətlərdən ianə qəbul etsə də, lobbiçilərin maliyyə yardımını qəbul etməyəcək. Bu da qeyd olunur ki, lobbiçilərin Trump-ın keçid komandasında işləməsi də qadağandır.

Public Integrity mərkəzi yazır ki, inaqurasiya təntənələri böyük donorları yeni prezident və gələcək administrasiya ilə bir araya gətirir.

Pulun siyasətə təsirini məhdudlaşdırmaq üçün kampaniya aparan Public Citizen qrupunun rəhbəri Craig Holman deyir ki, “yeni prezidenti alqışlamaq üçün böyük qonaqlıqlara böyük pullar səpələyən şirkətlər bu pulların onları yeni administrasiya ilə yaxınlaşdıracağına ümid edirlər.”.

Bu da bildirlir ki, bütün donorlara verilən paketlərə “”Lüks İnaqurasiya Otellərində İmtiyazlı Bronlar” daxildir.

Qonaqlar təbiidir ki, bu lüks otellərdə öz hesablarına yaşayacaqlar. Həm də bu otellərdə minimum yaşama müddəti 4 gündür.

Paketlərə gəldikdə isə onların inaqurasiya komitəsinə azı 25 min dollar ödəyənlərə verilməsi nəzərdə tutulub.

Public Integrity mərkəzi yazır ki, əslində inaqurasiya komitəsinin özü də qeyri-mənfəət qurumudur və qanunlara görə inaqurasiyadan dərhal sonra donorların adlarını açlıqlamalıdır.

Public Integrity sonda belə bir sual verir ki, “görəsən həmin Lüks İnaqurasiya Otellərinin arasında Ağ Evdən beşcə məhəllə aralıda olan Trump International Hotel mehmanxanası da varmı?”

XS
SM
MD
LG