Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 20:20

Trump gözlənilmədən Əfqanıstana gəlib, əsgərlərlə şam edib


Donald Trump Baqram hərbi hava bazasında çıxış edərkən

Taliban təmsilçiləri “Reuters” agentliyinə deyib ki, silahlı qruplaşma ötən həftəsonundan Dohada ABŞ rəsmiləri ilə görüşürlər və tezliklə sülh danışıqları rəsmən bərpa oluna bilər.

“Bizim mövqeyimiz dəyişməyib. Sülh danışıqları başlarsa, dayandığı yerdən başlayacaq”, – Talibanın sözçüsü Zabihullah Mujahid noyabrın 28-də “Reuters”ə deyib.

Əfqanıstan Prezidenti Ashraf Ghani isə Twitter-də yazıb ki, “ikitərəfli görüş zamanı döyüş zonasında birgə hərbi əməliyyatlarda əldə etdiyimiz mühüm proqresi, Əfqanıstanın şərqində İslam Dövləti qruplaşmasının məhvini müzakirə etdik. Prezident Trump əfqan təhlükəsizlik qüvvələrinin bu savaşda yorulmaz cəhdlərini dəyərləndirdi”.

“Hər iki tərəf vurğuladı ki, Taliban sülh sazişi əldə etmək öhdəliyində səmimidirsə, atəşkəsi qəbul etməlidirlər. Onu da vurğuladıq ki, istənilən sülhün davamlı olmasından ötrü Əfqanıstandan kənardakı terrorçu sığınacaqları dağıdılmalıdır”, – Ghani yazıb.

***

Prezident Donald Trump deyib ki, Birləşmiş Ştatlar Talibanla danışıqları bərpa edir.

Trump bu bəyanatı Şükran günü münasibətilə Əfqanıstandakı ABŞ qoşunlarına baş çəkərkən verib.

Onun prezident olandan bəri Əfqanıstana ilk səfəri əvvəlcədən elan edilməmişdi.

Trump noyabrın 28-də paytaxt Kabul yaxınlığındakı Baqram hərbi aeroportunda deyib:

"Taliban razılaşma istəyir və biz də onlarla görüşürük. Biz deyirik ki, bu, atəşkəs razılaşması olmalıdır. Onlar atəşkəs razılaşması istəmirdilər, amma indi atəşkəs razılaşması istəyirlər. Bəlkə də nəsə hasilə gələ bilər”.

Trump-ın bu səfərindən bir həftə əvvəl Taliban saxladığı iki qərbli girovu üç yüksək rütbəli Taliban məhbusuna dəyişmiş və sülh danışıqlarının bərpasına ümid yaranmışdı.

Trump ötən sentyabrda Birləşmiş Ştatlarla Taliban arasında az qala bir il davam edən danışıqların dayandırılmasına göstəriş vermişdi.

Baqram hərbi hava bazasında danışarkən Trump deyib ki, Əfqanıstandakı ABŞ qoşunlarının sayı əhəmiyyətli dərəcədə azaldılır.

Bununla belə o qeyd edib ki, ABŞ qoşunları burada razılaşma əldə edilənə və ya tam qələbəyədək qalacaq.

Hazırda Əfqanıstanda ABŞ və onun NATO üzrə Avropa müttəfiqlərinin 13 min hərbçisi var.

Əfqanıstan prezidenti Ashraf Ghani-nin administrasiyası ötən ay ABŞ-Taliban danışıqları üçün platforma ola biləcək 7 bəndlik təklif irəli sürmüşdü.

Lakin bir çox müşahidəçilər Talibanla bir aylıq atəşkəs barədə razılaşmanı da nəzərdə tutan bu planın həyata keçərliyini şübhə altına almışdılar.

Üstəlik Taliban Əfqanıstan hökuməti ilə hələ də birbaşa danışıqlardan imtina edir və Kabul hökumətini ABŞ-ın oyuncaq rejimi sayır.

Əfqanıstanın Baqram aeroportunda Trump-ı Birləşmiş Qərargahlar Komitəsinin komandanı, ordu generalı Mark Milley qarşılayıb.

Trump Əfqanıstan prezidenti Ghani ilə görüşüb. Bu səfərdə onu ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brien müşayiət edir.

ABŞ prezidenti Əfqanıstandakı Amerika əsgərləri ilə Şükran şamı edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG