Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Foreign Policy: ABŞ Suriyada Türkiyəyə niyə güvənə bilməz?


Bu foto Suriyanın Türkiyə ilə həmsərhəd Aziz şəhərində oktyabr ayında çəkilib
Bu foto Suriyanın Türkiyə ilə həmsərhəd Aziz şəhərində oktyabr ayında çəkilib

Foreign Policy saytının yazdığına görə Donald Trump-ın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarı o məntiqdən xəbər verir ki, Vaşinqton özünü İslam Dövləti adlandıran ekstremist təşkilatla mübarizədə bundan sonra tam olaraq Türkiyəyə güvənəcək.

Lakin məqalənin müəllifləri Colin P. Clarke və Ahmet S. Yayla bu qənaətdədirlər ki, ABŞ qoşunlarının Suriyadan çıxması mübarizənin həlledici mərhələsində İŞİD-in dirçəlişi üçün yeni imkanlar açacaq.

Trump iddia edir ki, qoşunları Suriyadan çıxartmaq onun çoxdankı planı olub. Buna baxmayaraq prezidentin qəfil qərarı ABŞ rəsmilərini və hətta Konqresi təəccübləndirib. Çünki ötən sentyabrda milli təhlükəsizlik müşaviri John Bolton demişdi ki, ABŞ qoşunları Suriyada iranlılar bu ölkədən çıxanadək qalacaq.

FP diqqəti belə bir məqama çəkir ki, Trump qoşunların Suriyadan çıxarılması qərarını Türkiyə prezidenti Recep Tayyip Erdoğanla telefon söhbətinin ardınca qəbul edib. Trump bu söhbətdən az sonra yazdığı tvitdə qeyd edib ki, “indi İŞİD əsas etibarilə məğlub edilib və onun qalıqları Türkiyə də daxil yerli ölkələr tərəfindən asanlıqla ləğv oluna bilər”.

ABŞ prezidenti əlavə edib ki, Türkiyə lideri ona “Suriyada İŞİD-in qalıqlarını təmizləyəcəyi barədə güclü şəkildə məlumat verib”.

FP yazır ki, Ankara adətən İŞİD-in üstünə birbaşa getməkdən çəkinərək diqqətini və resurslarını kürdlərlə və Erdoğana müxalif olanlarla mübarizəyə yönəldir. Erdoğanın əsas məqsədi Suriya kürdlərinin nəzarətlərində olan ərazilərdə möhkəmlənməsi və Türkiyə sərhədi boyunca dəhliz yaratmasının qarşısını almaqdır. İŞİD-in Suriyadakı varlığına son qoymaq ya ikinci dərəcəli məsələdir, ya da tamamilə arxa plana keçir.

Məqalədə deyilir ki, İŞİD-in Türkiyədə oturuşmuş infrastrukturunun olması ABŞ qoşunlarının gedişindən sonra qruplaşmaya yeni nəfəs verəcək.

Bu da qeyd olunur ki, Türkiyə əks-kəşfiyyatının əsas diqqətinin PKK ilə mübarizəyə yönəlməsi də İŞİD-in əl-qol açmasına imkan yaradır. Məqalədə vurğulanır ki, Türkiyə özünün müasir kommunikasiyaları, nəqliyyatı və qlobal iqtisadiyyatla bağlarına görə terrorçu qrupların ideal şəkildə fürsətlənə biləcəyi ölkədir.

Erdoğan daim bəyan edir ki, ABŞ-ın Suriyada İŞİD-ə qarşı mübarizədə özünə ən güclü müttəfiq saydığı kürd YPG birlikləri PKK-nın qollarından biridir.

FP yazır ki, İŞİD-lə mübarizədə tam şəkildə Erdoğana güvənmək problemlər yaradır.

Bu da qeyd olunur ki, hətta ABŞ qoşunlarının orada olduğu vaxtda da Suriyanın Fərat çayı boyunca şəhər və kəndlərində İŞİD-in müqavimət sığnaqları qalır. Elə isə Trump-ın bu müqavimət nöqtələrini Erdoğanın ləğv edəcəyinə olan inamı əsaslı görünmür.

FP yazır ki, 2016-cı ilin iyul çevrilişi cəhdindən sonra yüzlərlə təhlükəsizlik əməkdaşı həbs olunub, ya da vəzifələrindən uzaqlaşdırılıb. Onların yerini tutanlar iş qabiliyyəti baxımından o qədər də təcrübəli deyillər.

Məqalə müəlliflərinin fikirncə, Türkiyə Yaxın Şərqdə “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edir. Bu baxımdan Ankara Türkiyənin öz ərazisindəki İŞİD elementlərinə qarşı tutduğu sərt mövqeyə baxmayaraq, bu təşkilatın Suriyada kürdlərə qarşı mübarizə aparması ona sərf edir.

FP yazır ki, Pakistanda da eynilə bu modellə təhlükəsizlik və kəşfiyyat orqanları daha çox Talibana güvənirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG