ABŞ prezidenti Donald Trump türkiyəli həmkarı Recep Tayyip Erdoğanı Ağ Evdə qəbul edərkən iki ölkə arasındakı münasibətləri tərifləyib.
Noyabrın 13-də Trump-ın Erdoğanı hərarətli bir tərzdə qəbul etməsinə baxmayaraq iki NATO müttəfiqi arasında münasibətlər son onilliklərdə ən aşağı səviyyəyə enib.
Trump görüş zamanı Erdoğana deyib:
“Biz uzun müddətdir ki, dost olmuşuq. 1-ci gündən. Biz bir-birimizin ölkələrini başa düşürük”.
ABŞ prezidenti deyib ki, danışıqların gündəliyinə iki ölkənin münasibətlərini gərginləşdirən iki məsələ də daxildir.
O bildirib ki, bunlardan biri Türkiyənin Suriyanın şimalında ABŞ qoşunlarının boşaltdığı və kürd qüvvələrinin nəzarətində olan əraziyə hərbi müdaxiləsi, digəri isə Ankaranın Moskvadan S-400 raketdən müdafiə sistemlərini almasıdır.
Trump Erdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib ki, “Türkiyə NATO-nun böyük müttəfiqlərindən və Birləşmiş Ştatların strateji partnyorlarından biridir”.
Erdoğan deyib ki, S-400-lərlə bağlı mübahisənin çözülməsi üçün dialoqa ehtiyac var və Türkiyə “arzu olunan şərtlərlə” ABŞ-ın Patriot raketlərinin almağa hazırdır.
"Biz, xüsusən də S-400 sistemi və F-35 barəsində üzləşdiyimiz sınaqlara yalnız dialoq vasitəsilə üstün gələ bilərik”.
Erdoğan bunu da bildirib ki, ötən ay ABŞ Nümayəndələr Palatasının Osmanlı imperiyasında ermənilərin öldürülməsini “soyqırım” kimi tanıması iki ölkə arasındakı münasibətlərə kölgə salır.
Türkiyə lideri “terror rəğbətlilərini” “dezinformasiya” vasitəsilə iki müttəfiqin arasını vurmaqda ittiham edib.
Vaşinqtona yola düşməzdən əvvəl Türkiyə lideri demişdi ki, “bu səfərin Türkiyə-Amerika münasibətlərinin ağrılı prosesdən keçdiyi bir vaxta tədasadüf etdiyini” başa düşür.
İki ölkə arasında münasibətlər ötən ay Türkiyə Suriyanın şimalına hərbi müdaxilə edəndən sonra daha da gərginləşib.
Ankara bildirirdi ki, onun bu hücumdan əsas məqsədi kürd qüvvələrinin Suriyanın şimalındakı həmsərhəd bölgələrdən çıxarılmasıdır.
SDQ adlanan bu qüvvələr ABŞ-ın Suriyadakı İslam Dövləti ekstremist qrupuna qarşı mübarizəsində onun əsas müttəfiqidir.
Bundan başqa ötən iyul ayında Türkiyə NATO-nun bütün xəbərdarlıqlarına baxmayaraq Rusiyadan S-400 raketdən müdafiə sistemlərinin ilk iki batareyassını alıb.
Vaşinqton bu raketlərin NATO sisteminə uyğun olmadığını bildirib.