ABŞ prezidenti Donald Trump iyulun 23-də ABŞ Konqresi Nümayəndələr Palatası-nın Büdcə Komitəsi, Nyu-York ştatının baş prokurorluğu və Nyu-York vergi xidmətinin rəhbərinə qarşı məhkəmə iddiası qaldırıb.
Prezident məhkəmədən, Nyu-York ştatının onun vergiləri barədə informasiya verməsinə qadağa qoyulmasını istəyib.
Bu barədə CNBC televiziyası məlumat verir.
Qeyd edək ki, Donald Trump prezident seçilənədək Nyu-Yorkda yaşayıb.
Büdcə komitəsi bir neçə həftə bundan əvvəl Maliyyə nazirliyi və Vergi xidmətinə qarşı məhkəmə iddiası qaldıraraq, Trump-ın federal vergiləri barədə Konqresə məlumat verilməsini tələb edib.
Ptezident isə indi konqresmenlərin bu məhkəmə iddiasından şikayət verib.
Trump hələ seçkiqabağı kompaniyalar zamanı vergiləri barədə məlumat verməkdən dəfələrlə imtina edib.
O, vergiləri barədə indiyədək məlumat verməyib və hazırda prezident kürsüsündədir.
Qaydaya əsasən isə ABŞ-da prezidentliyə bütün namizədlər son illərin vergi bəyannamələri barədə məlumat verməlidirlər.
Nyu-York ştatının senatı bu ilin mayında prezidentin vergi bəyannamələri barədə Konqresə məlumat verilməsinə imkan açan qanun qəbul edib.