Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Trump və Cruz arasında “namus-qeyrət söhbəti”


Donald və Melania Trump
Donald və Melania Trump

ABŞ prezidentliyinə respublikaçı namizədlər arasında rəqabət kulminasiya nöqtəsinə yaxınlaşdıqca “ədəb-ərkan” sərhədləri daha tez-tez aşılır.

Mətbuat yazır ki, ABŞ prezidentliyinə respublikaçı namizədlər arasında rəqabət kulminasiya nöqtəsinə yaxınlaşdıqca “ədəb-ərkan” sərhədləri daha tez-tez aşılır.

“The Guardian” qəzetinin müxbiri Jessica Valenti yazır ki, 2016-cı ilin respublikaçı namizədlik kampaniyası tarixə məhz bu anları ilə həkk oluna bilər.

Məsələn, bundan əvvəl Marco Rubio Trump-a eyham vuraraq “balaca əllərin kişilərdə zəif cinsiyyətdən xəbər verdiyini” söyləmiş, milyarder namizəd isə rəqibini alçaldıcı şəkildə “bu balaca Marco” adlandırmışdı.

Məqalədə deyilir ki, namizədlər bundan əvvəl də rəqiblərinin “kişilik heysiyyətinə” toxunmağa çalışırdılar, lakin indi bu çəkişmə keyfiyyətcə yeni mərhələyə qalxıb.

“Mağara kişiləri”

Jessica Valenti yazır ki, Donald Trump və Ted Cruz bu çəkişməni “mağara kişilərinin” səviyyəsinə endiriblər. İndi onlar bir-birlərinin xanımlarına “söz atmağa” başlayıblar.

Ted və Heidi Cruz
Ted və Heidi Cruz

Xəbər verilir ki, son qarşıdurma Yuta ştatındakı anti-Trump Facebook səhifəsində tikinti maqnatının xanımı Melania Trump-ın az qala tamamailə çılpaq reklamının yayılması ilə başlanıb.

Bunun ardınca Donald Trump bu hərəkətə görə rəqibi Ted Cruz-u ittiham edib.

“Ehtiyatlı ol, Ted, mən də sənin arvadın haqqında açaram sandığı…” mətnli tvit post edib.

Ted Cruz tvitə tvitlə cavab verib: “Əgər sən Heidi-yə bir söz desən, biləcəyəm ki, deyildiyindən də qorxaqsanmış”.

Belə 1-ci ledi istəmirsinizsə Cruz-a səs verin

“The Telegraph” qəzeti yazır ki, 45 yaşlı Melania Trump beş dildə danışır, Sloveniyanın Lyublyana Universitetində memarlıq və dizayn üzrə təhsil alıb, özünün zinət əşyaları və kosmetika brendi və “əlbəttə ki beyni” olan uğurlu biznes qadınıdır.

Kişilərin cəng meydanı olan Amerika siyasətində kimisə “arvadxasiyyətlik”də ittiham etmək ən ağır silahlardan sayılır

Trump-a qarşı istifadə edilən ziddiyyətli təbliğatda Melania Trump-ın 15 il bundan əvvəl GQ jurnalı üçün çəkdirdiyi reklam fotosundan istifadə edilib.

Trump əleyhdarları bu fotonun altına şərh də yerləşdiriblər: “Tanış olun. Melania Trump. Sizin növbəti birinci lediniz. Ya da çərşənbə axşamı Ted Cruz-a səs verin!”

“The Guardian” tanınmış psixoloq, professor Stephen J Ducat-a istinadən yazır ki, əsasən kişilərin cəng meydanı olan Amerika siyasətində kimisə “arvadxasiyyətlik”də ittiham etmək ən ağır silahlardan sayılır.

Əgər sizin arvadınızı…

“The Guardian” yazır ki, bir dəfə Teddy Roosevelt prezident Woodrow Wilson-u “bəyaz əlləri olan Nancy xanım” adlandırmaqla alçaltmış, daha sonralar The Wall Street Journal qəzeti “Bizim artıq qadın prezidentimiz var: Jimmy Carter” başlıqlı məqalə çap etmişdi.

Məqalədə deyilir ki, qadın məsələsindən silah kimi istifadə edilməsi Amerikanın siyasi həyatında yenilik deyil.

Adətən sevdikləri qızı itirməkdə olduqlarını başa düşən oğlanlar özlərini belə aparırlar

Məsələn, 1988-ci ildə CNN telekanalından Bernard Shaw prezidentliyə namizəd Mike Dukakis-ə belə bir sual vermişdi: Əgər sizin arvadınızı zorlayıb qətlə yetirsələr, ölüm cəzasını dəstəkləyərdinizmi?

“The Guardian” yazır ki, Dukakis bu təxribatçı suala əsəbiliklə yox, sakitcə, siyasi bir məsələdən danışırmış kimi cavab vermişdi.

“Onun namizədliyi artıq suda ölü balıq kimi idi. Öz arvadını müdafiə edə bilməyən şəxs ölkəni necə müdafiə edəcəkdi?” – yazır qəzet.

Məqalədə deyilir ki, buna baxmayaraq, Donald Trump-ın kampaniyası “kişilik” məsələsini ifrat şəkildə gündəmə gətirib və Pulitzer mükafatı almış qəzetçi Connie Schultz-la razılaşmamaq olmur: “adətən sevdikləri qızı itirməkdə olduqlarını başa düşən oğlanlar özlərini belə aparırlar”.

Amerikalıların hansı namizədin daha gözəl arvadı olmasından və onların əllərinin ölçüsündən daha ciddi dərdləri var, - yazır qəzet.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG