Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:04

Trump-ın keçmiş vəkili Rusiyanın seçki müdaxiləsi barədə danışmaq istəyir


Keçmiş vəkil Michael Cohen (solda), prezident Donald Trump və Paul Manafort

ABŞ prezidenti Donald Trump-ın keçmiş şəxsi vəkilinin müəyyən məsələlər barədə xüsusi prokuroru maraqlandıra biləcək informasiyaya malik olduğu xəbər verilir. Xüsusi prokuror Robert Mueller Rusiya ilə Trump-ın seçki kampaniyası arasında mümkün sövdələşmə məsələsini araşdırır. Bu barədə məlumatı Michael Cohen-in vəkili verib.

Michael Cohen-in vəkili avqustun 22-də deyib ki, onun müştərisi təkcə xüsusi prokuror Mueller-ə yox, həm də Rusiyanın seçkiyə müdaxiləsini araşdıran Konqres komitələrinə informasiya vermək istədiyini bildirib.

Bundan bir gün əvvəl cənab Cohen Trump-ın göstərişi ilə qadınlara susmaq haqqı ödədiyini etiraf etmişdi. Bu qadınlar Trump-la intim münasibətdə olduqlarını bildirirdilər və Cohen-dən aldıqları pulun müqabilində 2016-cı ilin seçki kampaniyası ərzində susmalı idilər.

Media xəbərlərinə görə Cohen Mueller-ə Trump-ın 2016-cı ilin iyununda Trump Tower otelində böyük oğlu ilə rusiyalı vəkilin görüşü barədə əvvəlcədən xəbərdar olduğu barədə məlumat vermək istəyir. Bu görüşdə rusiyalı vəkil Trump-ın seçki rəqibi Hillary Clinton barədə ziyanlı informasiya təqdim etməliydi.

Cohen-in bu görüş barədə məlumata malik olması artıq Senatın Kəşfiyyat Komitəsinin marağına səbəb olub. Bu komitə Trump-ın kampaniyası ilə Rusiya arasında mümkün sövdələşməni araşdırır.

Cohen-in vəkili Lanny Davis, bir neçə televiziya müsahibələrində deyib ki, Cohen Mueller-ə Rusiyanın Demokratik Partiyanın email-lərinə haker müdaxiləsi barədə Trump-ın məlumata malik olması və hətta belə bir müdaxiləni təqdir etməsi barədə informasiya verə bilər.

Ağ Evin sözçüsü Sarah Sanders Cohen-in Mueller-ə verə biləcəyi məlumatdan Trump-ın narahat olub-olmadığı barədə suala cavab verərkən deyib: “Düşünürəm ki, prezident qətiyyən narahat deyil. O bilir ki, qanunsuz heç nə etməyib və sövdələşmə olmayıb”.

Keçmiş vəkilinin məhkəmə ifadəsi Trump-ı qəzəbləndirib

ABŞ prezidenti Donald Trump uzun müddət onun şəxsi vəkili olmuş Michael Cohen-i kəskin tənqid edib. Bundan bir gün əvvəl Cohen seçki maliyyəsi pozuntularına yol verdiyini etiraf etmiş və beləliklə Trump-ı da bu işə qarışdırmış olmuşdu.

Müşahidəçilər bu hadisəni Trump prezidentliyinin ən pis hüquqi böhranı hesab edirlər. Vəziyyəti onun keçmiş kampaniya rəhbəri Paul Manafort-un da jüri tərəfindən bir sıra ittihamlar üzrə təqsirli bilinməsi mürəkkəbləşdirib.

Avqustun 22-də yazdığı bir neçə Twitter postunda Trump bildirib ki, Cohen pis vəkil olub və o ABŞ prokurorlarının təzyiqlərinə tab gətirə bilməyib, elə buna görə də “sövdələşmə” əldə etmək məqsədilə “özündən əhvalatlar uydurub”.

Trump bunu da yazıb ki, Cohen-in avqustun 21-də özünü təqsirli bildiyi maliyyə pozuntuları əslində cinayət deyil. Lakin bir çox hüquqşünaslar prezidentin bu mülahizəsini qəbul etməyə də bilərlər.

Bu arada Cohen-in vəkili Lanny Davis CBS News kanalına deyib ki, Cohen-in etirafı və Manhattan məhkəməsində verdiyi ifadələr onun “qanunsuz ödənişlər etməyə” Trump tərəfindən sövq edilməsinin aşkar göstəricisidir:

"Bu tamamilə qəti və mübahisəsizdir ki, Donald Trump-ın vəkilləri xüsusi prokuror Robert Mueller-ə yazdıqları məktubda “prezidentin göstəriş verdiyini” qeyd edirlər. Bu isə Michael Cohen-in and altında dünən məhkəmədə verdiyi ifadədə işlətdiyi eyni ifadədir”.

Davis deyib ki, Trump “cinayət törədib və ona qarşı ittiham irəli sürülməlidir”:

“Əgər o prezident olmasaydı, aydın şəkildə ittihamla üzləşməli və cinayətinə görə həbsxanaya salınmalı idi. Lakin onun bir prezident kimi ittiham oluna biləcəyi məsələsi barədə qərarı Ali Məhkəmə çıxarmalıdır”.

***

ABŞ federal jürisi prezident Donald Trump-ın keçmiş kampaniya başçısı Paul Manafort-u vergidən yayınma və bank fırıldağı işində 18 ittihamdan səkkizi üzrə təqsirli bilib.

Bu hökm avqustun 21-də Virciniya ştatının Aleksandriya şəhərində çıxarılıb. Eyni gündə Trump-ın uzun müddət şəxsi vəkili olmuş şəxs özünü kampaniya maliyyəsi pozuntularında və başqa cinayət əməllərində təqsirli bildiyini bəyan edib.

Bu iki iş Trump-ın üzləşdiyi hüquqi problemlərin getdikcə artdığını nümayiş etdirir.

Hər iki iş üzrə təhqiqatı Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmiləri arasında mümkün sövdələşməni araşdıran xüsusi prokuror Robert Mueller aparır.

Bu iki işin heç biri birbaşa Rusiya ilə bağlı olmasa da, məhkəmənin diqqəti Manafort-un Ukraynada keçmiş prezident Viktor Yanukovychvə millət vəkillərinə sərfəli siyasi məşvərətçilik xidmətindən əldə etdiyi gəlirlərə yönəlib.

Virciniyada prokurorlar iddia edirlər ki, dəbdəbəli həyat tərzi olan Manafortmilyonlarla dollarlıq gəlirlərini vergidən gizlədib. Jüri Manafort-un gəlirlərinin bir hissəsini gizlətdiyinə və bank kreditləri almaq üçün dəfələrlə yalan danışmasına dair ittihamlarla razılaşıb.

Yenicə yayılan xəbərlərə görə hakim hökmü oxuyarkən Manafort və arvadı Kathleen tutqun görünürdülər.

Buna baxmayaraq jüri 10 başqa ittiham üzrə ümumi rəyə gələ bilməyib. Prokurorlar bu səbəbdən deyirlər ki, gələn həftə bu ittihamlar üzrə təkrar mühakiməyə ehtiyac olub-olmadığına dair məşvərət edəcəklər.

Məhkəmənin binası qarşısında müxbirlərə danışan vəkil Kevin Downing deyib ki, Manafort hökmdən məyus olub, lakin “ədalətli mühakiməyə” görə hakimə təşəkkürünü bildirib.

Trump televiziya ilə yayınlanan şərhlərində deyib ki, bu məhkəmə işi şəxsən onu heç bir cinayət əməli ilə bağlamır, lakin o Manafort-un “halına acıyır”.

Qərbi Virciniyaya kampaniya mitinqində iştirak üçün gəlmiş Trump deyib ki, “bu işin mənimlə heç bir əlaqəsi yoxdur”.

“Bu işin Rusiya ilə sövdələşmə ilə də heç bir əlaqəsi yoxdur”, lakin onun fikrincə Mueller-in “əcinnə ovu” davam edəcək.

Prokurorların Manafort-un təkrar mühakiməsi barədə gəldikləri nəticədən asılı olmayaraq onu gələn ay Vaşinqtonda ikinci federal məhkəmə gözləyir. Bu məhkəmə prosesində Manafort-un Birləşmiş Ştatlara qarşı fırıldağa əl atıb-atmadığını və şahidlərə təsir göstərməyə çalışıb-çalışmadığını araşdıracaq və Rusiyanın seçki müdaxiləsinə dair daha ziyanlı etirafların səslənməsinə səbəb ola bilər.

Manafort-un məhkəməsi son dərəcə əhəmiyyətli olsa da, bir çox hüquq müşahidəçiləri Michael Cohen-in məhkəməsini daha maraqla izləyiblər. Onların fikrincə bu məhkəmə Trump üçün birbaşa problemlər yarada bilər.

Cohen-in işi deyilənlərə görə Mueller-in səyləri nəticəsində hasilə gəlib, lakin bu iş ABŞ prokurorunun Manhattandakı ofisinə transfer edilib. Bu ölkənin ən mötəbər prokurorluqlarından biridir.

Cohen bir çox illər ərzində Trump-ın xüsusi vəkili və “işdüzəldəni” olub. O Trump-a biznes sövdələşmələrinin əldə olunmasında kömək edirdi.

Ötən aprel ayında federal xəfiyyələr Cohen-in evinə və ofisinə reyd keçiriblər. Bu reyd zamanı aparılan axtarışda milyonlarla səhifə sənədlər və bank hesabatları aşkar olunub. Hakimiyyət orqanları bildiriblər ki, bu təhqiqat daha çox ABŞ qanunlarının pozulması ittihamı ilə bağlıdır.

Manhattanın federal məhkəməsində Cohen vergidən yayınma da daxil bütünlükdə 8 ittiham üzrə özünü təqsirli bilib. O etiraf edib ki, 2016-cı ilin seçki kampaniyası zamanı “susmaları” üçün iki qadına pul ödəyib. Bu qadınlar Trump-la intim əlaqədə olduqlarını iddia edirlər.

Xəbərlərdə deyilir ki, Cohen ifadəsində iki qadının, hətta Trump-ın adını çəkməyib, lakin “namizəd üçün işlədiyini” etiraf edib.

Bununla belə Cohen Manhattan federal hakiminə deyib ki, sözü gedən ödənişlərin “əsas məqsədi 2016-cı il seçkisini təsirləndirmək” olub.

Bu məlumat iki qadının Stephanie Clifford və Karen McDougal, müştərinin isə Trump-ın özü olmasına dair mətbuat xəbərlərinə tam uyğun gəlir.

Susmaq pulunun ödənməsi barədə etiraf son dərəcə mühümdür, çünki bu ödənişlər seçki kampaniyası dövründə edilib və kampaniyaya maliyyə töhfəsi kimi qiymətləndirilə bilər. ABŞ seçki qanunu hər hansı siyasi namizədə maliyyə töhfəsinin və ya ianəsinin ictimailəşdirilməsini tələb edir. Bunu isə belə görünür ki, nə Trump, nə də onun kampaniyası etməyiblər. Belə bir hərəkət qanuna görə ağır cinayət əməli hesab edilir.

Trump bu intim münasibətlərdə olduğunu dəfələrlə danıb.

Trump habelə dəfələrlə Mueller-in təhqiqatına qarşı tənqidlər səsləndirib və bu təhqiqatı “əcinnə ovu” adlandırıb, araşdırmanın hüquqi bazasını sual altına alıb və Mueller-in komandasını qərəzkarlıqda ittiham edib.

Beləlıiklə Cohen Trump-ın komandasından təqsirini etiraf edən və ya təqsirli bilinən beşinci fiqur olub.

Bunların arasındaTrump-ın birinci milli təhlükəsizlik müşaviri Michael Flynn və Manafort-un müavini Rick Gates də var.

***

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafortun məhkəməsində jüri məşvərətin üçüncü gününü yekunlaşdırıb, ancaq hökm çıxarılmayıb.

Hakim jürinin avqustun 21-də yenidən yığışacağını bildirib.

Manafort bank və vergi fırıldağında ittiham olunur.

Bu məhkəmə xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqı çərçivəsində ilk prosesdir. Mueller Rusiyanın Trump-ın seçki kampaniyası ilə mümkün əlbirliyini araşdırır.

69 yaşlı Manafort 18 maddə üzrə ittiham olunur. Onun Ukraynanın keçmiş rusiyapərəst prezidenti Victor Yanukovych və partiyası üçün 2010-2014-cü illərdə gördüyü siyasi konsultasiya işinə görə gəlirini vergidən yayındırdığı bildirilir. Söhbət 60 milyon dollardan gedir.

İttihamlar sübuta yetirilsə, Manafort ömrünün qalan hissəsini həbsdə keçirməli olacaq.

Trump isə onu “çox yaxşı adam” adalndırıb, Mueller-in açdığı cinayət işinin “kədər” doğurduğunu bildirib.

Trump avqustun 20-də Twitter-də yazıb ki, Mueller “adamların həyatını korlamaqdan zövq alır”, noyabrda keçiriləcək konqres seçkilərinə təsir göstərməyə çalışır. Trump-ın Respublikaçı partiyası seçkidə Konqresin hər iki palatasına nəzarəti saxlamağa ümid edir.

XS
SM
MD
LG