Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:54

Trump BMT-ni İran və Şimali Koreyaya qarşı daha sərt mövqeyə çağırır


ABŞ prezidenti Donald Trump BMT Baş Assambleyasının üzvlərini Şimali Koreya və İranın yaratdığı təhlükələrə münasibətdə daha sərt mövqe tutmağa çağırıb. Trump deyib ki, BMT Pxenyanı özünün “düşmən davranışını” dayandırmağa inandıra bilməsə, Birləşmiş Ştatlar Şimali Koreyanı “tamamilə məhv etməyə məcbur ola” bilər.

ABŞ prezidenti buna da işarə edib ki, Vaşinqton İran və dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxa bilər.

Donald Trump “raket adamı” adlandırdığı Şimali Koreya lideri Kim Jung Un-un “intihar missiyasında” olduğunu söyləyib.

Trump bildirib ki, Birləşmiş Ştatlar böyük qüvvə və səbrə malikdir, lakin o özünü və müttəfiqlərini müdafiə etməyə məcbur olsa, Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq”.

O daha sonra deyib: “Amma ümid edirik ki, buna əl atmaq zəruri olmayacaq. Birləmiş Millətlər Təşkilatı belə işlər üçündür. Baxaq görək o bunu necə edəcək”.

Trump BMT Təhlükəsizlik Şurasına Şimali Koreyaya qarşı, onun son nüvə silahı sınaqları ilə əlaqədar qoyulmuş sərt sanksiyalara görə minnətdarlığını bildirib, lakin əlavə edib ki, bu istiqamətdə daha çox iş görülməlidir.

Donald Trump deyib: “Əgər düzgün yolda olan çoxluq, düzgün yolda olmayan azlığa qarşı çıxmasa, onda şər təntənə edəcək. Namuslu xalqlar və ölkələr tarixin kənar müşahidəçilərinə çevriləndə dağıdıcı qüvvələr qüdrət və güc toplamağa qadir olurlar”.

Bu arada Nyu Yorkda görüşən Rusiya və Çin xarici işlər nazirləri Sergey Lavrov və Vanq Yi Koreya yarımadası ətrafında yaranmış böhrana sülh yolu ilə son qoymağa çağırıblar.

Moskva və Pekin Şimali Koreyanı raket və nüvə silahı sınaqlarına son qoymağa çağırırlar, bir şərtlə ki, Birləşmiş Ştatlar və Cənubi Koreya bu regionda birgə manevrlərinə son qoysunlar.

Trump İranı Yaxın Şərq boyunca sülhü sarsıdan “məsuliyyətsiz qatil rejim” adlandırıb.

İranla bağlanmış nüvə sazişinə gəlincə isə, Trump BMT-dəki çıxışında deyib ki, “biz son nəhayətdə nüvə proqramının qurulmasını pərdələyən sazişə əməl edə bilmərik”.

Trump dünya gücləri ilə İran arasında 2015-ci ildə imzalanmış nüvə sazişini yenə də “ən pis razılaşma” adlandırıb.

Trump-ın tənqidlərinə cavab verən İran prezidenti Həsən Ruhani müxbirlərə deyib ki, ABŞ bu sazişdən çıxsa dünyanın etibarını itirəcək.

Fransa prezidenti Emmanuel Macron deyib ki, nüvə sazişinin tənqid edilməsi böyük səhvdir və ona ehtiramsızlıq etmək məsuliyyətsizlik demək olardı. Fransa lideri 2015-ci ilin nüvə sazişini “yaxşı razılaşma” adlandırıb.

Əvəzində İsrailin baş naziri Benjamin Netanyahu Trump-ın İran haqqında bəyənatlarını dəstəkləyib və deyib ki, o “son 30 ildə Birləşmiş Millətlər Təşkilatında bundan daha cəsur, daha mərd nitq eşitməyib”.

ABŞ və BMT-nin nüvə gözətçiləri Tehranın nüvə sazişi üzrə öhdəliklərinə hələki riayət etdiyi qənaətinə gəliblər.

Lakin Trump administrasiyası Tehranı sazişin “ruhunu” pozmaqda ittiham edir.

Trump Rusiya və Çini də tənqid edərək deyib ki, “biz Ukraynadan Şərqi Çin dənizinədək suverenliklərə hədəni rədd etməliyik”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG