ABŞ prezidenti Donald Trump BMT Baş Assambleyasının tribunasından etdiyi çıxışda özünün İran siyasətini müdafiə edib və bütün ölkələri Tehrana qarşı tədbir görməyə, “İranın qana hərisliyini qidalandırmamağa” çağırıb.
Sentyabrın 24-də səsləndirdiyi nitqdə ABŞ prezidenti deyib ki, "bugün sülhsevər ölkələrin üzləşdiyi ən böyük təhlükələrdən biri də İrandakı repressiv rejimdir”.
İslam inqilabından bəri davam edən “dörd onillik iflası” pisləyən Trump, İran liderlərini “nəhayət İran xalqının maraqlarını üstün tutmağa” çağırıb.
O xəbərdarlıq edib ki, İran davranışlarını dəyişməsə, ABŞ sanksiyaları yüngülləşdirilməyəcək:
"Bütün ölkələrin hərəkət borcu var. Heç bir məsuliyyətli hökumət İranın qana hərisliyini qidalandırmamalıdır. İranın ziyanlı davranışı davam etdikcə, sanksiyalar qaldırılmayacaq, əksinə sərtləşdiriləcək”.
ABŞ prezidenti İran liderlərini “Suriya və Yəməndəki faciəli müharibələri qızışdırmaqda” ittiham edib və bu yaxınlarda Səudiyyənin neft qurğularına hücuma görə İranı günahlandırıb.
Bundan başqa Trump öz çıxışında dövlətlərin suverenliyini müdafiə edib və “qlobalizmi” pisləyib:
"Gələcək qlobalistlərə məxsus deyil, vətənpərvərlərə məxsusdur”.
O əlavə edib ki, öz vətəndaşlarının qayğısına qalan güclü dövlətlər sülhün təməlidir.
Rusiyanın adını çəkməyib
Trump habelə beynəlxalq ticarət sahəsindəki siyasətini, o cümlədən Çinə qarşı yeni rüsumların tətbiqini müdafiə edib, Pekini proteksionizmdə və “sənaye casusluğunda” ittiham edib.
ABŞ prezidenti Venesuela prezidenti Nicolas Maduronu da pisləyib, onu “Kubanın oyuncağı” adlandırıb.
Trump Venesuelada demokratiyanın qələbəsinə inandığını dilə gətirib.
Venesueladan danışarkən Trump həm də sosializm və kommunizm ideologiyalarını pisləyib. O deyib ki, bu ideologiyalara görə 100 milyon insan məhv edilib.
Trump deyib ki, Birləşmiş Ştatlar bütün ölkələrlə sülh və harmoniya içində yaşamaq istəyir.
O qanunsuz miqrasiyanı tənqid edib və milli sərhədlərin möhkəmləndirilməsinə çağırıb.
Trump öz çıxşında Rusiyanın adını çəkməyib.