Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:28

Trump-a dövlət sirrini etibar etmək olarmı


D.Trump və S.Lavrov
D.Trump və S.Lavrov

Bu bazar ertəsi amerikalılar prezident Donald Trump-ın məxfi informasiyanı rusiyalılara ötürməsindən xəbər tutublar. Trump ötən həftə Ağ evdə görüşdə İsrailin əldə etdiyi gizli informasiyanı zarafat şəklində Kremlin təmsilçilərinə ötürübmüş.

Respublikaçılar bundan dərin narahatlıq bildirsələr də, Trump Twitter-də özünü müdafiə edib, belə bir informasiyanı paylaşmağa tam hüququ olduğunu söyləyib.

RESPUBLİKAÇILAR DA İZAHAT GÖZLƏYİRLƏR

«Dəhşətli olan odur ki, o, haqlıdır. Amma bir şeyi anlamır ki, Amerikanın maraqlarını qorumaqdan ötrü prezident seçilib, özünün deyil», – «The New York Times» qəzeti belə yazır.

Konqresdə respublikaçı çoxluğun lideri Mitch McConnell deyir ki, «prezident bizim tamamlamağa çalışdığımız məsələlərə daha çox vaxt ayırsaydı, daha çox faydası dəyərdi».

Nümayəndələr Palatasının spikeri Paul Ryan administrasiyanın tam izahat verəcəyinə ümid etdiyini söyləyib.

«The New York Times» baş məqaləsində sual edir ki, «Trump-a dövlət sirlərini etibar etmək olarmı?».

«Biz indi əsl Trump-ı görürük. Həmin diqqətsizlik, vecsizlik, xudpəsəndlik və səfehlik biznesini, az qala, batıracaqdı – amma kreditorları son anda ona yardım əlini uzatdı. İndi həmin şeyi bizə qarşı da etməklə hədələyirsə, respublikaçılar necə davranacaqlar? Onlar yeni plan hazırlamağa başlaya bilərlər. Qüsur halqası böyüməkdədir», – qəzet yazır.

Mərkəzi Kəşfiyyat İdarəsi
Mərkəzi Kəşfiyyat İdarəsi

BEL BAĞLAMAQ OLMAZ

«The Washington Post» qəzeti isə baş məqaləsində yazır ki, Trump-a həssas informasiya etibar etmək olmaz.

«Prezidentin bu hərəkətinin fəsadları uzunmüddətli olacaq. Trump təkcə kəşfiyyat məlumatları axınını, yerdəki agentləri zərbə altında qoymadı. O həm də dünyaya göstərdi ki, hökumətinə həssas məlumat etibar etmək olmaz. Mərkəzi Kəşfiyyat İdarəsiylə (CIA) gizli informasiyalar bölüşən, Britaniyadan tutmuş İsrailədək bir sıra ölkələr əməkdaşlığa yenidən baxa bilərlər. Rusiya və Çin kimi əməkdaşlıq etməyən ölkələrsə Trump-dan daha çox informasiya qoparmağa çalışacaqlar», – qəzet yazır.

Qeyd edək ki, bu haqda məlumat yayılandan sonra administrasiya rəsmiləri bir-birinin ardınca təkzib veriblər. Ta ki prezident özü sosial şəbəkədə informasiya ötürməsini təsdiqləyənədək…

«The Washington Post» yazır ki, əslində Trump-ın Rusiya rəsmiləriylə görüşü onun xarici məsələlərdən yetərincə məlumatlı olmadığını göstərir. Obama administrasiyası 2013-cü ildə Oval ofisdə Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la görüşdən imtina etdi. Elə Rusiya səfiri Kislyak-ın da administrasiyanın yüksəkrütbəli rəsmiləriylə münasibətləri suallar doğurub.

«Təəssüf ki, prezident kəşfiyyat peşəkarlarına elə də əhəmiyyət vermir, onların materiallarından sui-istifadə edir, beləliklə də əməliyyatlarına təhlükə yaradır… Prezident bu həftənin sonuna ilk xarici səfərinə çıxır. O, Yaxın Şərq və Avropa müttəfiqləriylə görüşlər keçirəcək. Yəni, səhv buraxma potensialı da böyükdür», –qəzet yazır.

XS
SM
MD
LG