Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

Arif Hacılı: 'Korrupsiya Azərbaycanda leqaldır'


Z.Oruc

«Beynəlxalq Şəffaflıq» təşkilatının Korrupsiya Qavrama İndeksinə görə, Azərbaycan Cənubi Qafqazın «çempion»udur, o, mümkün 100 baldan 31 bal toplamaqla 180 ölkə arasında 122-cidir. Ölkə ötən illə müqayisədə bu il bir pillə irəliləyib, ötənilki bal 30 idi.

«Üzləri ağ olsun, ən azı, bizi bir addım irəliyə qoyublar. Görəsən, bu zaman hansı indikatordan istifadə ediblər?», – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc sənəddə deyilənləri ironiya ilə qarşılayır. «Biz son illər ona şahid olmuşuq ki, bütün korrupsiya hesabatlarını hazırlayanlar özləri korrupsiyaya bulaşmış olur», – o əlavə edir.

Deputat: «Az qala, hökumət də «ASAN»laşır»

Deputatın fikrincə, Azərbaycanda korrupsiya ilə mübarizədə atılan addımları görməmək mümkün deyil. Z.Oruc fikrini əsaslandırmaq üçün bəzi məqamları sadalayır. O, ölkədə tenderlərin şəffaf keçirildiyini, idxal-ixrac əməliyyatlarındakı problemlərin aradan qalxdığını, «ASAN Xidmət» modelinin şaxələndiyini, az qala, hökumətdə «ASAN-laşma» getdiyini, «mühüm» nazirliklərin ləğv edilib bəzilərinin yenidən formalaşdığını, böyük cinayət faktları ilə bağlı məhkəmə davalarının açıldığını vurğulayır.

«Keçmişdə Azərbaycan hakimiyyətinin ünvanına səslənən ittihamlardan biri də aşağı və ya orta ranqlı məmurların həbs edilməsi, «tilova kiçik balıqların düşməsi» ilə bağlıydı. Amma gördüyünüz kimi, son zamanlar son illər xeyli «VİP-məhbus»lar da var, daşıdıqları rütbələr də, vəzifələr də kifayət qədər yüksəkdir. Bununla bağlı Baş Prokurorluq yanında fəaliyyət göstərən antikorrupsiya qurumunun yaydığı məlumatlar var. Bütün bunların hesabatlarda yer almamasını, atılan addımların sadəcə «bir addım irəliləmək» üçün əsas götürülməsini doğru saymıram», – deputat bildirir.

A.Hacılı
A.Hacılı

Arif Hacılı: «Korrupsiya Azərbaycanda leqaldır»

«Azərbaycanda korrupsiyanın hansı səviyyədə olduğunu bilmək üçün nəinki mənə, hər hansı sıravi vətəndaşa da beynəlxalq hesabatları oxumaq lazım deyil. Azərbaycanda korrupsiya, sovet dövründə olduğu kimi, gizli həyata keçirilmir, indi korrupsiya leqaldır. Bu proses hər kəsin gözü qarşısında baş verir», – Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyir. «İstər iqtisadiyyatda monopoliya, istər vəzifələrə təyinatların rüşvətə, yerlibazlığa, siyasi sədaqətə və başqa prinsiplərə uyğun həyata keçirilməsi, istərsə də səhiyyədə, təhsildə rüşvətxorluq, korrupsiya hər kəsə məlumdur», – o, əlavə edir.

Vasif Mövsümov: «Yaxşı nəticədir»

Sənədə Azərbaycanda münasibətlər fərqlidir. Məsələn, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Vasif Mövsümov «31 bal yüksəkdir, yaxşıdır» deyir. «Ötən illə müqayisə edəndə yaxşıdır» əlavə etməklə fikrini bir qədər də izah edir: «Orda yer mühüm deyil, mühüm olan ölkənin topladığı baldır. Azərbaycan da bu il ötən illə müqayisədə çox bal toplayıb».

V.Mövsümov irəliləmənin səbəbini isə hökumətin «məişət» və «elit» korrupsiyaya qarşı mübarizə aparması ilə bağlayır:

«Biz əvvəllər deyirdik ki, məişət korrupsiyası geniş yayılıb. Ancaq «ASAN Xidmət» mərkəzləri yaranmaqla məişət korrupsiyası azaldı. Eləcə də elit korrupsiyaya qarşı mübarizə aparılmamasından danışırdıq. Amma son illər bəzi nazirliklərlə bağlı araşdırmalar göstərir ki, bizdə yuxarılarda da korrupsiya ilə mübarizə gücləndirilib. Söhbət keçmiş Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi ilə bağlı bizim həmişə arzuladığımız, gözlədiyimiz addımların atılmasından gedir. Müsbət nəticədir. Buna görə də bal məsələsində müsbət irəliləyiş var».

V.Mövsümov
V.Mövsümov

O ki qaldı adıçəkilən nazirliklərə başçılıq edən şəxslərin cəzadan kənarda qalmasına, V.Mövsümov bu yerdə problemə başqa yöndən baxmağı təklif edir. O deyir ki, kimisə həbs etmək hələ korrupsiyaya qarşı mübarizə aparmaq deyil, «əksinə, həmin struktura yenisinin təyinatı onu da korrupsioner edəcək, nəticəyə qarşı deyil, səbəblərə qarşı mübarizə aparılmalıdır, ilk növbədə struktur dəyişdirilməlidir».

Bununla belə, V.Mövsümov korrupsiya ilə bağlı mübarizədə problemlərin qaldığını da qeyd edir. Məsələn, o, vətəndaşların müraciətlərinin araşdırılmadığını xüsusi qeyd edir.

«Vəzifədən çıxarılanların yerinə qoyulanlar heç də korrupsiyadan imtina etmirlər»

Müsavat Partiyası başqanı A.Hacılı «ASAN Xidmət»in yaradılmasını pozitiv addım adlandırsa da, ölkədə bürokratiyanın, korrupsiyanın, rüşvətin qarşısını almaq üçün yetərli olmadığını bildirir. O, Azərbaycanda yüksəkvəzifəli şəxslərin işdən çıxarılmasının və ya həbsinin də korrupsiya ilə mübarizə kimi qələmə verilməsinin əleyhinə çıxır, bunun başqa səbəbləri olduğunu söyləyir.

«Bu gün Azərbaycanda Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi müxalifətlə mübarizə aparır, siyasi fəaliyyətlə məşğuldur, ölkədə yaradılan korrupsiyaya qarşı mübarizə idarəsi isə hakimiyyətin içində etibardan düşmüş, problemlər yaradan insanlara cəza verilməsi, sıxışdırılması ilə məşğuldur. Ona görə də hansısa vəzifəli şəxslərin işdən çıxarılması, həbsi onların korrupsiya əməlləri ilə bağlı deyil, sadəcə hakimiyyətin yüksək eşelonunda olanların etibarını itirmələri, Heydər Əliyevin bir zamanlar dediyi kimi, «qeyri-qanuni» rüşvət almaları ilə bağlıdır. Əgər onlar Heydər Əliyevin dediyi kimi, «qanuni» rüşvət alsaydılar, qəbul edilmiş qaydalar çərçivəsində hakimiyyət piramidası daxilində funksiyalarını yerinə yetirsəydilər yenə də vəzifələrində qalacaqdılar. Vəzifədən çıxarılanların yerinə qoyulanlar heç də korrupsiyadan imtina etmirlər, bir çox hallarda bu işlərlə daha geniş məşğul olurlar», – Müsavat Partiyası başqanı deyir.

Korrupsiya ilə mübarizə varmı, varsa, nə nəticə verir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

«Kürünü lənətləyənlər Xəzəri udmaq istəyirlər»

Azərbaycan vaxtaşırı beynəlxalq mətbuatda da korrupsiya ittihamları ilə gündəmə gəlir. Bu zaman ölkə başçısının ailə üzvlərinin, müxtəlif nazirlərin və başqa rəsmilərin də adları hallandırılır. Amma bu məsələlər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmadan təkzib edilir.

V.Mövsümov ölkənin yüksəkvəzifəli şəxsləri ilə bağlı korrupsiya ittihamlarının da araşdırılmalı olduğunu bildirir.

Deputat Z.Oruc isə buna əsas görmür, «Azərbaycan əleyhinə beynəlxalq məkanda tirajlanan fikirləri» əsassız hesab edir:

«Guya Qərb aləmini 2.9 milyard dollara satın almaq istəmişik kimi iddialar səsləndirilir. Bunun küfr olduğunu sübut edə bilərəm. Avropanın özünün baş ofislərində o qədər elə pul camaşırxanaları var ki. Dava Azərbaycanın pulları üstündədir, «verin, biz idarə edək» söhbətidir. Kürünü lənətləyənlər bütövlükdə Xəzər dənizini udmaq istəyirlər».

Beynəlxalq mətbuatın yazdıqlarından sonra Demokratik Qüvvələrin Milli Şurası ötən il «Talana son!» şüarı ilə korrupsiya əleyhinə bir sıra kütləvi aksiyalar keçirmişdi. Onlar bu iddiaların araşdırılmasını tələb etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG