Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Baş Prokurorluq 'Transparency International'a cavab hazırlayır


Pulyuma
Pulyuma

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi «Transparency International»ın son hesabatı ilə bağlı açıqlama hazırlayır. Açıqlamada adıçəkilən beynəlxalq qurumun hesabatına görə Azərbaycanın korrupsiya ilə mübarizədə bir ildə 30 pillə geriləməsinə münasibət bildiriləcək.

Bu haqda AzadlıqRadiosuna İdarədən bildiriblər.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən bu mövzuda əlavə suallara cavab verilməyəcəyi deyilib.

«Korrupsiya qalmaqallarına adekvat reaksiya verilmədi»

«Azərbaycanın «Transparency International»ın son hesabatında 30 pillə geriləməsi son bir ildə yaşanan maliyyə və korrupsiya qalmaqalları ilə bağlıdır», – REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli deyir. O, adıçəkilən beynəlxalq təşkilatın hesabatı müəyyən indikatorlar əsasında hazırladığını bildirir.

N.Cəfərli
N.Cəfərli

«İndikatorlardan ən vacibi son bir il ərzində dünya mediasında və ümumiyyətlə, Azərbaycanda korrupsiya ilə bağlı yayılan xəbərlər, bu xəbərlərə verilən adekvat reaksiyalarla bağlıdır. Keçən il Beynəlxalq Bankın rəhbəri və onun ailə üzvləri ilə bağlı ciddi skandallar yaşandı, pulyuma əməliyyatları ilə bağlı Maldivdə, Kiprdə, Qırğızıstanda, Çexiyada Azərbaycan şirkətlərinin və məmurlarının adı keçdi. Buna Azərbaycan hökuməti tərəfindən adekvat reaksiya olmadı», - iqtisadçı söyləyir.

N.Cəfərli izah edir ki, hökumət adı keçən məmurlarla bağlı yoxlamalar aparmalı və ya onlara yaxın şirkətlər haqqında rəsmi açıqlama verməli idi: «Ölkənin hüquq-mühafizə orqanları, rəsmi qurumlar bu faktlarla bağlı daxili araşdırmalara başlamalı, nəticələr elan edilməli idi. Bu baş versəydi, belə kəskin geriləmə müşahidə edilməzdi. Problem həmin faktların açıqlanmasından çox onlara adekvat reaksiyanın verilməməsidir. Bu olmadıqda «Transparency International»ın indikatorlarına görə, ölkənin daha çox geriləməsinə şərait yaranır. Çünki Azərbaycanın adı yetərincə ciddi məsələlərlə bağlı hallandırıldı, dünya mediasına da çıxdı, jurnalist araşdırmaları ortaya qoyuldu».

N.Cəfərlinin qənaətincə, adekvat reaksiyanın verilməməsi Azərbaycanda korrupsiyaya rəsmi səviyyədə dəstək verilməsi anlamına gəlir və bu da ölkənin beynəlxalq hesabatlarda geriləməsində mühüm rol oynayır.

Z.Oruc
Z.Oruc

«Araşdırma aparan millət vəkili kimi deyə bilərəm ki…»

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə hesabatdakı dəyərləndirməni kökündən yanlış sayır. Onun qənaətincə, beynəlxalq qurumlar obyektiv olsaydılar, bu prosesdə hakimiyyətin yanında durardılar, konkret cinayətlərin üstünün açılmasını, dövlət vəsaitlərinin təyinatından yayındırılaraq öz mənafeləri üçün istifadə edənlərin cəzalandırılmasını alqışlayar, dəyərləndirərdilər.

Deputat hökumətin korrupsiya ilə mübarizəsini yetərli sayır.

«2015-ci ilə qədər iqtisadi sferada əliəyrilik, oğruluq və mütəşəkkil korrupsiya cinayətləri bir sıra hallarda tenderlərin şəffaf keçirilməməsindən qaynaqlanır, dövlət satınalmaları, hansısa nazirliklərdəki tikinti qurumları hesabına baş verir və s. Ölkə rəhbəri də bunu dilə gətirirdi. 2019-cu ilin əvvəlindən başladılan islahatlar sübut edir ki, ölkə başçısının məramı şəffaf idarəçiliyi, hesabatlılığı bərqərar etmək, bürokratizmdən uzaqlaşmaqdır», – Z.Oruc bildirir.

O ki qaldı hesabatda «pulyuma maşını» haqda deyilənlərə, deputat hesab edir ki, bu, sadəcə, Qərb strukturlarının, kəşfiyyat dairələrinin informasiya məkanına transfer etdikləri təxribat idi.

«Həmin istiqamətdə araşdırma aparan millət vəkili kimi deyə bilərəm ki, tamamilə cəfəngiyatdır. Özəl qurumların apardıqları alqı-satqısını hakimiyyətin ayağına yazmışdılar. Bunu da Qərb strukturlarının, deputatların, beyin mərkəzlərinin ələ alınması kimi təsbit etmişdilər», – deputat söyləyir.

Z.Oruca görə, şəffaflıq tələb edən qurum Azərbaycandakı müstəqil dairələrdən və eləcə də hökumətdən də rəylər almalıdır, ondan sonra hesabatı dərc etmək mümkündür.

«Transparency International» təşkilatının yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 180 ölkə içində 152-ci yerdədir. Ötən il isə 122-ci olmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG