Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:01

ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin-i birləşdirən ümumi cəhətlər çoxdur və bu cəhətlərin hamısı Avropa Birliyinin dəyərlərinə və birliyinə zərərdir. Avropa liderləri isə buna qarşı durmağa, birliyi canlandırmağa və qaldırmağa hazır deyillər. «Carnegie Europe» saytı belə yazır.

AB-NİN BİR OLDUĞU VAXTLAR VARDI

Müəllif July Dempsey-in fikrincə, ABŞ və Rusiya prezidentləri həm AB-yə, həm NATO-ya, həm də Almaniya kansleri Angela Merkel-ə və ümumiyyətlə, açıq cəmiyyətlərə qarşıdırlar və bunun üçün onların hərəsinin öz səbəbi var. Pis olan odur ki, bəzi avropalı siyasətçilər bu liderlərlə razılaşır. Macarıstan, Polşa, Slovakiya, Niderland, Fransa, hətta Böyük Britaniyadakı mühafizəkarlar və millətçi liderlər sərhədlərin bağlanmasının, özəlliklə, qorunmağa ehtiyacı olanların üzünə bağlanmasının, açıq cəmiyyətə zidd mühafizəkarlığın tərəfində dururlar.

Bəziləri hətta D.Trump-dan uzağa getməyərək, Avropa Birliyinin gələcəyinə inanmır, qurumun dövrünü başa vurduğunu deyirlər. D.Trump hesab edir ki, AB ona üzv olan ölkələrin öz sərvətlərini idarə etməsinə imkan vermir. Britaniya qurumdan çıxdığını elan edəndə, D.Trump-ın ətrafındakılar AB-dən çıxacaq növbəti ölkə haqda fikirlər yürüdürdülər.

V.Putin-ə görə isə, AB-nin iqtisadi sərvətindən başqa, istifadə olunmamış potensialı var. Məsələn, yeri gələndə AB-nin sərgilədiyi birlik çoxlarını təəccübləndirir. Müəllif AB ölkələrinin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra birləşərək Moskvaya sanksiyalar qoymasını xatırladır.

TRUMP PUTIN-Ə KÖMƏK EDİR

«Bununla belə, indi Avropadakı, özəlliklə də Brüsseldəki siyasətçilərin başı Fransa, Almaniya, Niderlandda keçiriləcək seçkilərə və institusional təsir dairələri uğrunda müharibələrə qarışıb, blokun təhlükəsizliyi, müdafiəsi və dəyərlərinin qeydinə qalmırlar», – deyə müəllif təəssüflə qeyd edir.

V.Putin və A.Merkel
V.Putin və A.Merkel

Sayt yazır ki, AB-ni, eləcə də NATO-nu parçalamaq V.Putin-in çoxdankı arzusudur. Və indi onun arzusunu gerçəkləşdirməsinə ABŞ prezidenti D.Trump yardım edir – AB-yə istehzayla yanaşır, NATO-nu isə «köhnəlmiş qurum» adlandırır. «NATO-nun Polşa və digər Şərqi Avropa ölkələrinin müdafiəsinə xüsusi əhəmiyyət verdiyini, həmin ölkələrə silahlı qüvvə yeritdiyini nəzərə alsaq, Putin Vaşinqtonda D.Trump-dan yaxşı müttəfiq arzulamazdı», –«Carnegie Europe» saytı belə yazır.

Müəllif hazırda həm D.Trump, həm də V.Putin-in Almaniya kansleri Angela Merkel-ı hədəfə aldığını qeyd edir. D.Trump A.Merkel-in miqrant siyasətini kəskin tənqid edib, kanslerin, qaçqınları Avropaya buraxmaqla çox böyük səhvə yol verdiyini, AB-ni öz əməllərini gerçəkləşdirməkdən ötrü vasitəyə çevirdiyini söyləyib.

TRUMP-IN QADAĞASINA FƏRQLİ YANAŞMALAR

V.Putin-ə görə, A.Merkel Avropanın Rusiyaya sanksiyalarının ləğvinə ən böyük əngəldir. Bəzi Avropa liderləri, məsələn, Macarıstanın baş naziri Viktor Orbán-ın başçılıq etdiyi qrup Rusiyaya sanksiyaların əleyhinə olsa da, A.Merkel sanksiya tərəfdarlarını birləşdirməyə nail olub.

Müəllif D.Trump-ın miqrantlara qadağasının da Avropada eyni qarşılanmadığını qeyd edir. Berlin, London, Paris və Brüsseldə sərəncamı tənqid etsələr də, Macarıstan liderləri D.Trump kimi davranır, qaçqınların ölkəyə girişini önləməkdən ötrü divar çəkməyə hazırlaşırlar. Polşa, Slovakiya, Çexiya isə Suriya və İraqdan gələnləri heç vaxt, müvəqqəti də olsa, qəbul etmir.

Sayt yazır ki, belə ölkələrin liderləri D.Trump-ı özlərinə müttəfiq hesab edərək, onunla sövdələşmələrə də gedə bilərlər.

Amma AB institutlarının bu gedişatın qarşısını almaqdan, Trampizm və Putinizmlə mübarizədə yararlanacağı gündəliyi yoxdur. Sonucda «D.Trump və V.Putin-in Avropadakı tərəfdarlarından ötrü bu boşluq əllərinə asanlıqla düşmüş yağlı tikə kimi bir şeydir».

Günün bütün mövzuları

XS
SM
MD
LG