Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 23:57

Dünya xəbərləri

Zelenski sentyabrda Trampla görüşəcəyinə ümid edir

Tramp və Zelenskinin Vatikanda görüşü
Tramp və Zelenskinin Vatikanda görüşü

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə deyib ki, sentyabrın 20-dən sonra ABŞ prezidenti Donald Trampla görüşəcəyinə ümid edir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir.

Zelenskinin sözlərinə görə, görüşdə ABŞ istehsalı hava hücumundan müdafiə raketlərinin Ukraynaya tədarükü məsələsini qaldırmağı planlaşdırır. O qeyd edib ki, Amerika Ukraynaya hansı raketlərin və nə vaxt lazım olduğunu artıq bilir.

Rusiya ilə müharibənin bitməsinin mümkünlüyündən danışan Zelenski tərəflərin üçtərəfli danışıqlar formatına doğru irəlilədiyini bildirib. O, hazırda bütün detalları açıqlaya bilməyəcəyini vurğulayıb. Çünki Ukrayna və ABŞ əvvəlcə təklifləri hazırlamaq, sonra ictimaiyyətə açıqlamaq üzrə razılığa gəliblər.

Zelenski bir gün əvvəl "Axios" nəşrinə ABŞ prezidentinin xüsusi təmsilçilərinin Kiyevə səfərinin yekunları barədə danışıb. O, danışıqların sentyabr və ya oktyabrda bərpa olunacağına ümid etdiyini deyib. Zelenskiyə görə, Rusiyanın qışda döyüşləri davam etdirmək istədiyi, bununla Ukraynanı güzəştlərə sövq etməyə çalışacağına dair məlumatlar da var.

Sentyabrın 20-dən sonra Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası keçiriləcək, tədbirə çox sayda dünya lideri qatılacaq. Zelenski Trampla bu sessiya çərçivəsində, yoxsa başqa formatda görüşməyi planlaşdırdığını hələ açıqlamayıb.

Bütün xəbərləri izləyin

Dronlar Mahaçqalaya hücum edib. Soçidə 28 nəfər xəsarət alıb

Soçidə dəniz dronlarının hücumu zamanı partlayış
Soçidə dəniz dronlarının hücumu zamanı partlayış

Sentyabrın 10-na keçən gecə Ukrayna dronları Rusiyanın bir neçə bölgəsinə, o cümlədən Dağıstana, Voronej vilayətinə və Krasnodar diyarına hücum edib.

Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukin deyib ki, hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib, "bütün hava hədəfləri məhv edilib". Şukin dron qalıqlarının Mahaçqala limanında, Avar Musiqili Dram Teatrında yanğınlara səbəb olduğunu da bildirib. Xəsarət alan olmayıb.

"ASTRA" yazır ki, hücumun hədəfi Xəzər dənizində Rusiyanın ilboyu yeganə donmayan dərin su limanı – Mahaçqala Dəniz Ticarət Limanı ola bilərdi. Liman həm maye, həm də quru yüklərə xidmət göstərir.

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 10-da səhər saatlarında Mahaçqaladakı dəniz limanına zərbə endirildiyini təsdiqləyib.

Voronej vilayətində dronun fərdi yaşayış evinin üzərinə düşməsi nəticəsində yanğın baş verib. Bir qadın həlak olub, daha iki nəfər xəsarət alıb. Açıqlamanı vilayət qubernatoru Aleksandr Qusev verib.

"Exilenova+" NASA FIRMS sistemindən Azov dənizində, Kerç yaxınlığında yanğını göstərən peyk görüntüsü yayıb. Rusiyanın "kölgə donanması"na daxil olan gəmilərdən birinin yandığı ehtimal edilir.

Ukrayna və Rusiya Telegram kanalları gecə saatlarında Soçidə partlayışların baş verdiyini bildiriblər. Sentyabrın 10-da səhər saatlarında 28 nəfərin xəsarət aldığı, onlardan dördünün xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

Ukrayna hərbçiləri bu hücumu hələlik şərh etməyiblər.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar 90-a yaxın dronun məhv edildiyini bildirib.

Kalmıkiya, Kuban, Həştərxan və Volqoqrad vilayətlərinin rəsmiləri gecə hücumunu şərh etməyiblər.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus 448 dronu ələ keçirərək məhv etdiyini bildirib.

Bu rəqəmi müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Zelenskinin təyyarəsi Moldovadan Osloya uçarkən 'az qala dronla toqquşub'

Prezident Volodimir Zelenski və xanımı Olena Zelenska Oslo yaxınlığındakı Qardermuen hava limanında təyyarədən düşürlər
Prezident Volodimir Zelenski və xanımı Olena Zelenska Oslo yaxınlığındakı Qardermuen hava limanında təyyarədən düşürlər

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Kişinyovdan Osloya uçarkən "az qala dronla toqquşub". Bu barədə Norveçin baş naziri Yonas Störe jurnalistlərə danışıb. Məlumatı Norveçin NRK telekanalının saytı yayıb.

Zelenski Osloda Norveç kralı V Haraldın dəfninə qatılıb.

Ukrayna prezidenti Norveçə səfəri zamanı Störe və ölkənin maliyyə naziri, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ilə görüşüb. Störe NRK-ya müsahibəsində deyib ki, Zelenski təyyarəsinə yaranmış təhlükə barədə ona danışıb.

Zelenskinin ofisi Norveç telekanalının hadisə ilə bağlı suallarını cavablandırmayıb.

Moldovanın Müdafiə Nazirliyi isə sentyabrın 8-də bildirmişdi ki, Rusiyaya məxsus "Şahed" tipli dron ölkənin hava məkanına daxil olub və Mixaylenı Vek yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.

Ölkənin hava məkanı yerli vaxtla saat 16:20 radələrində pozulub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Neftin qiyməti 100 dollara yaxınlaşır

Fars körfəzində döyüş neft bazarını vurdu
Fars körfəzində döyüş neft bazarını vurdu

Sentyabrın 8-də neftin qiyməti 1 dollardan çox bahalaşaraq 100 dollara yaxınlaşıb. Bu artım Yaxın Şərqdə hücumların yenidən başlamasının neft tədarükünü pozacağı ilə bağlı narahatlığın artması fonunda baş verir.

"Brent" markalı neftin fyuçersləri 1.4 faiz bahalaşaraq bir barel üçün 99.33 dollara çatıb. ABŞ-nin "Qərbi Texas" nefti isə 1.4 faiz artımla bir barel üçün 94.34 dollara satılıb.

"Azeri Light" neftinin bareli 108.18 dollara bərabərləşib.

"Brent" markalı neftin qiyməti avqustun əvvəlindən bəri 25 faiz artıb və sürətlə mühüm psixoloji hədd sayılan 100 dollara yaxınlaşır. Buna ABŞ və İran arasında toqquşmaların yenidən alovlanması səbəb olub.

Bu həftə Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının bir neçə şəhərinə zərbələr endirib. Bununla ABŞ-nin müttəfiqi olan Səudiyyə Ərəbistanı münaqişəyə daha çox cəlb olunub.

ABŞ qüvvələri İranın bir neçə neft tankerini vurub, İran isə İordaniyadakı ABŞ bazasını hədəfə alıb.

Analitiklərə görə, Səudiyyə Ərəbistanı neft ixracının bir hissəsini Hörmüz boğazından kənar marşrutlara yönəltsə də, krallığa davamlı hücumlar xam neftin dünya bazarlarına fasiləsiz çatdırılması səylərini çətinləşdirə bilər.

"İranın Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları və bunun ardınca İranın beş tankerinin məhv edilməsi neft təchizatında növbəti uzunmüddətli fasilənin yaranacağı ilə bağlı narahatlıqları artırıb", – OCBC analitikləri bildiriblər.

Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır

Budapeştdə Rusiya səfirliyi
Budapeştdə Rusiya səfirliyi

Macarıstan hakimiyyəti Rusiyanın Budapeştdəki diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Macarıstanın xarici işlər naziri Anita Orbanın sentyabrın 8-də dediyinə görə, Rusiyanın Budapeştdəki səfirinə bildirilib ki, "Rusiya nümayəndəliyinin 10 əməkdaşı Macarıstanda Vyana Konvensiyasına görə diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub".

Həmin şəxslərin adları və vəzifələri açıqlanmır. Orban vurğulayıb ki, onlara qarşı ölkəni tərk etmə tələbi "Macarıstanın təhlükəsizliyini və suverenliyini təmin etmək məqsədi daşıyır", Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.

Ukraynaya qarşı işğalçı müharibəsi səbəbindən Rusiyanın Avropa İttifaqı ilə münasibətləri pisləşib və blokun bir çox ölkəsi Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb, konsulluqları və Rusiyanın digər qurumlarını bağlayıb. Rusiya da oxşar addımlar atıb.

Viktor Orban hökuməti dövründə Macarıstan bu cür addımlardan çəkinirdi. Budapeştdən sonuncu dəfə 2018-ci ilin yazında rusiyalı diplomat çıxarılmışdı. Diplomatik nümayəndəliyin birdən-birə 10 əməkdaşının ölkədən çıxarılması Macarıstan üçün görünməmiş addımdır. Bu qərarın konkret nə ilə əlaqəli olduğu hələlik açıqlanmayıb.

Mayda Peter Madyarın rəhbərlik etdiyi hökumət hakimiyyətə gələndən Macarıstan Rusiyanı Ukraynaya zərbələrə görə tənqid etməyə və Aİ səviyyəsində sanksiya paketlərini bloklamaqdan imtina etməyə başlayıb. Ancaq Budapeşt hələ də Ukraynaya silah tədarük etmir.

Moskva Macarıstan hakimiyyətinin qərarını hələlik şərh etməyib.

Mayamidə yük təyyarəsi uçuş zolağından çıxıb. Beş nəfər həlak olub

Qəzaya uğrayan yük təyyarəsi
Qəzaya uğrayan yük təyyarəsi

ABŞ-nin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında "Amazon Prime Air" yük təyyarəsi ilə bağlı insidentdə beş nəfər həlak olub, beş nəfər xəsarət alıb. Xəbəri "Reuters" və "The Associated Press" yayıb.

Sentyabrın 6-da, yerli vaxtla təxminən saat 14:00-da Puerto-Rikonun paytaxtı San-Xuandan gələn "Boeing 767" təyyarəsi uçuş-enmə zolağından çıxıb, yerdəki bir neçə avtomobillə toqquşub və yanmağa başlayıb.

Yerli yanğından mühafizə xidmətinin rəhbəri Rey Cadalla deyib ki, təyyarənin hər iki pilotu kabinədə, bəzi insanlar isə avtomobillərində köməksiz qalıblar. Yaralanan beş nəfərdən üçünün vəziyyəti ağırdır.

"Amazon" şirkətinin məlumatına görə, "21 Air" şirkətinin istismar etdiyi təyyarə eniş etməyə çalışırmış.

"Hadisə haqqında daha çox məlumat əldə etmək üçün yerli hakimiyyət orqanları və rəsmilərlə sıx əməkdaşlıq edirik. İstənilən araşdırma ilə tam əməkdaşlıq edəcəyik", – şirkətin təmsilçisi Kelli Nantel bildirib.

Rəsmilər ölənlərin kimliyini açıqlamayıb.

Uitkoff və Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilər

Cared Kuşner və Stiv Uitkoff
Cared Kuşner və Stiv Uitkoff

ABŞ prezidentinin xüsusi elçiləri Stiv UitkoffCared Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilərlər. Bu barədə TASS, "Kyiv Independent" və Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko məlumat yayıb. Səfər tarixləri hələ rəsmən təsdiqlənməyib.

Qonçarenkonun dediyinə görə, ABŞ elçiləri şənbə günü Moskvaya, bazar günü Kiyevə gəlməlidirlər. Deputat iddia edir ki, nümayəndə heyətinin Ukrayna paytaxtına təyyarə ilə gəlməsi nəzərdə tutulub və bu marşrut Rusiya tərəfi ilə razılaşdırılıb.

"Kyiv Independent"in həmsöhbəti planların dəyişə biləcəyini bildirib. Mənbəyə görə, Uitkoff Kiyevə getməkdən çəkinir, Rusiya belə bir səfərin təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qonçarenko bildirib ki, sentyabrın 4-də Rusiya dronu Kiyevin Julyanı aeroportu ərazisində iki köhnə "Yak-40" təyyarəsinə hücum edib. Deputatın fikrincə, zərbə ABŞ təmsilçilərinin mümkün səfərinə hazırlıq fonunda qəsdən endirilib. Kiyev bu məlumatı hələ təsdiqləməyib.

Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl Uitkoff və Kuşnerin yaxın günlərdə səfər edə biləcəklərini demişdi. Onun sözlərinə görə, səfərlərin ilkin tarixləri müəyyənləşdirilib, Vaşinqton həm Moskvada, həm də Kiyevdə görüşlər keçirmək planını təsdiqləyib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Vladivostokdakı forumda çıxışı zamanı bildirib ki, ilk növbədə Rusiya və Ukrayna müharibəni bitirmək barədə razılığa gəlməlidir, ABŞ və digər ölkələr bu prosesə kömək edə bilərlər. Putinin sözlərinə görə, Moskva ABŞ administrasiyası ilə əlaqələrini davam etdirir və Vaşinqtonla tammiqyaslı münasibətlərin bərpa olunacağına ümid edir.

Putin Ukrayna ilə xüsusi xidmətlər vasitəsilə təmasların saxlanıldığını iddia edib. O etiraf edib ki, həmin təmasların sülh razılaşmasına gətirib çıxarıb-çıxarmayacağını hələlik qiymətləndirmək çətindir.

Rusiyanın Ukraynaya zərbələrindən 12 nəfər ölüb

Kiyev vilayətinə hücum
Kiyev vilayətinə hücum

Sentyabrın 1-nə keçən gecə Rusiya qoşunları Kiyev və Odessa vilayətlərinə kütləvi hücum edib. 12 nəfər ölüb, 19 nəfər yaralanıb.

Kiyev şəhərində 8 nəfər ölüb, ikisi uşaq olmaqla beş nəfər yaralanıb.

Kiyev vilayətində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Rəsmilər yaşayış binaları, fərdi evlərin, eləcə də qeyri-yaşayış sahələrinə ziyan dəydiyini açıqlayıblar.

Odessa vilayətində bir nəfər yaralanıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Odessa vilayətində minlərlə ailə işıqsız qalıb.

Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətində hərbi-sənaye və yanacaq-energetika komplekslərinə aid müəssisələrin vurulduğunu bildirib. Nazirliyin iddiasına görə, həmin müəssisələr raket və dron istehsalında, Ukrayna Silahlı Qüvvələrinin yanacaqla təminatında iştirak edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya "İskəndər-M"/"KN-23"/"S-400" ballistik raketləri, "Sirkon" gəmi əleyhinə qanadlı raketlər, "Kalibr" qanadlı raketləri, "Banderol" raket-dronları və 218 dron buraxıb.

Ukrayna qüvvələrinin beş ballistik raketi, beş "Kalibr" raketini, iki "Banderol" raket-dronunu və 187 dronu vurduğu bildirilir.

Paşinyan Bişkekə gedir. Sabah Putinlə görüşü planlaşdırılır

Nikol Paşinyan (öndə solda) və Vladimir Putin
Nikol Paşinyan (öndə solda) və Vladimir Putin

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstana iki günlük işgüzar səfərə gedib. Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. AzadlıqRadiosunun erməni xidməti hökumətə istinadla xəbər verir ki, baş nazir Bişkekdə xarici həmkarları ilə görüşlər keçirəcək.

Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Prezidentin köməkçisi Yuri Uşakov ötən həftə bildirib ki, prezident Putin sentyabrın 1-də Bişkekdə baş nazir Paşinyanla görüşündə Ermənistanın Avropa İttifaqına qoşulmaq istəklərini müzakirə edəcək.

Putinin sözçüsü Dmitri Peskov isə avqustun 30-da jurnalistlərlə söhbətində Moskvanın referendum təklifini bir daha səsləndirib.

“Ermənilərin özlərindən daha çox erməni ola bilmərik. Əlbəttə ki, onların taleyini ermənilər özləri həll edəcəklər. Və biz onlara məhz bunu etməyi – referendum keçirməyi təklif edirik”.

Rusiya son aylar dəfələrlə bildirib ki, eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq mümkün deyil. Moskva Yerevanı iki blok arasında seçim etməyə, referendum keçirməyə çağırır.

Paşinyan ötən həftə parlametdəki çıxışında Yerevanın tezliklə Aİ-yə üzvlük üçün müraciət prosesinə başlayacağını açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılacaq.

Rəhmon oğluna yenə dövlət mükafatı verib

Emoməli Rahmon və oğlu Rüstəm Emoməli
Emoməli Rahmon və oğlu Rüstəm Emoməli

Tacikistan prezidenti Emoməli Rəhmon oğlu Rüstəm Emoməliyə I dərəcəli İsmayıl Somoni adına Dövlət Mükafatını təqdim edib. Rüstəm Emoməli parlamentin yuxarı palatasının sədri və paytaxt Düşənbənin meridir. Ölkənin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş mükafatlandırma mərasimi avqustun 28-də paytaxtdakı Millət Sarayında keçirilib.

Prezidentin mətbuat xidməti bildirir ki, dövlət başçısının oğlu mükafata “yüksək əmək nailiyyətlərinə və Tacikistanın inkişafı və tərəqqisinə verdiyi töhfəyə görə” layiq görülüb. Onunla yanaşı, müxtəlif sahələrdə çalışan şəxslərə də dövlət mükafatları, təltiflər və fəxri adlar verilib.

Rüstəm Emoməli ilk dəfə deyil atasından dövlət mükafatı alır. 2018-ci ildə Emoməli Rəhmon oğlunu II dərəcəli “Zərrintac” (“Qızıl tac”) ordeni ilə təltif edib. Həmin mükafat da Müstəqillik Günü ərəfəsində təqdim olunmuşdu.

R.Emoməli atasının mümkün varisi sayılır. O, həm də Tacikistan Futbol Federasiyasının prezidenti və Orta Asiya Futbol Assosiasiyasının rəhbəridir.

Emoməli Rəhmonun yeddi qızı və iki oğlu var. Onun Rüstəmdən başqa daha dörd övladı mühüm dövlət vəzifələri tutur.

Bir qızı Ozoda Rəhmon 2016-cı ildən Prezident Aparatına rəhbərlik edir, hakimiyyət sistemində əsas fiqurlardan sayılır. Prezidentin digər qızı Ruxşona Emoməli Tacikistanın Böyük Britaniyadakı səfiridir. Kiçik qızı Fərzona Emoməli isə Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisidir.

AzadlıqRadiosunun tacik xidməti prezidentin digər qızlarının əsasən iri biznes və bank sektorunda çalışdığını üzə çıxarıb. Pərvinə Rəhmonova ölkənin əczaçılıq bazarında lider şirkətə nəzarət edir. Zərinə Rəhmon kommersiya bankı “Oriyonbank”ın idarə heyəti sədrinin müavinidir. Təhminə Rəhmonova isə Tacikistanda aviabilet satışı bazarına nəzarət etmiş “Hava Əlaqələri Agentliyi” şirkətinin təsisçisi olub.

Hərbi cinayətlərə görə məhkum edilmiş Ratko Mladiç 84 yaşında ölüb

Ratko Mladiç məhkəməsində, 2017-ci il
Ratko Mladiç məhkəməsində, 2017-ci il

Bosniya serblərinin hərbi komandiri, “Bosniya qəssabı” kimi tanınan Ratko Mladiç 84 yaşında ölüb. O, soyqırımı və insanlığa qarşı cinayətlərə görə Haaqada ömürlük həbs cəzası çəkirdi.

Beynəlxalq məhkəmə Mladiçi 1995-ci ilin yayında BMT-nin mühafizəsi altında olan Srebrenitsada təxminən 8 min bosniyalıya qarşı soyqırımında, 1992-1995-ci illərdə Bosniya və Herseqovinada müharibə vaxtı törədilmiş digər hərbi cinayətlərdə təqsirli bilib.

Mladiç 2011-ci il mayın 26-da Serbiyada həbs edilib. O, təxminən 16 il Haaqa Tribunalının ən çox axtarılan şəxsi olub. Mladiç həbs olunaraq Haaqadakı keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına (ICTY) təhvil verilib.

Haaqa Tribunalı 2021-ci il iyunun 8-də uzun sürən məhkəmə prosesindən sonra Mladiçi ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə Bosniya müharibəsinin ən ağır vəhşiliklərindən bəzilərini detallı sənədləşdirib.

Məhkəmə 2012-ci il mayın 16-da başlayıb, 530 gün çəkib. Prosesdə 592 şahid dindirilib, təxminən 10 min sübut təqdim olunub.

Mladiç son aylar bir neçə dəfə insult keçirib. Ailəsi, Serbiya rəsmiləri onun humanitar əsaslarla azadlığa buraxılması üçün müraciətlər etmişdilər. Haaqa Tribunalı bu müraciətləri rədd edib. Sonuncu müraciət avqustun 18-də təqdim olunmuşdu.

Mənbələr: MKİ rəhbəri Rusiyanı Baltik ölkələrinə hücumdan çəkindirməyə gedib

Con Retkliff
Con Retkliff

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff bu həftə Moskvaya ona görə gedib ki, NATO ölkələrinə, xüsusilə Estoniya, Latviya və Litvaya hücum etməməsi üçün Rusiyaya xəbərdarlıq etsin. Bunu AzadlıqRadiosuna səfərin detallarından xəbərdar mənbələr deyiblər.

Bu səfər Baltik ölkələrində Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlığın artdığı vaxtda gerçəkləşib.

Baltik ölkələrindən birinin diplomatı anonimlik şərti ilə AzadlıqRadiosuna bildirib ki, Retkliffin Moskvaya səfəri barədə rəsmiləri “əvvəlcədən xəbərdar etmişdilər”.

Rusiya səfəri təsdiqləyib. Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MKİ direktoru ilə “işgüzar görüş” keçirdiyini bildirib. O, tərəflərin həssas məsələləri müzakirə etdiklərini deyib, detallı danışmayıb.

Kremlin sözçüsü Dmitri isə avqustun 27-də jurnalistlərə bildirib ki, “hazırda bu cür qorxuducu xəbərlər çox yayılır... Onların reallıqla heç bir əlaqəsi yoxdur”.

“Politico” nəşrinin mənbəsinə görə, Retkliff səfərdən Rusiyaya İranın hərbi və iqtisadi dəstəyini azaltması üçün təzyiq göstərmək üçün də istifadə edib.

ABŞ prezidenti Donald Tramp isə bundan əvvəl mediada Retkliffin Rusiya səfərinin mövzularına dair səsləndirilən bir sıra ehtimalların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, səfər zamanı nə Rusiyanın NATO ölkələrinə mümkün təhdidləri, “İngiltərəyə hücum”, nə də İrana qarşı sanksiyalarla bağlı məsələlər müzakirə olunub. Trampın sözlərindən belə çıxır ki, görüşlərin əsas mövzusu Ukraynadakı müharibə olub.

26.08.2026

Tramp: MKİ direktorunun Rusiyaya səfərinin nəsə nəticəsi ola bilər

ABŞ prezidenti Donald Tramp deyir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya səfərinin müəyyən nəticələri ola bilər. Prezident avqustun 26-da “Glenn Beck Program” verilişinə müsahibə verib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə “Washington Post” qəzetinə deyib ki, MKİ rəhbəri Moskvaya “xüsusi xidmətlər arasında əlaqə yaratmaq” üçün gedib.

Peskov TASS agentliyinə bildirib ki, MKİ direktorunun Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılmayıb.

“Washington Post” yazır ki, Peskov bir gün əvvəl Moskvanın Vnukovo hava limanına gələn ABŞ hərbi təyyarələri barədə Kremldə məlumat olmadığını bildirmişdi.

Avqustun 25-də CBS və Axios adı açıqlanmayan mənbələrə istinadla Retkliffin Moskvaya öncədən elan olunmamış səfəri barədə məlumat yayıb. “Axios”un jurnalisti Barak Ravid yazıb ki, Retkliffin səfəri zamanı ABŞ hakimiyyəti Ukraynadan Rusiya ərazisinə zərbələri dayandırmağı xahiş edib.

“The Wall Street Journal” Retkliffin səfərinin bir neçə mümkün səbəbini göstərib. Bunlar Rusiyada ehtimal olunan səfərbərlik, Ukraynanın Rusiyaya hücumlarını intensivləşdirməsi, İranla müharibə və ya Moskvanın NATO ölkələrinə qarşı mümkün təxribatı ola bilər.

Kremlin müxbirləri qrupundan jurnalist Aleksandr Yunaşevin ehtimalına görə, Rusiya prezidentinin iş qrafiki məhz Retkliffin səfərinə görə dəyişdirilib. Onun sözlərinə görə, avqustun 25-nə “çox genişmiqyaslı tədbir” planlaşdırılmışdı, MKİ direktorunun səfərindən bir neçə gün əvvəl həmin tədbir başqa vaxta keçirilib.

MKİ direktoru Moskvaya qəfil səfər edib

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff avqustun 25-də Moskvaya qəfil səfər edib. Xəbəri ABŞ rəsmiləri AzadlıqRadiosuna təsdiqləyiblər, amma onun kimlərlə görüşdüyünü açıqlamayıblar.

MKİ və Ağ Ev də məsələ ilə açıqlama verməyib.

Bu qəfil səfər ABŞ kəşfiyyat qurumunun rəhbərinin Rusiyaya niyə şəxsən getməsi ilə bağlı suallar doğurub. Bundan əvvəl MKİ rəhbəri Uilyam Börnsün Rusiyaya getdiyi bəllidir. O, 2021-ci ilin noyabrında, Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan üç ay əvvəl Rusiya prezidenti ilə görüşüb.

Hazırda Rusiyanın işğalçı müharibəsini bitirmək üçün Vaşinqtonun səyləri dalana dirənib. Digər yandan Moskvanın Tehranla münasibətləri ilə bağlı gərginlik var.

ABŞ-də yerləşən Saratoqa Fondunun sədri, Rusiya üzrə ekspert Qlen Hovard AzadlıqRadiosuna bildirib ki, səfərin xarakteri məsələnin ciddi olduğunu göstərir.

“MKİ direktorları nəsə istəmək niyyətləri olmayanda Moskvaya getmirlər”, – Hovard deyib. Onun sözlərinə görə, məsələ mühüm olmadıqca onlar “Rusiyaya qədər gedib çıxmırlar”.

“Börns 2021-ci ilin noyabrında, Rusiyanın işğalından əvvəl ora getmişdi ki, onları Ukraynaya hücum etməməyə çağırsın”, – o bildirib.

ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri müharibə dövründə rusiyalı həmkarları ilə əlaqələri davam etdirirlər. Amma bu səviyyədə üzbəüz görüşlər nadir hallarda keçirilir.

Ukrayna və İran

Səfərin mümkün səbəblərindən biri Ukrayna ola bilər. Prezident Donald Trampın 2025-ci ilin avqustunda Alyaskada Putinlə keçirdiyi sammitə baxmayaraq, ABŞ-nin vasitəçiliyi ilə aparılan səylər dalana dirənib.

“Ümid etmək istərdim ki, onun siyahısının başında Vladimir Putin qarşısında Ukraynadakı bu açıq təcavüz müharibəsini dayandırmaqla bağlı barədə tələb dayanır”, – Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bredli Bouman AzadlıqRadiosuna bildirib.

Bouman səfər zamanı Rusiyanın İrana dəstəyinin də müzakirə oluna biləcəyini deyir.

“Ümid edirəm ki, o, Vladimir Putinə İranın peyklər buraxmasına yardım göstərməyi dayandırmağın vacib olduğunu da deyir”, – Bouman bildirib.

Hovardın da fikrincə, İran məsələsi Retkliffin missiyasının mərkəzində dayana bilər. Amma bunu özünün şəxsi ehtimalı da adlandırır. Hovardın fikrincə, Retkliff Moskvanı İrana silah və ya digər yardım verməyi dayandırmağa razı salmağa çalışa, bu səfər Kremlə qeyri-adi dərəcədə birbaşa xəbərdarlıq ola bilər.

Tokayevin bacısı qızı parlamentə düşüb

Kasım-Jomart Tokayev parlamentdə, 30 iyun, 2026-cı il
Kasım-Jomart Tokayev parlamentdə, 30 iyun, 2026-cı il

Qazaxıstanda parlament seçkilərinin qalibin elan olunmuş “Ədalət” (“Ədilet”) partiyası deputat mandatı alacaq üzvlərinin siyahısını açıqlayıb. Bu partiya yeni birpalatalı parlamentə - Qurultaya avqustun 24-də keçirilmiş seçkilərin qalibi elan edilib.

AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan “Azattyq Asia” xəbər verir ki, siyahıda prezident Kasım-Jomart Tokayevin bacısı qızı Dana Medeuovanın adı var. O, Tokayevin bacısı Karlığa İzbastina və onun həyat yoldaşı, diplomat, Qazaxıstanın Bolqarıstandakı keçmiş səfiri Temirtay İzbastinin qızıdır.

110 namizəd arasında “Ədalət” partiyasının sədri, Tokayev administrasiyasının keçmiş rəhbəri Aybek Dadebay, son çağırış Məclisin deputatı, keçmiş təhsil naziri Asxat Aymağambetov, keçmiş məmur Kuandık Bişimbayevin məhkəmə prosesindən sonra tanınan keçmiş prokuror Ayjan Aymağanova, son çağırış Məclisin deputatı, politoloq Aydos Sarım, söz azadlığını müdafiə edən “Ədil söz” Fondunun keçmiş rəhbəri Karlığaş Jamankulova da var.

Keçmiş dövlət müşaviri Yerlan Karin, “Kazaxtelekom” milli şirkətinin rəhbəri və keçmiş rəqəmsallaşma naziri Bağdat Musin, maarif naziri Juldız Süleymenova, “Qazax dili” (“Қазақ тілі”) Beynəlxalq Cəmiyyətinin prezidenti Rauan Kenjehanulının siyahıdan kənar qalıblar.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6 milyon 528 min 948 nəfər “Ədalət” partiyasına səs verib. Bu, seçici siyahılarına daxil edilmiş şəxslərin ümumi sayının 71,17 faizi deməkdir.

Astana seçkiləri baş tutmuş elan edib. ATƏT/DTİHB və ATƏT PA müşahidəçiləri bildiriblər ki, Qazaxıstanda seçkilər ciddi pozuntular olmadan keçib, lakin real müxalifət və siyasi plüralizm olmayıb.

Avqustun 26-da Qurultaya keçən digər dörd partiya da deputatlığa namizədlərinin siyahısını təqdim edib.

Türkmənistanda ətin qiymətinə etiraz edənləri saxlayıblar

Aşqabad yaxınlığında bazar
Aşqabad yaxınlığında bazar

Türkmənistanın Türkmənabad şəhərində bazarda alıcılar ətin qiymətindən narazılıq bildirərək satıcılarla mübahisəyə başlayıblar. “TurkmenNews” mənbələrinə istinadla Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının etirazçıları saxladığını yazır.

Nəşrin məlumatına görə, təxminən 30 nəfər qiymətlərdən narazılıq bildirib. Onlar deyiblər ki, maaşları azdır və ucadan etiraz etməyə başlayıblar. Əvvəlcə hadisə yerinə polis gəlib, kütləni sakitləşdirməyə çalışıb. Bir müddət sonra bazara Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib və əsasən kişiləri saxlayıb.

“Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı onlara deyib ki, ‘toxluqdan qudurublar’, ‘çox danışsalar, ümumiyyətlə ətsiz qalacaqlar’. Bu, etirazçıları lap qəzəbləndirib”, – “TurkmenNews”un mənbəsi bildirir.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin kütləni dağıtması təxminən iki saat çəkib, baş verənləri videoya çəkməyə də imkan verməyiblər. Saxlanılanlara hansı cəza verildiyi bəlli deyil.

“Türkmənistan xronikası” isə xəbər verir ki, Arxadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov məscidinin tikintisi münasibətilə keçirilən sədəqə mərasimindən sonra ətin qiyməti kəskin bahalaşıb. Nəşrin məlumatına görə, mayda sümüklü mal ətinin kiloqramı 135 manat olub, indi 160 manata qalxıb.

Avqustun əvvəlində AzadlıqRadiosunun türkmən xidməti xəbər vermişdi ki, mal və quş ətinin bahalaşması Lebap vilayətində sakinlərini etiraza çıxmağa vadar edib. Türkmənistan sərt nəzarət altındadır deyə belə etirazlar nadir hal sayılır.

Meta uşaqlarla bağlı məhkəmə iddialarına görə 18 milyard dollar ödəyəcək

"Meta"nın loqosu
"Meta"nın loqosu

“Meta Platforms” uşaqlarda sosial media asılılığı ilə bağlı ABŞ-də qaldırılmış məhkəmə iddialarının həlli üçün qarşıdakı on il ərzində 18 milyard dollar ödəyəcək. Şirkət yeniyetmələrin Facebook və Instagram-dan istifadəsinə ciddi məhdudiyyətlər qoyacaq. Bu barədə ABŞ ştatlarının demək olar ki, hamısı ilə razılaşma əldə olunub. Ştatlar "Meta"nı bu platformaları uşaqlarda asılılıq yaratmaq məqsədilə hazırlamaqda ittiham edirdi.

Razılaşma avqustun 26-da açıqlanıb. “Reuters” yazır ki, "Meta"nın fəaliyyətində köklü dəyişiklik edilməyəcək. Amma bu razılaşmalar şirkətin azyaşlı və yeniyetmə istifadəçilərə xidmətinə təsir göstərmək cəhdidir.

Bu razılaşma sosial media şirkətlərinə qarşı minlərlə məhkəmə iddiasının həlli üçün nümunə ola bilər. Dünyanın müxtəlif ölkələri uşaqların zərərli onlayn məzmuna çıxışını məhdudlaşdırmağa çalışır. Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan edilib.

Meta qarşıdakı on il ərzində yeniyetmələrin Facebook və Instagram-dan istifadəsini gündə iki saata salmağa razılaşıb. Valideynlərin razılığı olmayanda isə gecə saat 12-dən səhər 6-dək bu platformalardan istifadə tam bloklanacaq.

Snapchat, TikTok və YouTube da oxşar qaydalar tətbiq edərsə, bu məhdudiyyətlər daha da sərtləşdirilə bilər. Meta dərs saatlarında yeniyetmə istifadəçilərə göndərilən ani bildirişləri əsasən deaktiv edəcək.

Meta razılaşmanı qəbul etsə də, hər hansı qanun pozuntusuna yol vermədiyini bildirib. Ödəniləcək məbləğ şirkətin təxminən üç-dörd aylıq mənfəətinə və bir aylıq gəlirinə bərabərdir.

Davamı

XS
SM
MD
LG