Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 16:08

Trampın Putinlə yüksəkriskli danışıqlarda planı nə olacaq?


Zelenski, Tramp, Putin
Zelenski, Tramp, Putin

Vaşinqtonun əsas siyasi dairələri ABŞ prezidenti Donald Tramp ilə onun rusiyalı həmkarı, prezident Vladimir Putin arasındakı danışıqlardan tez-tez narahatlıq duyur.

ABŞ lideri avtoritar Kreml rəhbərinə qarşı tənqidçiləri və hətta bəzi müttəfiqləri çaşqın vəziyyətə salan rəğbət nümayiş etdirib. Bu da bir çoxlarını düşündürür ki, hiyləgər keçmiş KQB polkovniki yaltaqlıq və digər üsullardan istifadə edərək istədiyini əldə edə bilərmi.

Tramp Ukraynadakı müharibənin dayandırılması ilə bağlı bu gün - martın 18-də Putinlə telefon danışığına hazırlaşarkən, beynəlxalq ictimaiyyət onun öz mövqeyini qoruyub-qorumayacağını və şərtsiz müvəqqəti atəşkəs tələb edəcəyini, yoxsa Rusiyanın bəzi tələblərini qəbul edəcəyini gözləyir.

Ukrayna üçün çox şey, o cümlədən ərazi bütövlüyü təhlükə altındadır.

Demokratiyaların Müdafiəsi Fondunda Rusiya proqramı üzrə direktor müavini Con Hardi AzadlıqRadiosuna açıqlamasında belə deyib: "Prezident Trampın öz mövqeyini qoruması və təmiz atəşkəs tələb etməsi vacibdir. Əgər ruslar buna razı olmasa, o, Moskva üzərində təzyiqi artırmaq üçün verdiyi vədləri yerinə yetirməyə hazır olmalıdır".

Martın 11-də Ukrayna prezident Trampın 30 günlük, qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və topu Rusiya tərəfə ötürüb. Bundan üç gün sonra Moskvada keçirdiyi mətbuat konfransında Rusiya prezidenti topu nəzakətlə Trampa ötürməyə çalışıb. O bildirib ki, ABŞ prezidentinin təklifi ilə prinsipcə razı olsa da, hər hansı bir razılaşmaya getməzdən əvvəl bəzi məsələlərin həll olunmasını istəyir. Putin bildirib ki, hazırda onun qüvvələrinin döyüş meydanında üstünlüyə malik olduğu bir vaxtda o, Ukraynanın fasilədən istifadə edərək öz qüvvələrini səfərbər etmək, təlim keçmək və yenidən silahlanmaqla bu vəziyyətdən faydalana biləcəyindən narahatdır. O, həmçinin atəşkəs zamanı min kilometrdən çox olan cəbhənin necə izlənəcəyini sual edib və sülh danışıqlarında yerdəki reallığın nəzərə almasını istəyib. Bu isə Rusiyanın Ukrayna torpaqları üzərindəki nəzarətinə işarədir.

Tramp, Zelenski, Putin
Tramp, Zelenski, Putin


Ekspertlər uzun müddətdir xəbərdarlıq edir ki, Putin yalnız müharibəni öz şərtləri ilə bitirməkdə maraqlıdır. Bunlara 2022-ci ildə Rusiyanın ilhaq etdiyini iddia etdiyi Ukraynanın dörd ərazisinin tamamilə işğal edilməsi, Kiyevin silahsızlaşdırılması və ölkənin NATO-dan kənarda saxlanılması daxildir. Tramp isə müharibəni mümkün qədər tez bitirmək məsələsini administrasiyasının ən önəmli prioritetlərindən biri elan edib. Moskva ilə Kiyev arasındakı tələblər bu qədər fərqli olduğu üçün bəziləri narahatdır ki, Tramp Putinlə müqayisədə Ukrayna prezidenti Volodimir Zelenskiyə daha çox güzəştə getməyə təzyiq edə bilər.

Atəşkəs danışıqlarına başlamazdan əvvəl ABŞ prezidenti Ukraynanın NATO üzvlüyünə qarşı olduğunu bildirib və Kiyevin torpaq itirməli olacağını qeyd edib – bu, Putinlə iki əsas tələb üzrə razılaşma kimi görünür. Lakin, Tramp bu məsələləri atəşkəs razılaşması üçün əvvəlcədən şərt kimi qəbul etməyib.

Buna baxmayaraq, Tramp telefon danışığı barədə optimist olduğunu bildirib və martın 16-da jurnalistlərə verdiyi açıqlamada "atəşkəs əldə etmək üçün həftəsonu ərzində çox iş görülüb" deyib.

Tramp martın 18-də keçiriləcək telefon danışığına hazırlıq məqsədilə keçən həftə xüsusi elçisi Stiv Uitkoffu Putinlə görüşmək üçün Moskvaya göndərib.

Tramp bildirib ki, o, Putinlə həm "torpaq", həm də "enerji stansiyaları" mövzularını müzakirə edəcək. İkinci mövzu (enerji stansiyaları) Ukraynada Avropanın Rusiyanın nəzarəti altında olan ən böyük nüvə enerji stansiyasına mümkün bir istinad ola bilər.

ABŞ-nin Ukraynada səfiri olmuş (2003-2006) və "Atlantic Council" mərkəzinin analitiki Con Hörbst AzadlıqRadiosuna verdiyi açıqlamada bildirib ki, Kremldən gələn ritorika Ağ evin nikbinliyi ilə uyğunlaşmır. Hörbst bildirib ki, Rusiya güzəştə getməyə hazır olması ilə bağlı heç bir işarə verməyib.

İen Bremmer
İen Bremmer

"Yaxşı bir şey"

Siyasi risklər üzrə konsaltinq şirkəti "Eurasia Group"un təsisçisi İen Bremmer martın 17-də X sosial şəbəkəsində paylaşdığı videoçıxışında bildirib ki, Ukraynanın döyüş meydanında qarşılaşdığı çətinlikləri nəzərə alaraq, Trampın atəşkəs çağırışı vacib bir addımdır.

Ukraynanın uğursuz əks-hücumundan sonra 2023-cü ilin sonlarından etibarən Rusiya şərqi Ukraynada irəliləyir. Rusiyanın canlı qüvvə baxımından əhəmiyyətli üstünlüyə malik olduğunu qeyd edən bəzi hərbi ekspertlər Ukraynanın öz ərazilərini geri qaytarması üçün bir yol görmürlər.

"Əgər keçmiş prezident Co Bayden Zelenskiyə və Avropa müttəfiqlərinə daha çox təzyiq göstərsəydi, Amerikanın Ukraynanın Rusiya qarşısında mövqeyinin zəiflədiyini və müharibənin hər iki tərəfdə daha çox xərclərə, itkilərə səbəb olduğunu qəbul etdiyini göstərsəydi, bu gün daha yaxşı vəziyyətdə olardıq", - Bremmer deyib.

Bremmer prezident Trampın terminologiyasından istifadə edərək ABŞ prezidentinin müttəfiqlərinin dəstəyi ilə bu danışıqlarda üstünlüyə malik olduğunu - kartların olun əlində olduğunu bildirib, lakin Putinin zəif bir vəziyyətdə də yaxşı oynaya biləcəyi barədə xəbərdarlıq edib.

Eyni zamanda, Tramp Rusiya haqqında sərt də danışıb. O, Kreml atəşkəsə razılaşmayacağı təqdirdə Rusiyaya tariflər və sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdid edib. Lakin Tramp bununla bağlı açıq şəkildə bir tarix verməyib, bu da Kremllə danışıqlar aparmaq üçün müəyyən bir manevr imkanı yaratmış olur.

C.Hardi bildirib ki, Trampın əlindəki əsas vasitələrdən biri neft sanksiyalarıdır.

Tramp neft ixracına qoyulan 60 dollar qiymət həddini endirə bilər. ABŞ prezidenti həmçinin, Rusiyanın neft tankerləri donanmasına əlavə sanksiyalar tətbiq edə bilər. Neft ixracı Rusiyanın iqtisadiyyatını və müdafiə xərclərini maliyyələşdirir və ölkə büdcəsinin təxminən üçdə birini təşkil edir.

Tramp seçki kampaniyası zamanı Ukraynaya verilən ABŞ hərbi yardımlarını sərt şəkildə tənqid edib, bu da Rusiya atəşkəs təklifini qəbul etməsə, silah tədarükünü təzyiq vasitəsi kimi istifadə etmə imkanını məhdudlaşdıra bilər.

C.Hardi əlavə edib ki, prezident Tramp Ukraynaya veriləcək hərbi dəstək üçün ötən ilin aprelində qəbul edilən 61 milyard dollarlıq yardım paketindən qalan 3.8 milyard dolları istifadə edə bilər. O, həmçinin, ABŞ prezidentinin yardımı kredit şəklində verməyi də düşünə biləcəyini qeyd edib.

Yazı AzadlıqRadiosunun əməkdaşı Tod Prins tərəfindən hazırlanıb.

XS
SM
MD
LG