ABŞ-ın keçmiş prezidenti Donald Tramp aprelin 4-də Nyu Yorkda məhkəmə qarşısında çıxarılıb. Tramp 34 ittiham üzrə özünü təqsirli bilməyib. Prokurorlar onu iki qadınla seksual görüşləri barədə susmaqdan ötrü onlara pul verməkdə, biznes sənədlərini saxtalaşdırmaqda ittiham edirlər.
İttihamnamədə deyilir ki, Tramp 2016-cı il seçkiləri öncəsi özü haqda mənfi informasiyanın yayılmasını önləmək məqsədilə seçki qanunlarını pozub.
“Özümü təqsirli bilmirəm”, – 76-yaşlı Tramp məhkəmədə hakimin sualına belə cavab verib.
ABŞ tarixində ilk dəfədir ki, keçmiş, yaxud vəzifədə olan prezident ittihamla üzləşir. Tramp 2024-cü il prezident seçkisinə Respublikaçı Partiyasından namizədliyini verib. Onun vəkili Tod Blanş (Todd Blanche) jurnalistlərə deyib: “Bununla savaşacağıq, möhkəm savaşacağıq”.
İttihamların cəzası
Nyu Yorkda özünün biznes sənədlərini saxtalaşdırmağa görə bir ildən çox həbs cəzası kəsilmir. Ancaq bu, başqa bir cinayətin həyata keçirilməsi, yaxud gizlədilməsi üçün edilibsə, məsələn, seçki qanunu pozulubsa, dörd ilədək həbs cəzası kəsilə bilər.
İşdə adı keçən iki qadın pornoaktrisa Stomi Daniels (Stormy Daniels) və keçmiş pleyboy modeli Karen Makduqaldır (Karen McDougal).
Prokurorlar ittiham aktını elan edərkən deyiblər ki, Tramp sosial media postlarından birində ittiham olunarsa, “ölüm və dağıntıyla” hədələyib. Hakim isə tərəfləri “zorakılıq və vətəndaş itaətsizliyinə səbəb ola biləcək bəyanatlardan çəkinməyə” çağırıb.
Polis Trampın tərəfdarlarını məhkəmə qarşısından uzaqlaşdırmaq üçün barrikada qurub, ancaq bəzi qarşıdurmalar yaranıb.
“Seçkiyə müdaxilə”
Tramp məhkəmə zalına girəndə, təxminən bir saat sonra çıxanda heç bir açıqlama verməyib.
O, Nyu Yorkdan Floridadakı evinə uçub. Orada isə Maro-Laqo Klubunda ailəsi, dostları və tərəfdarları qarşısında çıxış edərək məhkəməni "seçkiyə müdaxilə" adlandırıb.
“Amerikada belə bir şeyin baş verəcəyi heç vaxt ağlıma gəlməzdi. Törətdiyim yeganə cinayət budur ki, ölkəmi onu dağıtmaq istəyənlərdən qorxmadan qorumuşam, – Tramp vurğulayıb.
Hazırda Trampa qarşı Corciya ştatında onun 2020-ci il seçkisində bu ştatdakı məğlubiyyətini qanunsuz olaraq dəyişdirməyə cəhd göstərib-göstərməməsi üzrə təhqiqat gedir. ABŞ Ədliyyə Departamenti isə onun 2020-ci il seçkisinin nəticələrini dəyişdirmə cəhdlərini, vəzifədən gedəndən sonra məxfi sənədlərlə necə davranmasını araşdırır.