Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Tramp İrana sanksiyaların yumşaldılmasını təklif etmədiyini deyir

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp nüvə proqramı ilə bağlı güzəştlər qarşılığında Tehrana sanksiyaların yumşaldılmasını və dondurulmuş vəsaitlərin açılmasını təklif etmədiyini deyir. Bundan əvvəl isə media onun belə addımlar atmağa hazır olduğunu bildirib.

"Bu, doğru deyil. Mən onlara HEÇ NƏ təklif etməmişəm", – Tramp "Truth Social" platformasında vurğulayıb.

"Axios" sentyabrın 28-də keçirilən yeni dolayı danışıqlar fonunda prezidentin nüvə proqramı ilə bağlı güzəştlər qarşılığında İrana belə imkanlar yaratmağa hazır olduğu barədə xəbər yaymışdı.

""Axios"un xəbəri, digər xəbərlərinin çoxu kimi, uydurmadır. Onların yeganə məqsədi mənə olan kor-koranə nifrətlərini göstərməkdir. Bu saxta xəbəri dərhal silməlidirlər!", – Tramp yazıb.

"Axios" bu xəbəri adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaymışdı.

CNN də adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadla xəbər verib ki, Tehran nüvə məsələsində "konkret irəliləyiş" əldə edərsə, Tramp yekun razılaşma çərçivəsində sanksiyaları yumşaltmağa və dondurulmuş vəsaitləri qaytarmağa hazırdır.

Bundan əvvəl Tramp jurnalistlərə bildirmişdi ki, ABŞ rəsmiləri sentyabrın 28-də İranla müharibəni bitirməyə çalışan vasitəçilərlə danışıqlar aparıb. Onun sözlərinə görə, ABŞ müharibədə "çox tezliklə" qalib gələcək.

"Məncə, biz qalib gələcəyik, bu, bu və ya digər şəkildə baş verəcək. Hər şey kifayət qədər tez olacaq", – Tramp deyib.

Abbas Əraqçi
Abbas Əraqçi

Əraqçi: Vasitəçilərə təklif verilib

Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran müharibənin sülh yolu ilə həlli üçün vasitəçilərə öz təklifini təqdim edib. Amma onu da əlavə edib ki, Hörmüz boğazının yenidən açılması üçün İranın ali liderinin vurğuladığı şərtlər yerinə yetirilməlidir.

İran dövlət mediasının məlumatına görə, Əraqçi Qətər vasitəçiləri üzərindən sentyabrın 29-da yekun cavab alacağına ümid etdiyini söyləyib.

"Əgər amerikalılar razılaşma və ya sülh yolu ilə həll axtardıqlarını iddia edirlərsə, biz həmin həll yolunu artıq göstərmişik", – Əraqçi Nyu-Yorkda, BMT Baş Assambleyasında deyib.

İranın ali lideri Müctəba Xamenei isə ofisinin yaydığı bəyanatda ölkəsinin Hörmüz boğazını qorumaq məsələsində israrlı olduğunu bildirib.

Martda ali lider seçiləndən bəri ictimaiyyət qarşısına çıxmayan Xamenei vurğulayıb ki, İranı "düşmənin onu görmək istədiyi keçmiş dövrə" qayıtmağa vadar etmək qeyri-mümkündür.

​
XS
SM
MD
LG