Keçid linkləri

2026, 21 Avqust, cümə, Bakı vaxtı 01:02

Tramp İrana 'misli görünməmiş iqtisadi müharibə' elan edib

Donald Tramp
Donald Tramp

Tramp Vaşinqtonun müttəfiqlərini də İranın təcrid olunmasına qoşulmağa çağırıb

ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını elan edib. Onun sözlərinə görə, tarixdə indiyədək heç bir ölkəyə qarşı bu cür əməliyyat aparılmayıb.

“İran İslam Respublikasına razılaşma əldə etmək üçün mənim qədər imkan verən olmayıb. Təəssüf ki, onlar bu imkanlardan istifadə etməyiblər. Buna görə də bu gün indiyədək heç bir ölkəyə qarşı həyata keçirmədiyimiz ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş iqtisadi müharibə və təcrid olacaq”, – Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Onun dediyinə görə, İrana yardım edəcək istənilən ölkə “nəhəng iqtisadi nəticələrlə” üzləşəcək, amma detalları açıqlamayıb.

Tramp İrana qarşı tədbirləri “iqtisadi D günü” adlandırıb. “D günü” İkinci Dünya müharibəsi vaxtı, 1944-cü il iyunun 6-da Müttəfiq qüvvələrin Normandiyaya desant çıxardığı günə deyilir.

Tramp Vaşinqtonun müttəfiqlərini də İranın təcrid olunmasına qoşulmağa çağırıb.

Bundan əvvəl Tramp İranı dağıdıcı hərbi zərbələrlə hədələyirdi. Amma son vaxtlar bu təhdidləri iqtisadi təzyiqlə bağlı bəyanatlarla əvəzləyib.

Gəmilər Hörmüzdən keçir?

ABŞ prezidenti avqustun 19-da jurnalistlərə deyib ki, Hörmüz boğazı ABŞ-nin nəzarəti altındadır. İran isə bu strateji su yolunu bağladığını bildirir. Tramp İranla qarşıdurmada hazırkı vəziyyətdən məmnunluğunu bildirib, Tehranla danışıqların nə vaxtsa bərpa oluna biləcəyini də əlavə edib.

“Axios” nəşri ABŞ administrasiyasındakı mənbələrə istinadla yazır ki, İranın təhdidlərinə baxmayaraq, ABŞ hərbçiləri tankerlərin Hörmüz boğazından keçidini təmin edir. Beləliklə, rəsmi rəqəmlərdə daşınan neftin həcmi xeyli aşağı göstərilir, əslində boğazdan gizli şəkildə gündə milyonlarla barel neft keçir.

Bu marşrutun Oman sahilləri boyunca uzandığı, onunla müharibədən əvvəl Hörmüzdən daşınan neftin təxminən yarısının keçdiyi iddia olunur. Bu da neftin qiymətini müəyyən səviyyədə saxlamağa kömək edir. ABŞ-nin boğazdan gəmilərin keçməsini Fars körfəzi ölkələri ilə koordinasiya etdiyi bildirilir.

İyulda ABŞ İrandakı obyektləri vurandan sonra Tehranın gəmilərin hərəkətinə təsir imkanlarının zəiflədiyi bildirilir. Bununla belə, İran gəmilərə vaxtaşırı hücumlar edir. İddiaya görə, bu zaman konkret bir gəmi hədəf götürülmür, daha çox təsadüfi hədəflər vurulur.

Vaşinqton və Tehran bu iddiaları rəsmən şərh etməyib. AzadlıqRadiosunun rus xidməti yada salır ki, bundan əvvəl də bəzi gəmilərin ABŞ hərbçilərinin köməyi ilə transponderlərini söndürərək Hörmüz boğazından keçdiyi barədə məlumatlar yayılmışdı.

XS
SM
MD
LG