Keçid linkləri

2026, 09 İyul, cümə axşamı, Bakı vaxtı 12:29

Trampın çıxışından sonra dollar möhkəmlənib, səhmlər düşüb

Enerji sektoru yüksəliş göstərən yeganə sahədir.
Enerji sektoru yüksəliş göstərən yeganə sahədir.

Aprelin 2-də Avropada əsas səhm indeksi 1 faizdən çox düşüb. Buna Yaxın Şərqdəki münaqişənin tezliklə bitəcəyinə ümidlərin azalması səbəb olub. ABŞ prezidenti Donald Tramp aprelin 1-də xalqa müraciətində İrana əlavə zərbələr endiriləcəyini deyib.

"STOXX 600" indeksi 1.2 faiz azalaraq 589.99 bəndə düşüb. Amma indeks həftəlik artıma doğru gedir.

Texnologiya sektorunun səhmləri (.SX8P) təxminən 3 faiz ucuzlaşıb. Mədən şirkətlərinin səhmləri (.SXPP) 2.7 faiz azalıb.

Tramp çıxışında növbəti iki-üç həftə ərzində İrana "aşırı ağır" zərbələr vəd edib. "Onları aid olduqları daş dövrünə qaytaracağıq", – o vurğulayıb.

"Brent" markalı xam neftin bir barelinin qiyməti təxminən 7 faiz bahalaşıb, 108 dollara yaxınlaşıb. Enerji sektorunun səhmləri 1.2 faiz artıb və yüksəliş göstərən yeganə sektor olub.

Neftin bahalanması "Air France" və "Lufthansa" kimi aviaşirkətlərin səhmlərinə təzyiq göstərib, hərəsi 3.7 faizdən çox ucuzlaşıb.

Bu arada aprelin 2-də dollar Trampın çıxışı fonunda digər böyük valyutalara qarşı möhkəmlənib.

İnvestorlar dərhal riskli aktivlərdən çıxaraq ABŞ dolları alıblar. Yen, avro, funt sterlinq, inkişaf etməkdə olan bazarların valyutaları ucuzlaşıb.

"Reuters" yazır ki, bununla dollar son iki gündə itirdiklərini bərpa edib.

"Trampın dedikləri bazarları əmin edə bilmədi... Bazarlar anlamağa başladılar ki, müharibə hələ bir müddət qızışacaq", – "Commonwealth Bank of Australia"da valyuta strateqi Karol Konq belə deyir. O, dolların bundan sonra da böyük valyutalara qarşı bahalanacağını əlavə edib.

Fevralın 28-də ABŞ və İsrail İrana aviazərbələrə başlayandan Tehran Yaxın Şərqdə müxtəlif hədəflərə raket və dron zərbələri endirir. İran dünya neft və qazının təxminən 20 faizinin daşındığı Hörmüz boğazını da faktiki blokadaya alıb, bir neçə gəmini vurub.

Müharibə başlayandan dünyada enerji qiymətləri kəskin artıb.

XS
SM
MD
LG