Dünya xəbərləri
Tramp Pentaqona Cənubi Koreya ilə hərbi təlimləri azaltmağı tapşırıb
ABŞ prezidenti Donald Tramp Pentaqona Cənubi Koreya ilə birgə hərbi təlimləri “əhəmiyyətli dərəcədə azaltmağı” tapşırıb. Tramp bazar günü – avqustun 16-da verdiyi tapşırığı təlimlərin xərci, müttəfiqi Seulun İrana qarşı əməliyyatlarda iştirakdan imtinası ilə izah edib.
Təlimlərin başlamasına bir neçə saat qalmış Tramp “Truth Social” platformasında yazıb ki, ABŞ-nin bu təlimlərdə iştirakından “narazıdır”. O, Şimali Koreya lideri Kim Çen Inla “çox yaxşı münasibətləri” olduğunu vurğulayıb. Nüvə silahı olan Pxenyan ağır sanksiyalar altındadır.
“Bu təlimlər təkcə bahalı deyil... həm də Donald Tramp prezident olduğu müddətdə təhdid yaratmayan və hörmətlə davranan bir ölkəyə tamamilə yersiz və düşməncəsinə siqnal göndərir”, – Tramp yazıb.
Hər il keçirilən “Ulchi Freedom Shield” birgə hərbi təlimləri avqustun 27-dək davam etməlidir. Təlimlərdə təxminən 18 min Cənubi Koreya hərbçisi iştirak edir.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi “Reuters”ə bildirib ki, təlimlər planlaşdırıldığı kimi avqustun 17-də başlayıb, amma Trampın açıqlamalarını şərh etməyib. Seulda qeyri-iş günü olduğundan prezident administrasiyası, müdafiə və xarici işlər nazirlikləri sorğulara dərhal cavab verməyib.
Pentaqonun sözçüsü məsələ ilə bağlı sualları Ağ Evə yönləndirib. Ağ Ev isə əlavə şərh verməyib.
Tramp uzun müddətdir Cənubi Koreya ilə hərbi təlimləri dayandırmağa və ya məhdudlaşdırmağa çalışır. Cənubi Koreyada yerləşdirilmiş 28 min 500 ABŞ hərbçisinin saxlanılması xərclərinin bölüşdürülməsi məsələsində Seulla fikir ayrılığı var.
Şimali Koreya texniki baxımdan hələ də Cənubi Koreya ilə müharibə vəziyyətindədir. Pxenyan ABŞ və Cənubi Koreyanın birgə təlimlərini adətən işğala hazırlıq sayır. Cənubi Koreya və Yaponiya bildirir ki, Pxenyan ötən həftə şərq sahillərindən Yaponiya dənizi tərəfə ballistik raket buraxıb. Bundan bir neçə gün əvvəl də Şimali Koreya qısamənzilli ballistik raket buraxmışdı.
Trampla Kim Çen Inın münasibətləri illərlə enişli-yoxuşlu olub. Onlar həm bir-birinə qarşılıqlı təhdidlər də səsləndirib, həm də üç sammitdə iştirak ediblər.
Bütün xəbərləri izləyin
İranda xarici media ilə ünsiyyətə görə cinayət məsuliyyəti gəlir
İran parlamenti hakimiyyətin düşmən saydığı media qurumları ilə ünsiyyətə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Söhbət ABŞ və İsraildə qeydiyyatdan keçmiş və ya bu ölkələrdən maliyyə alan media qurumlarından gedir. “Reuters” bu məlumatı İranın “Şərq” nəşrinə istinadla yayıb.
Qanun layihəsini Mühaffizlər Şurası rəsmən təsdiqləməlidir. Sənəddə “düşmən” media qurumlarına müsahibə verməyə görə iki ilədək həbs cəzası nəzərdə tutulur.
Layihədə İran vətəndaşlarının digər xarici media qurumları ilə ünsiyyət imkanları da məhdudlaşdırılır. Xarici mediadan müsahibə təklifi barədə Təhlükəsizlik Nazirliyinə məlumat vermək tələb olunacaq. Xarici səfirliklər və xarici qurum nümayəndəlikləri ilə ünsiyyət üçün İran Xarici İşlər Nazirliyindən icazə almaq lazım gələcək. Bu qaydanın pozulması cərimələrə və digər cəzalara səbəb olacaq. Sənəddə xarici ölkələr və qurumlarla biznes və ya elmi əməkdaşlıq qaydalarının sərtləşdirilməsini nəzərdə tutur.
İranda “düşmən dövlətlər”lə əməkdaşlıq qadağandır, bu qanun layihəsi həmin qaydaları daha da sərtləşdirir.
İranlı fotojurnalist Yəlda Moayeri bu yaxınlarda qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib. O, xarici mediaya müsahibələr verməsi, onlara ABŞ və İsrailin İrana zərbələrinin nəticələrini əks etdirən fotolar göndərməsi ilə əlaqədar “sionist rejim və ABŞ-nin maraqları naminə fəaliyyət göstərmək”də ittiham olunub.
İddia olunan pozuntuları Təhlükəsizlik Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat strukturu araşdıracaq.
İran müstəqil jurnalistika və informasiyaya çıxış onsuz da sərt şəkildə məhdudlaşdırıb. “Sərhədsiz Reportyorlar” təşkilatının 2026-cı il Dünya Mətbuat Azadlığı İndeksində İran 180 ölkə arasında 177-ci yerdədir. Təşkilat İranda jurnalistlərin həbsini, izlənilməsini, təzyiqlərə məruz qalmasını, senzura və jurnalistlərə verilən ağır həbs cəzalarını səbəblər kimi sadalayır.
Belqoroda raket zərbəsindən 6 nəfər həlak olub
Rusiyanın Belqorod vilayətinə raket zərbəsindən 6 nəfər həlak olub.
Vilayətin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayevin dediyinə görə, dörd nəfər, o cümlədən 14 yaşlı yeniyetmə xəsarət alıb.
Şuvayev raket zərbəsinin nə vaxt endirildiyini dəqiqləşdirməyib. “Pepel” teleqram kanalının məlumatına görə, yerli sakinlərin yazdıqlarından hadisənin avqustun 16-da baş verdiyi məlum olur.
Ukrayna Belqoroddakı Koloskovo kəndinə raket zərbəsi barədə məlumatı, hələlik, şərh etməyib.
Bryansk vilayətinə dron hücumu nəticəsində yerli sakin həlak olub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 17-nə keçən gecə Həştərxan, Belqorod, Bryansk və digər vilayətlər üzərində Ukraynaya məxsus 205 dron vurulub.
Rusiya ordusu isə avqustun 17-nə keçən gecə Ukraynaya 128 dron buraxıb. Ukrayna qüvvələri onlardan 106-nı vurub və ya zərərsizləşdirib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, 14 ərazidə dron zərbələri qeydə alınıb, daha iki yerdə isə vurulan PUA-ların qalıqları düşüb.
Dnepropetrovsk vilayətinə Rusiyanın hücumları nəticəsində beş nəfər xəsarət alıb.
Rusiya ordusu gecə saatlarında Odessa vilayətində liman infrastrukturuna hücum edib. Toqo bayrağı altında üzən mülki gəmi zədələnib. Dörd nəfər xəsarət alıb, üçü xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Odessa limanında “Tarantul” tipli patrul kateri və yanacaq çənləri vurulub.
NATO hərbçilərinin Rumıniya üzərində Rusiya dronu vurduğu bildirilir
Avqustun 16-na keçən gecə NATO-nun F-18 qırıcısı Rumıniyanın hava məkanını pozan naməlum dronu vurub. Məlumatı ölkənin Milli Müdafiə Nazirliyi yayıb.
Bundan əvvəl dron Moldova üzərindən uçub. Moldova Müdafiə Nazirliyinin məlumatına görə, dron səhər saat 4:31 radələrində Ukraynanın Odessa vilayəti tərəfdən ölkənin hava məkanına daxil olub, bir neçə yaşayış məntəqəsinin üzərindən keçib və 20 dəqiqə sonra Rumıniyanın hava məkanına keçib. Qurum dronun Rusiya ordusunun Ukraynaya hücumunda iştirak etdiyini bildirir.
Rumıniya Müdafiə Nazirliyi isə bildirib ki, Qalats şəhərindən təxminən 24 kilometr şimalda hava obyekti Moldovanın hava məkanına daxil olub: “Kəşfiyyat missiyası çərçivəsində [İspaniya hərbçilərinin qırıcısı] hədəflə radar əlaqəsi qurulub, atəş açmaq üçün icazə alıb”.
Vurulan dronun qalıqlarınln Kudalbi və Beleni yaşayış məntəqələri arasındakı yaşayış olmayan əraziyə düşdüyü bildirilir.
Rumıniyanın Qalats şəhəri ölkənin şərqində, Moldova və Ukrayna sərhədlərinin yaxınlığında yerləşir.
“Reuters” NATO təmsilçisi Martin O'Donnellə istinadla yazır ki, hərbçilər hadisənin başvermə şəraitini araşdırırlar. Onun sözlərinə görə, dronun Rusiyaya məxsus olduğu ehtimal edilir.
İlin əvvəlindən bəri artıq dördüncü dəfədir oxşar hadisə baş verir. NATO qırıcıları iyuldan bəri Ukrayna tərəfdən Rumıniya ərazisinə daxil olan dronları vurmağa başlayıblar. Rumıniya hakimiyyəti bunların Rusiya dronları olduğunu bildirir.
Bu ilin mayında Rumıniya prezidenti Nikuşor Dan Rusiyanın Konstantsadakı baş konsulu Andrey Kosilini persona non qrata elan edib, şəhərdəki Rusiya Baş Konsulluğunun bağlanacağını açıqlayıb. Bundan əvvəl Rusiya dronu Qalatsda yaşayış binasının damına çırpılmışdı. O zaman dronun vurulmamasına görə hakimiyyət tənqid olunmuşdu.
İyulda Rusiya dronu ölkənin hava məkanına növbəti dəfə girincə Rumıniya hakimiyyəti rusiyalı diplomatı ölkədən çıxarıb.
Moskva Vaşinqtondan cavab gözləyir: 'ABŞ Ukraynanın hücumlarında iştirak edir'
Rusiya iddia edir ki, ABŞ Ukraynanın ona qarşı hücumlarında yaxından iştirak edir və məsələni Vaşinqton qarşısında qaldırıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, bu dəstəyə kəşfiyyat məlumatlarının ötürülməsi də daxildir.
Lavrov Dövlət Departamentinə bir sıra suallar göndərdiklərini, cavab gözlədiklərini vurğulayıb. Dediyinə görə, suallar sırasında "Rusiya ərazisinin dərinliklərində mülki hədəflərə zərbələrin təşkilində Birləşmiş Ştatların daha geniş iştirakı" məsələsi də var.
ABŞ tərəfi hələlik bu açıqlamaya münasibət bildirməyib.
Fevraldan bəri Ukrayna ilə bağlı sülh danışıqları keçirilməyib. ABŞ və İsrail İranla müharibəyə başlayandan Moskva ilə Kiyev arasında vasitəçilik səyləri dayanıb.
Lavrovun dediyinə görə, Rusiya prezidenti Vladimir Putin bir il əvvəlki sammitdə ABŞ prezidenti Donald Trampa bildirib ki, Moskva Vaşinqtonun sülh təkliflərini dəstəkləməyə hazırdır.
ABŞ dövlət katibi Marko Rubio isə sammitdə hər hansı razılaşmanın əldə olunduğunu təkzib etmişdi. O demişdi ki, əgər belə bir razılaşma olsaydı, müharibə artıq başa çatmış olardı.
Rusiya Ermənistandan idxalın bərpası üçün şərtləri açıqlayıb
Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalının bərpası üçün onların təhlükəsizliyi təmin edilməli, məcburi tələblər yerinə yetirilməlidir. Rusiyanın “İnterfaks” xəbər agentliyi ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bu mövqedə olduğunu açıqlayıb.
Məcburi tələblərə isə Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarük zəncirinin izlənməsi daxildir. Məlumata görə, Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın görüşündə bu tələblər səsləndirilib. Nazirlər Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində görüşüblər.
Lut Rusiyaya tədarük edilən məhsulların Avrasiya İqtisadi İttifaqının baytarlıq və fitosanitar normalarına uyğunluğunu şərtsiz prioritet adlandırıb. Rusiya tərəfinə görə, qüvvədə olan normalara qeyd-şərtsiz əməl olunmalı, göndərilən məhsulların təhlükəsizliyinin təmin olunması üçün mexanizm hazırlanmalıdır.
Yerevan, hələlik, bu şərtləri şərt etməyib.
Rusiya aprelin sonlarından başlayaraq Ermənistandan meyvə, tərəvəz, quru meyvə, balıq, süd məhsullarının idxalına məhdudiyyət qoyub, bunu həmin məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə əlaqələndirib.
Rusiya prezidenti Vladimir Putin Yerevanı Avrasiya İqtisadi İttifaqında qalıb-qalmamaq və ya Avropa İttifaqına üzvlüklə bağlı "mümkün qədər tez" referendum keçirməyə çağırıb. Son günlər bu çağırışlar intensivləşib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Yerevan Avropaya inteqrasiya xəttini dəyişməyəcək.
Yaponiya Putinin Kuril adalarına səfərinə etiraz edib
Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi Rusiya prezidenti Vladimir Putinin İturupa Kuril adasına səfərinə etirazını bildirib.
"Etorofu adası daxil, Şimal əraziləri tarixən və hüquqi baxımdan Yaponiyanın ayrılmaz əraziləridir və Yaponiya bu səfərə qəti etirazını bildirir", – Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Avqustun 13-də Putin Saxalin vilayətinə səfəri çərçivəsində ilk dəfə İturup adasına gedib. O, vilayət rəhbəri Valeri Limarenko ilə görüşüb, "Yasnı" balıq emalı kompleksinə, Rusiya Qəhrəmanı Eduard Norpolov adına məktəbə və mərkəzi rayon xəstəxanasına baş çəkib.
TASS yazır ki, bundan əvvəl Rusiya rəsmiləri Kuril adalarına beş dəfə səfər ediblər. Dmitri Medvedev əvvəl prezident, daha sonra baş nazir olanda adalara dörd dəfə gedib. Baş nazir Mixail Mişustin isə İturup adasına bir dəfə səfər edib.
2022-ci ilin aprelində Yaponiya ölkənin xarici siyasətinə dair hökumətin rəsmi məlumat kitabçasını –"Diplomatiya üzrə Mavi kitab"ı dərc edib. Sənəddə Kuril adalarının cənub hissəsi "Yaponiyanın qanunsuz işğal altında olan ərazisi" adlandırılıb.
İkinci Dünya müharibəsinin sonundan bəri Yaponiya Kuril adalarının cənubundakı İturup, Şikotan, Kunaşir və Habomaiyə iddia edir. Müharibənin sonunda Sovet İttifaqı bu adaları ilhaq edib, orada yaşayan yaponlar köçürülüb. 1956-cı ildə Moskva və Tokio hərbi əməliyyatlara son qoyan bəyannamə imzalayıblar, ancaq indiyədək sülh müqaviləsi bağlanmayıb.
2003-cü ilədək Yaponiya diplomatiyası adaları rəsmən "qanunsuz işğal edilmiş", 2012-ci ilədək "əzəli torpaqlar" adlandırıb. 2012-ci ildən sonra hökumət Rusiya ilə kompromisə nail olmaq ümidi ilə bu cür ifadələrdən istifadə etməyib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləyə sonra Yaponiya Rusiya prezidenti Vladimir Putinə, ölkənin yüksək vəzifəli rəsmilərinə sanksiyalar tətbiq edib, Rusiyanı "ticarətdə ən əlverişli rejim" statusundan məhrum edib.
Litva Rusiya və Belarusla sərhədlərini keçilməz edəcək
Litva hökuməti Milli Müdafiə Nazirliyinin Rusiya və Belarusla sərhədlərdə "hərbi hərəkətliliyə qarşı tədbirlər" layihəsini təsdiqləyib. Məqsəd mümkün düşmən qüvvələrinin ölkəyə daxil olmasını çətinləşdirməkdir. Bundan ötrü Müdafiə Nazirliyi mövcud tədbirləri genişləndirəcək, yeni tədbirlər həyata keçirəcək.
Müdafiə nazirinin müavini Tomaş Mikelkeviçyus bildirib ki, sərhədin Litva tərəfində ərazi xəndəklərlə möhkəmləndiriləcək, bataqlıqlar bərpa olunacaq, əlavə maneələr yaradılacaq. Bunun üçün Litva ordusunun strukturunda xüsusi bölmə qurulacaq.
"Keçilməz zolaq" Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhədlər boyunca yaradılacaq, 20 metr enində olacaq. Müdafiə Nazirliyinin müəyyən edəcəyi əməliyyat rayonlarında səddin eni 150 metrədək artırılacaq. Proqramın birinci mərhələsi 2028-ci ilin sonunadək, ikinci mərhələsi isə 2030-cu ilin sonunadək başa çatdırıla bilər, ikinci mərhələdə bataqlıqların bərpası nəzərdə tutulur.
Litvanın baş naziri Mindauqas Sinkeviçyus avqustun 6-da deyib ki, hökumət və kəşfiyyat Rusiyadan gələn təhlükəni kiçiltmək istəmir, amma vətəndaşların narahat olmasına ehtiyac yoxdur. Sinkeviçyus Belarusdan qanunsuz miqrant axınını, Latviyanın hava məkanının sərhədlərini pozan naməlum dronları və hava şarlarını indiyədək baş vermiş hibrid hücumlara nümunə kimi göstərib.
Litvanın hərbi kəşfiyyatı iyunda bildirib ki, hazırda Rusiyanın Baltikyanı ölkələrə hücuma hazırlaşmasının əlamətləri yoxdur, ancaq təxribat və diversiya aktları təhlükəsi qalır.
Zelenski: Bu il 26 kənd azad edilib
Ukrayna hərbçiləri bu ilin yanvar-avqust aylarında Rusiyanın daha əvvəl ələ keçirdiyi 26 yaşayış məntəqəsini geri qaytarıb. Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb ki, bu məntəqələr Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin kəsişməsindəki Aleksandrovsk istiqamətində yerləşir.
Prezident 745 kvadratkilometr ərazinin azad edildiyini bildirib. Dediyinə görə, azı 9.5 min Rusiya hərbçisi öldürülüb və əsirlər götürülüb.
O, əməliyyatın davam edib-etmədiyini açıqlamayıb. Prezidentə bu barədə hərbi rəhbərlik məruzə edib.
Son aylar Pokrovskdan cənub-qərbdə, üç vilayətin kəsişməsində Ukrayna qoşunlarının hücumu barədə məlumatlar yayılırdı. Rusiyanın hərbi kanalları Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə irəlilədiyini etiraf edir, ancaq bunun taktiki xarakterli olduğunu deyirdilər.
Cəbhənin digər hissələrində isə ya mövqelər dəyişməyib, ya da Rusiya qoşunlarının irəlilədiyi bildirilir. Rusiya qüvvələri son aylar Konstantinovkanın bir hissəsini nəzarətə götürüb, Slavyansk tərəfdə müəyyən qədər irəliləyib, Sumı və Xarkov vilayətlərinin sərhədyanı ərazilərində bir sıra yaşayış məntəqələrini ələ keçirib.
Qərb analitikləri 2026-cı ildə Rusiya qoşunlarının irəliləyiş tempinin zəiflədiyini qeyd ediblər.
Novorossiyskdə Rusiya gəmiləri vurulub
Ötən gün Ukrayna Baş Qərargahı Novorossiyskə hücumda Rusiyanın dörd gəmisinin vurulduğunu açıqlayıb. "Admiral Makarov" və "Admiral Essen" freqatları, "Buyan-M" kiçik raket gəmisi və "Vasili Bıkov" patrul gəmisinin zədələndiyi xəbər verilir.
Hələlik, bu xəbəri müstəqil mənbələr təsdiqləməyib. Amma ötən gecə Novorossiysk limanındakı neft terminalında və Rusiya hərbi gəmiləri ilə sualtı qayıqlarının dayandığı Hərbi Limanda yanğınlar baş verib. Monitorinq kanallarına görə, Qərb körpüsü və 6 nömrəli körpü də vurulub.
Bundan başqa, Novorossiyskdə su kəməri infrastrukturu zədələnib. Kommunal xidmətlər şəhərə soyuq və isti su verilməsinin müvəqqəti dayandırıldığını bildiriblər. Limandakı taxıl terminalı da fəaliyyətini dayandırıb.
Rusiya hərbçiləri isə son vaxtlar Ukraynanın Odessa vilayətindəki limanlara hər gün zərbələr endirirlər.
Kolumbiyada zəlzələdən ölənlərin sayı 250-ni keçib
Kolumbiyada bu əsrin ən dağıdıcı zəlzələsində ölənlərin sayı 250 nəfəri keçib.
Avropa İttifaqı 7.4 bal gücündə zəlzələdən zərər çəkən icmalara 2 milyon avro (2.3 milyon dollar) yardım ayıracağını bildirib. Bunu avqustun 11-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Hökumət dərhal qənaət tədbirləri elan edib, hazırda əvvəlki solçu hökumətin hazırladığı azı 180 milyard dollarlıq büdcəyə yenidən baxmağa hazırlaşır.
Zəlzələ avqustun 10-da – Abelardo de la Espriyelyanın prezidentlik andından cəmi bir neçə gün sonra baş verib. Bu hadisə yeni administrasiyanı ilk böyük böhranla üz-üzə qoyub.
İyunda isə qonşu Venesuelada iki dağıdıcı zəlzələ baş vermişdi.
ABŞ Geoloji Xidməti zəlzələnin 7.4 bal gücündə olduğunu, 107 kilometr dərinlikdə baş verdiyini bildirib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, bu, ölkədə 21-ci əsrdə qeydə alınmış ən güclü zəlzələdir.
1999-cu ildə Kolumbiyada baş verən 6.2 bal gücündə zəlzələ mindən çox insanın ölümünə səbəb olmuşdu.
Bəşər Əsədə qiyabi ölüm hökmü oxundu
Avqustun 11-də Suriyada məhkəmə ölkənin devrilmiş lideri Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıb. O, ölkədə 14 illik müharibə zamanı qətllər, işgəncələr və qanunsuz həbslər daxil, bir sıra cinayətlərdə təqsirli bilinib.
Əsəd 2024-cü ilin dekabrında üsyançıların hücumu ilə devrilib, üsyançılara başçılıq edən Əhməd əş-Şaraa Suriyanın faktiki liderinə çevrilib.
Dəməşqdən qaçan Əsəd hazırda Moskvadadır. Bu, onun barəsində ilk məhkumluq hökmüdür.
Əsəd dövründə təhlükəsizlik rəsmisi olmuş Atif Nəcib də ölüm cəzasına məhkum edilib.
1965-ci ildə anadan olan Əsəd atası Hafiz Əsədin ölümündən sonra, 2000-ci ildə prezident olub. O, sünni müsəlmanların çoxluq təşkil etdiyi ölkədə mənsub olduğu ələvi təriqətinin üstün mövqeyini qoruyub saxlayıb. Onun dövründə Suriya İranın müttəfiqi, İsrail və ABŞ-yə qarşı olub.
Suriyada 2011-ci ildə "Ərəb baharı" fonunda vətəndaş müharibəsi başlayıb. Demokratiya tələbi ilə keçirilən etirazlar genişmiqyaslı silahlı münaqişəyə çevrilib.
Rusiyanın Ukraynaya zərbələrindən 9 nəfər ölüb, yaralılar var
Avqustun 11-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya "Tsirkon" gəmi əleyhinə raketləri, "İskəndər-M"/"KN-23" ballistik raketləri (sayı açıqlanmır) və 120 zərbə dronu buraxıb. Ukrayna qüvvələri dronların 98-ni vura bilib. Hücumların əsas hədəfi Kiyev vilayəti və Zaporojye olub, Rusiya bu ərazilərə raket zərbələri endirib. Kiyevdə bir nəfər xəsarət alıb.
Zaporojyedə altı nəfər ölüb, daha 19 nəfər yaralanıb. Rusiya qüvvələri vilayət mərkəzinə raketlər və idarəolunan aviabombalarla kütləvi zərbə endirib.
Rusiya qüvvələrinin Dnepropetrovska hücumu nəticəsində üç nəfər, o cümlədən 15 yaşlı yeniyetmə həlak olub, daha beş nəfər yaralanıb.
Rusiyanın Voronej vilayəti üzərində isə 15 dron vurulub. Novousmanski rayonunda 49 yaşlı kişi həlak olub, daha iki nəfər yaralanıb. Əraziyə dron düşməsi nəticəsində iri şirkətə məxsus iki anbarda yanğın başlayıb.
"Astra"nın məlumatına görə, "Wildberries"in logistika mərkəzi Novousmanski rayonunun Aleksandrovka kəndində yerləşir. Şirkətin mətbuat xidməti gecə saatlarında Voronej vilayətindəki logistika obyektlərindən əməkdaşların təxliyə edildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətləri, o cümlədən ilhaq etdiyi Krım üzərində ümumilikdə 396 Ukrayna dronunun vurulduğunu bildirib.
Suriya Rusiya bazalarını saxlayır, amma şərti var
Moskva və Dəməşq Rusiyanın Suriyadakı mövcudluğunun yenidən təşkili ilə bağlı memorandum imzalayıblar. Bu haqda avqustun 9-da Suriyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Tərəflər təxminən ilyarım intensiv danışıqlar aparıblar. Danışıqlarda həm hərbi, həm də mülki obyektlərin gələcək taleyi müzakirə olunub. Əsas məsələ isə Rusiyanın Tartus və Hmeymimdəki iki ən böyük hərbi bazasının statusu olub. Məlumatı Suriyanın SANA xəbər agentliyi yayıb.
Memoranduma görə, Rusiya mülki obyektlərin, o cümlədən Hmeymim hava limanının və Tartus limanının bir terminalının idarəçiliyini Suriyaya verəcək. Bu obyektlərin ölkənin mülki infrastrukturuna inteqrasiyası nəzərdə tutulur.
Suriya XİN bildirib ki, bu qərarlar iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq.
2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd devrilib, Əhməd əş-Şaraa Suriyanın faktiki liderinə çevrilib. Suriyanın yeni müdafiə naziri Murhaf Əbu Qasra 2025-ci ilin fevralında deyib ki, Kreml ilə razılaşma Suriyanın maraqlarına uyğun gələrsə, ölkə Rusiyaya Aralıq dənizi sahillərində hava və hərbi-dəniz bazalarını saxlamağa icazə verəcək.
2025-ci ilin oktyabrında əş-Şaraa Moskvaya səfər edib, Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Rusiya Suriyanın Latakiya vilayətindəki Hmeymim bazasına və Tartusdakı donanmanın maddi-texniki təminat məntəqəsinə nəzarət edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Suriya hakimiyyəti Rusiyanın ölkədə qalmasında maraqlıdır, ancaq bunun fərqli formatda, əsasən humanitar şəkildə olmasını istəyir.
Netanyahu Trampın Qəzza planını rədd edir
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı son planını yenidən rədd edib. Netanyahu bunu bazar günü – avqustun 9-da bildirib.
Tramp regionda sülhün bərpası üçün 15 bəndlik yeni yol xəritəsi təklif edib.
İsrail ordusu Trampın təzyiqi altında avqustun 3-dən Qəzzada hücumları faktiki dayandırıb. Həmin gün Trampın atəşkəsə nəzarət edən “Sülh Şurası”nın Qəzza üzrə nümayəndəsi Nikolay Mladenov Netanyahu ilə görüşüb. Mladenov bazar günü yeni yol xəritəsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.
Tramp ötən ay Qəzza planı üzrə irəliləyiş əldə olunduğunu açıqlamışdı. Plana əsasən, HƏMAS silahlarını təhvil verdikcə İsrail qüvvələri geri çəkilməli, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni Fələstin polis qüvvələri ilə birlikdə Qəzzada təhlükəsizliyi təmin etməlidir.
ABŞ və Avropa İttifaqı HƏMAS-I terrorçu təşkilat sayır.
“İsrail 15 bəndlik sənədi qəbul etmir”, – Netanyahu Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə, HƏMAS tərksilah edilməyənəcən ordu “geri çəkilməyəcək. Buraya ağır silahlar, yüngül silahlar – bütün silahlar daxildir”.
Netanyahu İsrailin planla bağlı ABŞ ilə danışıqlar apardığını da deyib.
Tramp ötən ay bildirib ki, İranın dəstəklədiyi HƏMAS silahı yerə qoymağa razılaşıb.
HƏMAS isə birbaşa “tərksilah” ifadəsini işlətmir. Qruplaşma bildirib ki, silahların təhvil verilməsinə razıdır, onlar ABŞ-nin dəstəklədiyi, “Sülh Şurası”nın nəzarəti altında Qəzzanı idarə edəcək Fələstin texnokrat administrasiyasının nəzarətində saxlanılacaq.
2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1200 nəfərin öldürüldüyü, 250-dən çox insanın isə girov götürüldüyü açıqlanıb. İsrailin bu hücuma cavab olaraq Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 70 min insanın həlak olduğu bildirilir.
Ötən ilin oktyabrında Tramp Qəzzada atəşkəs elan edib. O vaxtdan Qəzzada atəşkəs dəfələrlə pozulub. Qəzza səhiyyə rəsmiləri İsrailin hücumları nəticəsində 1200-dən çox fələstinlinin, əsasən mülki şəxslərin həlak olduğunu bildirir. İsrail hakimiyyətinin məlumatına görə, silahlı qruplaşmaların hücumları nəticəsində dörd israilli hərbçi öldürülüb. HƏMAS isə adətən öz itkilərini açıqlamır.
Beynəlxalq liderlərin koalisiyası olan Sülh Şurasını Tramp Qəzzada davamlı sülhün qurulması, yenidənqurma işlərinin aparılması üçün yanvarda təsis edib.
Ermənistanda müxalifət liderinin kürəkəni həbs edilib
Ermənistanda bir qətl işi üzrə keçmiş deputat və Artaşat şəhərinin keçmiş meri Arqam Abramyan həbs edilib. AzadlıqRadiosunun erməni xidməti bu xəbəri İstintaq Komitəsinə istinadla yayıb.
Avqustun 8-də Ermənistan İstintaq Komitəsi Abramyanın malikanəsində saxlanılmasının videosunu yayıb.
İstintaqın versiyasına görə, Abramyan "Yevangelist Etiqadlı Xristianlar" dini təşkilatının pastorunun qətlini sifariş edib. Siyasətçinin xanımının həmin şəxslə şəxsi münasibətlərinin olduğundan şübhələndiyi iddia olunur. Qadının pastora böyük məbləğdə pul verdiyi bildirilir.
İstintaq Komitəsi bildirir ki, Abramyan qətli törətməyi ondan maliyyə və şəxsi baxımdan asılı mühafizəçisinə tapşırıb. Pastor 2023-cü il aprelin 30-da Yerevanda Myasnikyan prospektində bir binanın girişində güllələnib.
Abramyan sifarişli qətlə təhrikdə, qətli törətdiyi ehtimal olunan şəxs isə qətldə və qanunsuz silah dövriyyəsində ittiham olunur.
Abramyan Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu, biznesmen və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qagik Tsarukyanın kürəkənidir.
Tsarukyan külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə iyuldan həbsdədir. O, ittihamları rədd edir, onları siyasi motivli və saxtalaşdırılmış adlandırır. Tsarukyanın tərəfdarlarına görə, hüquq-mühafizə orqanları baş nazir Nikol Paşinyanın göstərişi ilə hərəkət edir.