Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 17:37

Trampın vəzifəsindən kənarlaşdırılmasına çağırışlar edilir


Nensi Pelosi

ABŞ-da prezident seçilmiş Co Bayden yanvarın 7-də deyib ki, bir gün əvvəl ABŞ Konqresinin binasına edilmiş basqın ölkə tarixinin “ən qara günü” olub.

Nümayəndələr palatasının spikeri Nensi Pelosi isə prezident Donald Trampın dərhal impiçment edilməsinə və vəzifəsindən kənarlaşdırılmasına çağırıb.

Delaver ştatının Vilminqton şəhərində nitq edən Bayden Konqres binasına hücum edənləri “daxili terrorçular” adlandırıb:

"O bizim demokratik təsisatlarımızın bünövrəsinə tammiqyaslı hücuma rəvac verib və bu, ölkəmizin tarixində ən qara günlərdən biridir”.

Federal apellyasiya məhkəməsinin hakimi Merik Qarlandı ölkənin baş prokuroru vəzifəsinə nominasiyası etdikdən sonra etdiyi çıxışda Bayden deyib ki, “Tramp demokratiyamızı, Konstitusiyamızı…təhqir edib”.

ABŞ Konqresi Joe Biden-in prezident seçkisində qalibiyyətini təsdiq etdi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Konqresdə çıxış edən Pelosi Trampın vəzifəsindən uzaqlaşdırılması üçün Konstitusiyanın 25-ci düzəlişinin hərəkətə gətirilməsinə çağıranları dəstəkləyib.

O deyib ki, “ABŞ prezidenti Amerikaya qarşı silahlı hücumu qızışdırıb”.

Demokratlar və bəzi respublikaçılar Trampın prezidentlik müddəti başa çatmadan vəzifəsindən kənarlaşdırılmasını istəyirlər.

Trampın prezidentlik müddəti Co Baydenin inaqurasiyası günü – yanvarın 20-də başa çatır.

Ya 25-ci düzəliş, ya da impiçment

ABŞ Konstitusiyasına 25-ci düzəliş vitse-prezidentə və hökumət kabinetinin çoxluğuna prezidentin fəaliyyət üçün yararsız olduğunu bəyan etmək səlahiyyəti verir.

Konstitusiyaya görə bunun ardınca vitse-prezident prezidentin səlahiyyətlərinə sahiblənir.

Xanım Pelosi deyib ki, əgər kabinet Trampı dərhal vəzifədən uzaqlaşdırmasa, Konqres impiçment prosesinə başlayacaq.

Pelosidən əvvəl belə bir bəyanatla Senatın demokrat lideri Çak Şumer çıxış etmişdi:

"Dünən Konqresdə baş verənlər Birləşmiş Ştatlara qarşı prezident tərəfindən qızışdırılmış qiyam idi. Bu prezident vəzifəsində bir gün də qala bilməz. Əgər vitse-prezident və kabinet hərəkətə keçməsə, Konqres prezidenti impiçment etmək üçün yenidən toplaşacaq”.

Lakin vəziyyəti yaxından bilən mənbələr bildirirlər ki, 25-ci düzəlişdən bir nəticə hasil olmayacaq.

Trampın prezidentlik müddətinin bitməsinə 13 gün qaldığı bir vaxtda Konqres respublikaçıları kabinetə təzyiq göstərmək həvəsində görünmürlər.

Zəncirvari istefalar

Bu arada Tramp hökumətinin nəqliyyat naziri Eleyn Çao yanvarın 11-dən istefa verdiyini bildirib.

O Konqresə “trampyönlü qaragüruhun” basqınının ardınca istefa verən ən yüksək vəzifəli rəsmidir.

Senat respublikaçılarının lideri Miç MakKonnellə evli olan xanım Çao deyib ki, o baş verənlərdən sonra sadəcə olaraq hərəkətsiz qala bilməzdi.

Çaodan əvvəl Ağ Evin keçmiş administrasiya rəhbəri Mik Mulvaney Şimali İrlandiya üzrə xüsusi səfir vəzifəsindən istefa vermişdi.

Ağ Evin Rusiya məsələləri üzrə müşaviri Rayan Tuli də istefaya gedib.

Hazırda daha çox rəsminin istefa verəcəyi gözlənilir.

Konqres binasına basqın və nəticədə 35 yaşlı hərbi-hava qüvvələri veteranı da daxil dörd nəfərin həyatını itirməsi seçki ətrafında getdikcə artan bölücü ritorikanın kulminasiya nöqtəsi olub.

Şərhlər

XS
SM
MD
LG