Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Tovuzun icra başçısının oğlu məhkəmədə dindirildi


Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov

«7 milyondan çox pul vermişəm...»

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalov dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, 3 milyon 925 min manat ziyan gördüyünü iddia edir.

Q.Zeynalov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Rahib Hüseynovun işi üzrə zərərçəkmiş qismində tanınıb. Məhkəmənin hökmü çıxana qədər polis nəzarətində olan R.Hüseynov birlikdə iş görüb, qazancı bölmək üçün bir sıra şəxslərdən, o cümlədən icra başçısının oğlundan pul alıb qaytarmamaqda suçlanır.

R.Hüseynovla Q.Zeynalov həm də qohumdurlar. Bunu dekabrın 22-də məhkəmədə dindirilərkən zərərçəkmişin özü də təsdiqləyib. Zeynalovun sözlərinə görə, günlərin birində Rahib ona birgə iş qurmağı təklif edib, o da razılaşıb.

«10 faiz mənə çatacaqdı»

«Mənə dedi ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək olar. Amma bundan ötrü pul lazımdır. Dediyinə görə, 20 faiz qazanc qalacaqdı, onun da 10 faizi mənə çatacaqdı. Razılaşdım. Amma dedim ki, özümdə hazırda pul yoxdur, dostumdan alıb verərəm. Bir neçə dəfəyə üst-üstə ona 7 milyon manatdan çox pul vermişəm», – Q.Zeynalov belə ifadə verib.

Onun sözlərinə görə, verdiyi pulun 3 milyon 925 min manatını ala bilməyib.

Amma təqsirləndirilən R.Hüseynov deyir ki, əldə olunan gəlirdən Qoşqara 3 milyon 200 min manat pul verib.

İcra başçısının oğlu gəlirdən ona da çatdığını təkzib etməsə də, məbləğin 1 milyon 200 min manat olduğunu söyləyib.

Məmur oğlu qohumunun həbsini tələb etdi

Dindirmənin sonunda Q.Zeynalovun vəkili Rəna Məmmədova təqsirləndirilən şəxs barəsində polis nəzarətinə vermə qətimkan tədbirinin ləğvini və onun həbs edilməsini istəyib.

Hakim Mirzə Xankişiyev deyib ki, zərərçəkmiş tərəfin bu vəsatətinə dekabrın 29-da keçiriləcək növbəti məhkəmə iclasında baxılacaq.

Təqsirləndirilən R.Hüseynov 2017-ci ilin fevralına qədər nəqliyyat nazirinin müavini, ondan öncə də uzun illər (2004-2015) «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğludur. R.Hüseynovun digər qardaşı Emil Hüseynov da birgə biznes qurub, xaricdən dəmir yollarına aid avadanlıqlar gətirmək adı ilə müxtəlif adamlardan pul alıb qaytarmamaqda günahlandırılır. Həmin işdə zərərçəkmişlər E.Hüseynovla yanaşı, sabiq nazir müavininin oğlu Elnar Əsgərovu da ittiham edir, pulların bir qismini də ona verdiklərini deyirlər. Elə E.Hüseynov özü də məhkəməsində xalası oğlunu suçlamış, nəticədə onların arasında mübahisə düşmüşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG