Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:04

Azərbaycanda toplaşmaq azadlığına fərqli baxışlar


Bakıda mitinq, sentyabr 2005
Bakıda mitinq, sentyabr 2005

Bakı Şəhər İcra Hakimiyyətinin Milli Şuranın son iki mitinqinə razılıq verməməsi siyasi dairələrdə yenidən belə bir sualın gündəmə gəlməsinə səbəb olub. Azərbaycanda sərbəst toplaşmaq azadlığı qorunurmu və bu sahədə vəziyyət necədir? Biz də həmin sualla ekspertlərə üz tutduq.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının ( AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ötən əsrin 90-cı illərini xatırladaraq bildirdi ki, onlar bu məsələdə yanlış düşünüblər:

“Biz 90-cı illərdə sərbəst toplaşmaq azadlığından danışanda elə biliridik ki, sərbəst toplaşmaq kimin harda toplaşmaq istəyini ifadə edir. Amma biz indi Avropanı, “sarı jiletlilər” hərəkatını görürük, bütün ölkələrdə sərbəst toplaşmaq üçün icazə almaq, xəbərdarlıq etmək qanunvericilikdə öz əksini tapıb. Bu baxımdan bizim 90-cı illərində düşündüyümüz ideal məsələ dünyanın heç bir yerində yoxdur”.

Məhərrəm Zülfüqarlı , 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı , 10 noyabr 2010

Məhərrəm Zülfüqarlı hökumətin Milli Şuranın son mitinqlərinə icazə verməməsini belə qiymətləndirdi:

“Buna təbii baxmaq lazımdır”

“Mən mediadan oxumuşam ki, hansısa qanun pozuntuları olduğundan icazə vermirlər. Buna təbii baxmaq lazımdır, yəni Milli Şura gələcəkdə mitinq keçirəndə, bunları nəzərə almalıdırlar”.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov isə Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmadığını hesab edir.Onun fikrincə, uygun dövrlərdə hökumət mövsümü olaraq opponentlərinə müəyyən yerlərdə toplantı keçirməyə məhdud imkanlar tanıyır:

“Hakimiyyət qondarma səbəblər gətirərək...”

“Həmin imkanlardan biri də “Məhsul” stadionu idi. Amma hökumət nə vaxt ona sərf edir, onda bu imkanları tanıyır, məqbul hesab etmədiyi zamanlarda bu imkanları tanımır. Yəni qanunun tələblərinin birbaşa icrası tanınmır. Hökumət sadəcə müxtəlif beynəlxalq tədbirlərdə fakt kimi göstərir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur. Çünki müxalifət mitinqlər keçirir. Ancaq 19 yanvar mitinqindən sonra hakimiyyət qondarma səbəblər gətirərək, yaxud polisdən müraciət təşkil edərək mitinqlərin keçirilməsinin maneələr yaratdı. İctimai rəy yaratmağa çalışdı ki, guya hansısa təxribatlar baş verir, yaxud şəhər icra hakimiyyətinin Milli Şuraya cavabında guya insanların istirahət hüquqları pozulur. Ancaq mitinqdən sonra Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb hər şeyin normal olduğunu, insdent yaşanmadığını qeyd etmişdi. Əgər şəhər polisi belə açıqlama veribsə, bəs narahatlıq harda olub? Bilirsiniz, hər kəsə azadlıq hüququnun vacibliyi bəllidir, hətta istirahət hüququndan da. Yəni insanlar istirahətlərini istənilən yerdə əldə edə bilərlər, onlar istirahət imkanlarına malikdirsə, kifayət qədər məkanlar var. Önəmli olan insanların siyasi hüquqlarından istifadə etmələridir. Bu, həm konstitusion, həm də Avropa İnsan Haqları Konvensiyası və götürülən öhdəliklər çərçivısində yer alıb”.

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

Akif Qurbanov bildirir ki, sərbəst toplaşmaq azadlığı yalnız mitinq deyil. Onun fikrincə, siyasi partiyalar, ictimai təşkilatlar toplaşmaq azadlığına sahib olmalı və qapalı iclaslar keçirməlidirlər:

“Şəxsən özüm də daxil müxtəlif dövrlərdə vətəndaş cəmiyyəti nümayəndələri tanınmış brend hotellərə müraciətlər edib. Amma hakimiyyətin yaratdığı yasaqlar nəticəsində qapalı toplantıları, adi konfransları keçirmək mümkün deyil. Bu baxımdan sərbəst toplaşmaq azadlığının təmini haqqında müzakirə açmaq yersiz görünür. Əvvəllər bu imkanlar tanınsa da, görünür, hökumət real canlanmanı gördüyündən bundan çəkinir”.

Azərbaycan rəsmiləri isə hesab edirlər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir.Onların fikrincə, sadəcə bu sahədə qanunverciliyin tələblərindən kənara çıxılmamalıdır.

Xatırlatma

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) Milli Şuranın fevralın 23-ü və yanvarın 26-da keçirmək istədiyi aksiyalara razılıq verməyib .Qurum bunu Bakı Şəhər Baş Polis İdarəsinin yanvarın 21-də onlara göndərdiyi müraciətlə əsaslandırmışdı.

Həmin müraciətə əsasən, Milli Şuranın yanvarın 19-da keçirilən mitinqindən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.

Milli Şura isə bunu bəhanə sayaraq, mitinqə icazə verilməməsini hakimiyyətin bundan əvvəl yanvarın 19-da keçirilən aksiyalarının kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Yanvarın 19-da Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr “bloqqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Aksiyada hakimiyyət korrupsiyada da günahlandırılmışdı. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Bloqqer Mehman Hüseynov isə 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də isə Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG