Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:38

Tofiq Zülfüqarov: 'Vəziyyət təhlükəli həddə çatıb'


T.Zülfüqarov

«Həmsədr ölkələr olan Fransa və ABŞ passiv mövqedədirlər. Onlar Rusiyanın fəallığını dəstəkləyən bəyanatlar veriblər. Elə bil, danışıqların, vasitəçiliyi mandatı Rusiyaya verilib».

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna müsahibəsində belə deyir.

– Tofiq bəy, həmsədrlərin iyunun 19-dan bölgəyə səfəri başlayır. Siz bu səfərdən nə gözləyirsiniz - sıradan bir səfər olacaq, yoxsa uzun zamandan sonra danışıqlarda tərpənişə ümid etmək mümkündür?

– Həmsədrlər regiona gəlirlər və heç kəs onların səfərindən bir yenilik gözləmir. Sadəcə olaraq, indi Azərbaycanın qarşısında bir sual var: Bu danışıqların imitasiyasını davam etdirmək lazımdır, ya yox?

– Yeri gəlmişkən, səfər öncəsi cəbhə xəttində də vəziyyət gərginləşib, tərəflər itki verib, üstəlik də Azərbaycan hərbi təlimlər keçirir. Nə baş verir, Sizcə? Dediyiniz kimi, tərəflər imitasiyadan bezib «nə hərb, nə sülh» vəziyyətinə aydınlıq gətirməkmi istəyirlər və ya növbəti əzələ nümayişidir?

– Uzun müddətdir Azərbaycan ictimaiyyəti inanırdı ki, münaqişəni siyasi yolla, danışıqlar yoluyla həll etmək mümkündür. Amma ermənilərin mövqeyi, onlara verilən dəstək onu göstərir ki, artıq sülh yoluna ümid qalmayıb. Təbii ki, bu əhval-ruhiyyə Ermənistanda da mövcuddur, çünki onlar revanşla yaşayan millətdir. Qoyduqları məqsədlərə çatmaq üçün onlara da müharibə lazımdır. Eyni zamanda, artıq Azərbaycan ictimaiyyəti də sülhlə bağlı siyasi gedişlərə inanmır. Bu əhval-ruhiyyə də, təbii ki, təmas xəttində gərginlik yaradır. Bunun nəticəsində də gün-gündən toqquşmalar, atışmalar, gərginlik artır.

– Bu gərginlik aprel döyüşlərinin və ya buna bənzər toqquşmanın təkrarlanmasına səbəb ola bilərmi?

– Hər halda, bunu istisna etmirəm. Təkcə mən yox, həm regionda olan, həm də regiondan kənardakı analitiklər də bu fikirdədirlər. Danışıqlarda ciddi irəliləyiş olmazsa, həmsədrlər Ermənistana təzyiq göstərməsələr, müharibə qaçılmazdır.

– Tofiq bəy, indiki məqamda həmsədrlərin tərəflərə təzyiqi hiss olunurmu?

– Hiss olunmur. Həmsədr ölkələr Fransa və ABŞ passiv mövqedədirlər. Onlar Rusiyanın fəallığını dəstəkləyən bəyanatlar verirlər. Elə bil, danışıqların, vasitəçiliyin mandatı Rusiyaya verilib. Qeyri-rəsmi, təbii ki. Rusiyanın siyasəti axır zamanlar, daha dəqiq desək, son bir ildə tam ermənipərəst mövqeyi ilə seçilir. Nazir Sergei Lavrov-un, nazirliyin sözçüsü Maria Zakharova-nın və digər məsul şəxslərin bəyanatları, Azərbaycana göstərilən təzyiqlər bunun sübutudur. Bu şəraitdə hansısa irəliləyiş və ya Ermənistana təzyiq göstərilməsini gözləmək düzgün olmazdı. Bu baxımdan, Azərbaycan öz gücünü göstərməlidir. Birincisi, siyasi səviyyədə. Yəni verilən təkliflərə qətiyyətlə «yox» deməlidir. Bu cavab həm də ictimaiyyətin rəyiylə dəstəklənməli, gücləndirilməlidir. İctimai səviyyədə geniş müzakirələr aparılmalıdır. İkinci tərəfdən Azərbaycan öz gücünü göstərməlidir. Bunun üçün siyasi iradə də mövcuddur. Prezidentin «Biz bayrağımızı Şuşaya sancacağıq» bəyanatı ondan xəbər verir ki, Azərbaycan Dağlıq Qarabağda suverenliyini bərpa etməyə hazırdır.

– Azərbaycanın Dağlıq Qarabağda suverenliyini bərpa etməsinə 2016-cı ilin aprelində nə mane oldu?

– Müharibə qərarı çox çətin qərardır. İstər ictimaiyyət üçün, istərsə də rəhbərlik üçün. Hər zaman münaqişənin sülh yoluyla, qan tökmədən həll ediləcəyinə ümidlər var. Bu baxımdan, hamımız inanırdıq ki, münaqişəni müharibəsiz həll edə bilərik. Təəssüflər olsun ki, ermənilər bizə doğru addım atmaq, kompromisə gedərək sülhə nail olmaq niyyətində deyillər. Sadəcə, onların da, həmsədrlərin də təklif etdiyi birbaşa kapitulyasiyadır. Təbii ki, Azərbaycan ictimaiyyəti və rəhbərliyi bunu qəbul etmək istəmir. 2016-cı ilə qayıtsaq, ümidlər özünü doğrultmadı. Amma Azərbaycan dövləti də güclənib. İctimaiyyətin dəstəyi ilə rəhbərlik hansısa bir qərar qəbul edəcək.

– Bəzi şərhçilər hesab edirlər ki, böyük güclərlə razılaşma əldə etmədən hərbi əməliyyata başlamaq intihar olardı. Digər iki dövlətin danışıqlarda passiv mövqe tutduğunu söylədiniz, Rusiya ilə Azərbaycanın münasibətlərində isə soyuqluq hiss edilməkdədir. Bu durumda hansı qərar qəbul ediləcək?

– Mən inanmıram ki, ermənilər bizim torpaqları zəbt edəndə bunu kiminləsə razılaşdırıblar. Belə bir razılaşma olsa da, ondan daha çoxunu əldə etməyə çalışıblar. Yəni razılaşmadan söhbət gedə bilməz, heç kəs deyə bilməz ki, «gedin, müharibə aparın, biz sizi dəstəkləyəcəyik». Həmin güclər, sadəcə, sülhdən danışacaqlar. Amma biz gərək iradəmizi ona yönəldək ki, heç kəsdən asılı olmadan addımlar ata bilək. İstisna etmirəm ki, ermənilərə bir dərs verilsə, vəziyyət tam dəyişə bilər.

– Bu durumda yaxın zamanda münaqişə ilə bağlı gözlənti nədir?

– Regiondan həmsədr dövlətlərə gedən siqnallar da işarət edir ki, vəziyyət çox təhlükəli həddə çatıb. Və onlar sülhə nail olmaq üçün ciddi addım atmasalar, payıza kimi gərginlik davam edəcək. Silahların növləri, onların regionda cəmləşməsi göstərir ki, yanğın başlasa, o, çox böyük alova çevriləcək.

– Son aylarda Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq haqda nə düşünürsünüz?

– Rusiyada ermənipərəst qüvvələr çox güclüdür. Yadınızdadırsa, keçən il verilən təkliflər vardı, Ermənistana təzyiq göstərməklə irəliləyişə nail olmaq cəhdləri vardı. Amma, belə deyək də, həmin ermənipərəst qüvvələrin sayəsində Ermənistan üçün bu təhlükə sovuşdu. Amma məsələ həll olunmayıb. Azərbaycanın istəklərini boğmaq üçün ona qarşı propoqanda kampaniyasına başlanıb. Məqsəd də Azərbaycan ictimaiyyətini, rəhbərliyini qorxutmaqdır: «Ay-haray, müharibə başlasa, dünya dağılacaq». Bu da arzuolunmaz ssenarini önləmək üçündür. Azərbaycana güc tətbiq etmək Rusiyanın maraqlarında deyil. Bu ssenari gerçəkləşərsə, yəni güc tətbiq edilərsə, Rusiyanın bölgəyə aid 200 illik siyasəti pozulacaq və Cənubi Qafqaz Moskvadan uzaqlaşacaq. Rusiya buna getməyəcək. Bəs Azərbaycana təzyiq nəticə verəcəkmi? Azərbaycanda müharibə ritorikasının güclənməsi bir siqnaldır, «yəni ya məsələylə ciddi məşğul olun, erməniləri yola gətirin, ya da müharibə qaçılmazdır». Hesab edirəm ki, indiki mərhələ çox vacibdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG