Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:37

Tofiq Yaqublunun maşını və telefonu qaytarılmır


T.Yaqublu deyir ki, o, hadisəni telefonunun kamerasıyla çəkmişdi.

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmişdi. Amma bu instansiya da şikayətə "yox" deyərək, siyasi fəalı həbsdən buraxmaqdan imtina edən Nizami Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Mayın 4-də apellyasiya məhkəməsində bu işə hakim Mirzəli Abbasov baxıb. Məhkəməyə T.Yaqublunun özünü də gətiriblər. Bu barədə AzadlıqRadiosuna danışan vəkil Elçin Sadıqov bildirib ki, T.Yaqublu təqsirsiz olduğunu, siyasi sifarişlə həbs edildiyini deyib.

"Tofiq Yaqublunun həbsiylə əlaqədar növbəti Avropa Məhkəməsinə şikayət olacaq. Daxili müdafiə vasitələrini tükəndirdik", - E.Sadıqov bildirib.

Ailə üzvlərinin T.Yaqubluya geyim və başqa zəruri vasitələr çatdıra bilmədiyini təsdiqləyən vəkilin sözlərinə görə, bu problemin həlli üçün müəyyən addımlar atıblar: "Geyim və başqa məsələlərlə bağlı çətinlikləri var. Bununla əlaqədar lazımi orqanlara müraciət etmişik, problemin həllinə çalışmışıq. Təəssüf ki, hələ nəticə yoxdur".

T.Yaqublunun qızı Nigar Həzi bildirib ki, atasının avtomobili və telefonu hələ də qaytarılmayıb. Müdafiəçi deyir ki, onların qaytarılması üçün istintaqa vəsatətlər təqdim olunub. Ancaq vəsatətlərə cavab ala bilməyiblər: "Müxtəlif bəhanələrlə vəsatətlərimizə müsbət cavab vermirlər. Avtomobilin ekspertizadan sonra qaytarılacağını deyirdilər. Ekspertiza keçirilib, amma hələ də qaytarmırlar. Telefonla bağlı heç bir rəsmi cavab demirlər. Bir dəfə məhkəmə iclasında Tofiq Yaqublunun özünün də yanında müstəntiq şifahi təsdiqlədi ki, telefon polisdə olub. Ancaq onun taleyi ilə bağlı məlumat vermirlər".

T.Yaqublu özü də məhkəmə iclaslarından birində deyib ki, o, hadisəni telefonunun kamerasıyla çəkmişdi. Onun sözlərinə görə, polis həqiqəti gizlətmək məqsədilə telefonu götürüb.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsiylə suçlanır.

İddia olunur ki, "8-ci kilometr bazarı"nın qarşısında avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsü Elxan Cəbrayılov və yanında olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

Zərərçəkmiş qismində tanınan E.Cəbrayılov isə T.Yaqublunun hücumuna məruz qaldığını iddia edib.

T.Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb. (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb) O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.

XS
SM
MD
LG