Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 12:17

Tofiq Yaqublu niyə hər dəfə məhkəməyə çantası ilə gəlir? VDİEO


Tofiq Yaqublunun "həbsxana çantası"nda nələr var?
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Tofiq Yaqublunun "həbsxana çantası"nda nələr var?

Siyasi fəal Tofiq Yaqublu dörd aydan çoxdur ev dustaqlığındadır, amma o, yenidən həbs olunacağını istisna etmir. Ona görə də hər dəfə məhkəməyə pal-paltar, gigiyenik vasitələrlə dolu çanta ilə getdiyini deyir.

Yanvarın 28-də Bakı Apelyasiya Məhkəməsində də onun işi üzrə təyin edilmiş iclasa da böyük bir çanta ilə gəlmişdi.

“Rəsmi olaraq, mənə həbs olunacağım barədə heç nə deməyiblər. Heç deməzlər də. Amma mən təcrübəyə əsaslanıram. Ona görə də həbs variantına hazıram. Çoxları düşünür ki, məni yenidən həbs eləməzlər. Amma Azərbaycanda bugünkü konyunktura nə deyir, İlham Əliyev nə düşünür, əhval-ruhiyyəsi necədir – bütün bunlara uyğun qərar olacaq. Ona görə də əvvəldən hazırlıq görmüşəm”, – Tofiq Yaqublu məhkəmədən öncə AzadlıqRadiosuna bildirib.

‘Görünür, İlham Əliyev mənimlə bağlı qəti qərara gəlməyib’

Siyasi fəal çantasında olanları da nümayiş etdirib. Onun sözlərinə görə, sonradan çantasında qanunsuz əşya keçirməsi haqda şər-böhtanla üzləşməmək üçün orada olanları göstərir.

Amma məhkəmə prosesi baş tutmayıb. Tofiq Yaqubluya bildirilib ki, onun işinə baxan üç hakimdən biri işə gəlməyib. Amma o, bu səbəbin inandırıcı olmadığını, prosesi təxirə salmaq üçün hüquqi bəhanə uydurulduğunu deyir:

“Mən əminəm ki, “gəlməyib” dedikləri hakim o biri otaqda idi. Hiss olunurdu ki, bu ssenarini əvvəldən hazırlamışdılar. Görünür, İlham Əliyev məni həbs edib-etməməklə bağlı qəti qərara gəlməyib. Qeyri-müəyyənlik davam edir. Əvvəl təxirə salanda növbəti iclasın vaxtını deyirdilər, indi bunu da demədilər”.

Tofiq Yaqublunun sözlərinə görə, apellyasiya şikayəti üzrə məhkəmə baxışı 5-ci dəfədir ki, təxirə salınır.

Xatırlatma

Tofiq Yaqublu 2020-ci il martın 22-də həbs olunub. Onun haqqındakı cinayət işində yazılıb ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub.

Guya qəza onun təqsiri üzündən baş versə də, digər avtomobilin sürücüsü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinərək, Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

O, hökm elan olunmamışdan bir gün əvvəl – sentyabrın 2-də aclıq aksiyasına başlayıb. Tofiq Yaqublu aclığın 17-ci günündə - sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Tofiq Yaqublu özünü təqsirli bilmir. Bazarın qarşısında avtomobildə əyləşib, həyat yoldaşını gözlədiyi vaxt başqa bir maşının dayandığı yerdə gəlib ona çırpıldığını bildirir. Onun sözlərinə görə, o biri maşının sürücüsü və yanında olan qadının dərhal düşüb onun maşınına hücum etdiyini görəndə bunun təxribat olduğunu başa düşüb, hadisə yerinə polislər gələnə qədər ümumiyyətlə, maşınından düşməyib.

Baş verənləri telefonuyla çəkdiyini deyən Tofiq Yaqublu həmin görüntüləri müstəntiqə təqdim etdiyini, lakin həqiqəti gizlətmək üçün polis idarəsində onların silindiyini bildirir.

XS
SM
MD
LG