Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun ailəsi onun vəziyyətindən narahatdır.
Müxalifətçinin qızı "Facebook" səhifəsində yazıb ki, noyabrın 12-də aldıqları məlumata görə, atası son günlər daha da pisləşən dözülməz şəraitə etiraz olaraq zəng növbəsi çatsa da, bundan imtina edib.
Nigar Həzi bildirib ki, atasının televizora baxmaq imkanı əlindən alınıb: "Xatırladım ki, həbsxanada yeganə informasiya mənbəyi televizordur. Üstəlik, kiçik otaqlara və baraklara normadan artıq məhbus yerləşdiriblər. Xeyli məhbus çarpayı çatışmazlığından yerdə yatır. Nisbətən böyük bir otağı boşaldıb ora cəmi bir televizor qoyublar və 300-400 məhbusa yalnız bu televizordan istifadə edə biləcəklərini deyiblər".
N.Həzinin sözlərinə görə, "insanları günahsız yerə həbs etmək azmış kimi, həbsxanalarda da yaşayışı cəhənnəmə çeviriblər": "Görünən odur ki, Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayev özünün yeni "qaydalarını" tətbiq etməklə yuxarıdakıların gözündə nüfuz qazanmaq istəyir".
S.Rzayev ötən ayın 27-də bu vəzifəyə təyin edilib. O, 2025-ci ilin yanvarından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini, daha sonra isə həmin idarənin rəisi vəzifəsində çalışıb.
Hələlik N.Həzinin bu açıqlamasına nə ondan, nə də Xidmətin digər məsul şəxslərindən münasibət öyrənmək mümkün olub. Lakin bundan əvvəl Xidmətdən oxşar şikayətlərlə bağlı bildirilmişdi ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır. Üstəlik, rəsmilər cəzaçəkmə müəssisələrində sıxlıqla bağlı şikayətləri əsassız sayırlar.
Yaxınları bundan əvvəl, bu ilin fevralında da T.Yaqubluya həbsdə təzyiqlər göstərildiyini və onun cərimə kamerasına salındığını açıqlamışdılar. Həmin vaxt onlar bu təzyiqləri T.Yaqublunun oğlunun ABŞ-də Azərbaycandakı siyasi məhbuslara dəstək məqsədilə keçirilən etiraz aksiyasında iştirak etməsi ilə əlaqələndirirdilər.
Xatırlatma
T.Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il həbs cəzası verilib. Siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
T.Yaqublu özünü təqsirli bilmir və qurama ittihamlarla şərlənərək həbs olunduğunu bildirir.
Siyasi fəal daha əvvəl də dəfələrlə uzun müddət həbsdə yatıb. Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil ediblər. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir və həmin siyahılarda yer alan şəxslərin konkret törətdikləri əməllərə görə mühakimə olunduqlarını deyirlər.