Aprelin 19-da Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunu ailəsinin tələbi ilə öz seçdikləri həkim tərəfindən müayinəsi təmin olunub. Bunu AzadlıqRadiosunun sorğusuna cavab olaraq İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından bildiriblər.
Aprelin 7-də onun vəkili T.Yaqublunu Tibb Universitetinin professoru Adil Qeybullanın müayinə etməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdi.
Ombudsman Aparatı da bildirir ki, məsələ ilə bağlı onlar da bu qurum və Tibb baş idarəsinə müvafiq sorğular ünvanlayıb: "Müraciətin icrası - Yaqublunun öz seçdiyi həkim tərəfindən də müayinəsi təmin olunub".
Həkim A.Qeybullanın deməsinə görə, həmin gün T.Yaqublunun huşu aydın, təmas və kommunikasiya adekvat olub: "Beynəlxalq təcrübədə aclıq aksiyalarının mövcud protokollar üzrə tibbi nəzarət altında aparıldığı Tofiq bəyə izah edildi. Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziya aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi. İnfuziya normal keçdi".
16 aprel
'Tofiq Yaqublunu vəkil otağına elektromobildə gətirdilər'
Aprelin 16-da vəkil Fəxrəddin Mehdiyev Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublu ilə görüşüb.
F.Mehdiyev deyir ki, T.Yaqublu vəkil otağına elektromobildə gətirilib: "Bugünkü yoxlamada müayinənin nəticəsi belədir. Çəkisi 84kq 900q, saturasiya 94, təzyiq 120/80, ürək döyüntüsü 98, temperatur 36.1-dir. Bildirməsinə görə, onda ümumi halsızlıq, taqətsizlik, başgicəllənmə əlamətləri var. Küt mədə ağrılarından şikayət edir. Aprelin 15-də ondan qan analizi götürülüb, hələlik, nəticə bəlli deyil".
Vəkilin açıqlamasına Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
14 aprel
'Tofiq Yaqublu iki həftəyə 10 kq-dan çox çəki itirib'
Milli Şura və Müsavat Partiyasının həbsdə aclıq aksiyası keçirən üzvü Tofiq Yaqublunun artıq 10 kiloqramdan çox çəki itirdiyi deyilir.
Bu barədə onun qızı Nigar Həzi məlumat verib. Onun deməsinə görə, aprelin 14-də vəkil Nazim Musayev təcridxanada atası ilə görüşüb: "Vəkil bildirdi ki, Tofiq Yaqublu çox taqətsiz, yorğun, halsız idi. 14 gündür aclıq edir, artıq çəkisi 85 kiloqram 400 qrama düşüb. Saturasiya və ürək döyüntüsü 96, təzyiq isə 111/75-dir. Artıq iki həftə ərzində 10 kiloqramdan çox çəki itirib".
N.Həzinin sözlərinə görə, Penitensiar Xidmət hələ də T.Yaqublunu həkim Adil Qeybullanın müayinə etməsi ilə bağlı müdafiə tərəfinin müraciətinə cavab verməyib.
T.Yaqublunun qızının açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
7 aprel
Ailəsi Tofiq Yaqublunu yenə Adil Qeybullanın müayinə etməsini istəyir
Aprelin 7-də Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunu həkim Adil Qeybullanın da müayinə etməsi üçün Penitensiar Xidmətə müraciət olunub. Bu barədə vəkil Nemət Kərimli bildirib.
Ailəsinin vurğulamasına görə, T.Yaqublu sürətlə çəki itirir. Onların deməsinə görə, müxalifətçi aclıq etdiyi son bir həftədə təqribən 6 kiloqram çəki itirib. "Hər gün tibbi müayinə olunur. Lakin ailəsi özlərinin daha çox etibar etdikləri həkimin-Adil Qeybullanın da tibbi müayinədə iştirak etməsini arzulayır", - vəkil vurğulayıb.
Bu müraciətə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəlki həbslərində aclıq aksiyası keçirirkən Yaqublunun ailəsinin eyni xahişini Penitensiar Xidmət təmin edib.
3 aprel
Qızı: 'Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük'
Aprelin 3-də vəkili Nazim Musayev Ədliyyə Nazirliyinin təcridxanasında həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb.
O, görüşdən qayıtdıqdan sonra bildirib ki, üç gündür aclıq aksiyası keçirən T.Yaqublu artıq halsızlaşıb: "Mənim tövsiyəm də oldu ki, nə qədər də hansısa məsələləri haqsız, ədalətsiz hesab etsən də, əsas sənin özünün sağlamlığındır, ona görə də bu məsələyə bir az başqa prizmadan yanaşmaq lazımdır. Ancaq qərarında israrlı olduğunu bildirdi".
Vəkilin sözlərinə görə, T.Yaqublunun danışığında, davranışında dəyişiklik olsa da, saxlanma şəraitindən narazı deyil: "Hər gün müayinə edilir. Özünün deməsinə görə, son bir gündə 1 kiloqram 800 qram çəki itirib, çəkisi 93 kiloqrama düşüb".
T.Yaqublunun yaxınları isə bildirirlər ki, o, bundan əvvəl də aclıq aksiyaları keçirib, heç vaxt belə sürətlə çəki itirməyib: "Əvvəlki aclıq aksiyaları ilə müqayisədə bu dəfə Tofiq Yaqublunun sürətlə çəki itirdiyini görürük. Qeyd edim ki, T.Yaqublunun öd kisəsi yoxdur və səhhətində ciddi problemlər var", - qızı Nigar Həzi vurğulayıb.
Vəkilin və yaxınlarının açıqlamalarına, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.
1 aprel
Tofiq Yaqublu aclıq aksiyasına başlayıb
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aprelin 1-dən aclıq aksiyasına başladığı bildirilir.
Onun qızı Nigar Həzinin sözlərinə görə, atası aclıq aksiyasına başladığını saxlanıldığı təcridxananın rəhbərliyinə yazılı şəkildə çatdırıb: "Bir az əvvəl isə mən atamla danışdım. Bildirdi ki, aclıq etdiyi üçün bu gün onu təcridxananın tibb məntəqəsinə köçürəcəklər".
T.Yaqublunun vəkili Aqil Layıc isə aprelin 1-də onunla təcridxanada görüşdüyün deyib: "Bildirdi ki, məhkəmə sistemində ədalət olmadığı bir durumda ona başqa yol buraxmadılar. Ona görə də aclıq etmək qərarı verdi".
Bütün bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. T.Yaqublu elə məhkəməsindəcə ədalətsiz hökm veriləcəyi təqdirdə aprelin 1-də aclıq aksiyasına başlayacağını bəyan etmişdi. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.
Xatırlatma
Bu, T.Yaqublunun həbsdə ilk aclıq aksiyası açıqlaması deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Müxalifətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra 17 gündür keçirdiyi aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.
T.Yaqublu daha öncə də - 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.