Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:00

Tofiq Qasımov nə istəyirdi?


Baş nazir Həsən Həsənov və millət vəkili Tofiq Qasımov. 1991
Baş nazir Həsən Həsənov və millət vəkili Tofiq Qasımov. 1991

«Bir dəri, bir sümük qalanda Heydər Əliyev Tofiq Qasımovu azadlığa buraxdı».

«Bazar günü dünyasını dəyişsə də, xəbər 4 gün sonra vətənə çatıb»

Xalq Cəbhəsi hakimiyyətinin xarici işlər naziri olmuş, alim Tofiq Qasımov İsveçrədə vəfat edib. Elə orada da dəfn olunub. Xəbər Azərbaycana bir qədər gec çatıb.

«O, bazar günü yanvarın 26-da qürbətdə dünyasını dəyişib. Amma dostlar bizə yalnız bu gün məlumat veriblər. Bu günə qədər o məlumat da yox idi. Çox kədərlidir...», – Müsavat Partiyasının lideri İsa Qəmbər hərəkat yoldaşı, eyni hakimiyyətdə təmsil olunduğu keçmiş xarici işlər nazirinin ölümü haqqında danışarkən deyir.

İ.Qəmbər
İ.Qəmbər

O, Tofiq Qasımovun son 25 ildə Azərbaycanda yaşamamasına, «son 25 ilin ömründən oğurlanması»na təəssüflənir: «Diqqət etdim ki, onun haqqında dediyimiz sözlərin əksəriyyəti 1988-1995-ci illərə aiddir. O, böyük, nəhəng, qeyri-adi işlərin hamısını Tofiq bəy bu illərdə həyata keçirib. Hakimiyyət ona imkan vermədi. Təzyiqlərlə, həbslə, mənəvi-psixoloji işgəncələrlə böyük şəxsiyyətin ölkəni tərk etməsinə səbəb oldular».

T.Qasımov Azərbaycan Xalq Cəbhəsinin qurucularından, Müsavat Partiyasının bərpa prosesi iştirakçılarından və bu partiyanın üzvü idi. O, həmçinin, «istiqlalçı millət vəkili» kimi tanınıb, Müstəqillik Aktının əsas müəlliflərindən olub.

Keçmiş nazir 1990-cı illərin sonunda Azərbaycandan getmişdi. Əvvəlcə Türkiyəyə, daha sonra İsveçrəyə. Azərbaycan mətbuatı onunla dəfələrlə müsahibəyə cəhd etsə də, bu, mümkün olmamışdı.

Z.Əlizadə
Z.Əlizadə

«Onu KQB-də saxladılar, infrasəs dalğası ilə şüalandırdılar»

«Burda yaşaya bilmirdi. Onu həbs etdilər. Onu KQB-də saxladılar, infrasəs dalğası ilə şüalandırdılar. Ruhi sağlamlığı pozuldu, Osvensimdən çıxan məhbuslar kimi bir dəri, bir sümük qalanda Heydər Əliyev onu buraxdı. Onun yaşamayacağına zəmanət verilmişdi. Amma ailəsi qayğısına qaldı, pipetlə ağzına bulyon damızdıra-damızdıra həyata qaytardılar», – vaxtilə onunla birgə Bakı Alimlər Klubunu yaratmış, qonşu olmuş Zərdüşt Əlizadə danışır.

O, T.Qasımovun sağaldıqdan sonra AMEA-nın Fizika İnstitutuna işə qayıtdığını, ancaq orda həmin ruh halətində işləyə bilmədiyini, nəhayət, Türkiyənin Millətçi Hərəkat Partiyasının dəvəti ilə bu ölkəyə getdiyini deyir: «Orda ona «Sayın Elçibey'in dışişleri bakanı» kimi təqaüd kəsdilər. Ancaq bir dəfə onların iclasında deyib ki, «gül kimi hökumət qurmuşduq, Əbülfəzin sayəsində biz hakimiyyətimizi itirdik». Ona dedilər ki, «təqaüdün kəsildi». Bundan sonra İsveçrə ona siyasi mühacir kimi statusu verdi, ailəsini qəbul etdi, nəhayət, siyasətlə əlaqəsini kəsdi. Onu Azərbaycanda anlayanlar az idi».

T.Qasımov (ortada) Azərbaycan parlamentində. 1991
T.Qasımov (ortada) Azərbaycan parlamentində. 1991

Yeri gəlmişkən, T.Qasımov həbsxanada yaşadıqları haqda mətbuata danışmaq istəməmiş, bu haqda susmağa üstünlük vermişdi.

«Parlamentdəki cəsarətli mövqeyinə görə...»

Z.Əlizadə iqtidarın T.Qasımova mənfi münasibətinin səbəbini də izah edir: «O, Heydər Əliyevin hakimiyyətə gəlməsinin qəti əleyhinə idi. O, Heydər Əliyevin gələcəyi halda Azərbaycanı nələr gözlədiyini gözəl anlayırdı».

İ.Qəmbərsə siyasi hakimiyyətin ona basqısını siyasətçinin çıxışları ilə əlaqələndirir: «1993-cü ilin iyun qiyamından sonra hakimiyyətin bir çox nümayəndələri həbs edildilər, təqibə məruz qaldılar, parlamentdən kənarlaşdırdılar. Parlamentdə xalqın, AXC-nin mövqeyini ifadə etmək məsuliyyəti bir neçə nəfərin üzərinə düşdü. O yükü, məsuliyyəti daşıyanlardan biri də Tofiq Qasımov idi. Hakimiyyət də həm buna, həm də cəsarətli, aydın, mənalı çıxışlarına görə heç həzm edə bilmirdi onu. Ona görə 1995-ci ildə bəhanə taparaq onu həbs etdilər və faktiki olaraq siyasi fəaliyyətini davam etdirməsinə imkan vermədilər. Ona qarşı qəzəb, kin iyun qiyamından sonra parlamentdəki cəsarətli mövqeyinə görə idi».

«Sən nə istəyirsən, Tofiq Qasımov?»

1992-ci ildə AXC yeni hakimiyyətə gələndə Milli Məclisdə Heydər Əliyevin də Naxçıvandan Bakıya dəvəti haqda təklif müzakirə olunur. Bu zaman T.Qasımov onun zənglərə cavab vermədiyini demiş, «arxasınca at-araba göndərəsi deyilik ki...» söyləmişdi. Bəzən siyasi çevrələrdə məhz bu fikrin gələcək hakimiyyətin ona münasibətini müəyyənləşdirdiyini iddia edənlər vardı.

1993-cü ilin iyununda prezident Əbülfəz Elçibəyə etimad referendumundan sonra T.Qasımov Milli Məclisdə onun demokratik şərtlərə uyğun keçirilmədiyini bildirmişdi. Bundan sonra parlamentin sədri H.Əliyev əsəbi çıxış etmiş və bir neçə dəfə «Tofiq Qasımov, sən nə istəyirsən» deyə sual etmişdi. Keçmiş xarici işlər naziri bu suala cavab olaraq təkrar çıxış edərkən bəzi deputatlar sözünü kəsməyə, replika atmağa çalışsalar da, o, sözünü sona kimi demişdi.

T.Zülfüqarov
T.Zülfüqarov

Adaşı və həmkarının söylədikləri

Xalq Cəbhəsi dövründə Xarici İşlər Nazirliyində çalışmış, daha sonra xarici işlər naziri olmuş Tofiq Zülfüqarov T.Qasımovun nazir kimi fəaliyyətini qiymətləndirmək istəmir. Səbəbini «O vaxt şərait mürəkkəb idi» söyləyərək izah edir. Amma onun çox təmiz insan olduğunu, pis niyyətini görmədiyini vurğulayır.

«Mən onunla bir neçə dəfə görüşmüşəm. Onun Azərbaycan xarici siyasətində özünəməxsus yeri var», – deyə əlavə edir.

T.Zülfüqarov məhz onun vaxtında bir neçə önəmli sənədin, o cümlədən BMT-nin işğal edilmiş ərazilərin boşaldılması ilə bağlı qətnamələrinin qəbul olunduğunu da qeyd edir: «Tofiq Qasımovun vaxtında qətnamələr qəbul olundu. Minsk qrupunun yaradılması barədə qərar da, demək olar, onunla bağlıdır. Lissabonda Laçının, Şuşanın işğalından sonra qərar qəbul olunub ki, işçi qrup yaradılsın. Bir çox məsələlər o vaxt formalaşıb. Bəzən həmin işlər tənqid olunanda deyirəm ki, əvvəla o şəraiti bilmək lazımdır, ikincisi, o zaman indiki kimi nə təcrübəmiz vardı, nə də peşəkarlıq. Müxtəlif sahələrdən gələn insanlar bu sahədə işləyirdi. Amma bununla belə, Azərbaycanın mənafeyinə zidd ola biləcək səhvlərə yol verilməyib».

T.Qasımovun vəfatı haqda danışanlar bunu Azərbaycan üçün böyük itki sayırlar. Eyni zamanda, onu siyasi mübarizədə idealist, vəzifədə kristal kimi təmiz olduğunu vurğulayırlar. Sosial mediada bu haqda çox sayda fikirlər yazılıb.

Azərbaycan siyasətçilərinə, xüsusən də AXC hakimiyyətinə kəskin tənqidi münasibətiylə seçilən Z.Əlizadə«Xalq Cəbhəsində onun xətrini istədiyim kimi ikinci adam çətin tapılsın. Mən ona dərin hörmətlə, ehtiramla yanaşırdım» deyə bildirir.

AzadlıqRadiosu T.Qasımovun ailəsi ilə əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG