Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:40

Bu ‘Titan’ duyğu partlayışıdır


 Jülia Dükurno
Jülia Dükurno

Builki Kann Kino Festivalında “Qızıl palma” mükafatını alan “Titane” (“Titan”) filmi kakafoniya və maşının betona çırpılması səsiylə başlayır. Ardınca başında qorxunc metal parçası olan qızın görüntüsü gəlir. Sonra maşın şousu, erotik rəqqasələr, musiqi, neon işıqlar görünür.

Qəzaya düşən qız bu dəfə tamaşaçıya peşəkar qatil və maşın şousu rəqqasəsi qismində görünür. Şoudan sonra bir nəfər onu maşınına qədər izləyir və biz həmin adamın qulağına çox iri bir iynə sancıldığını görürük. Onun ağzı nasaz maşını xatırladır. Bütün bunlar filmin ilk 10 dəqiqəsi boyunca baş verir.

Parisli kino rejissoru Jülia Dükurno hələ 2016-cı ilin Kann Kino Festivalındakı debütündə - “Tənqidçilər həftəsi”ndə ilk böyük uğurunu qazanmışdı. Yenidən Kanna qayıdan Dükurnonun yeni “Raw” (“Çiy”) filmi əsl sensasiya kimi dəyərləndirilir. Spayk Linin başçılıq etdiyi münsiflər heyəti bu filmi “Qızıl palma” mükafatına layiq görüb.

Dükurno tarixdə bu mükafata layiq görülən ikinci qadın rejissordur. Bu nailiyyəti ilk dəfə 1993-cü ildə “The Piano” filmi ilə Yeni Zelandiyalı kino rejissoru Ceyn Kempion əldə etmişdi.

“Raw”dan əvvəlsə Dükurnonun “Junior” adlı qısametrajlı filmi 2011-ci ildə Kannda uğur qazanıb.

Motor yağı kimi sürüşkən və kirli dünya?

“The Film Stage” saytı yazır ki, Deyvid Kronenberq “Crash” (“Toqquşma”) filmində ingilis yazıçısı J.G. Ballardın futuristik sevgi məktubuna öz maraqlı baxış bucağından yanaşıb. Dükurno isə tam başqa cığır seçib. Onun dünyası Kronenberqinkinə bənzəmir. Dükurnonun dünyası daha qaranlıq və motor yağı kimi sürüşkən və kirlidir.

Baş qəhrəman Aleksianı Aqat Russel canlandırır. Aleksia onu şikəst edəni öldürəndən sonra başqa bir qadınla görüşə gedir və həm onu, həm də onun çoxsaylı otaq yoldaşlarını öldürür. Polisdən qaçarkən öz bədənini dəyişdirib tanınmaz hala salır. Döşlərini skoçla yapışdırıb yastıladır, burnunu qırır. Özü də, deyəsən, nəticədən razı qalır. Onun planı illər əvvəl itkin düşmüş bir oğlanı yamsılamaqdır. Beləcə, o, oğlanın atası - özünə steroid iynəsi vurmalı olan yanğınsöndürənlə (Vensan Landon) görüşür. Onların arasında bəlli bir bağlantı da qurulur.

Yazıda daha sonra filmin provokasiya ilə dolu olmasına diqqət çəkilir. Aleksia maşınla cinsi əlaqədə olub ondan hamilə qalır. Buna görə də onun oğlan kimi görünmək cəhdləri tamaşaçıya daha qəribə gəlir. Filmin ən ziddiyyətli anında isə Aleksia saç sancağından dəhşətli bir hadisə törətmək üçün istifadə etməyə çalışır. Sonradan sancaq qana yox, neftə batmış görünür.

“Bu filmdə demək olar hər şey mexaniki, hiperreal futuristik kabus kimi görünür; hətta… onun maçoya bənzər yanğınsöndürənləri də”, - rəydə deyilir. Aktyor bu rol üçün iki il idmanla məşğul olduğunu deyir.

Birdən-birə 2 film Qran pri alıb

“Variety” yazır ki, filmin treylerində hər hansı bir dialoqdan bir kəlmə də yoxdur.

Premyerası Kann Kino Festivalında olan “Titane” NEON şirkəti tərəfindən nümayiş etdiriləcək. Film ABŞ-da oktyabrın 1-də kinoteatrlara çıxacaq. “Deadline” platforması NEON-un bu filmin nümayiş hüquqlarını hələ 2019-cu ildə aldığını yazır. NEON 2019-cu ilin Kann Festivalında “Qızıl palma” mükafatının qalibi olmuş “Parasites” (“Parazitlər”) filminin də distribütoru idi.

Kann Kino Festivalının builki Qran prisi birdən-birə iki filmə - İran rejissoru Əsğər Fərhadinin “The Hero” (“Qəhrəman”) və finlandiyalı rejissor Yuho Kuosmanenin “Compartment No. 6” (“6 nömrəli kupe”) filmlərinə verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG