Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:47

Tikintilərdə texniki təhlükəsizlik qaydaları pozulur


Tikinti
Tikinti

«Bina tikirlər, yuxarı mərtəbələrdən daş, dəmir parçaları yoldan keçənlərin başına tökülür».

Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayevo küçəsi, 13b ünvanında yaşayanlar AzadlıqRadiosuna ərazidə aparılan tikintidən şikayət edirlər.

Bir müddətdir ki, bu ünvanda çoxmərtəbəli bina inşa olunur. Sakinlərin iddiasına görə, tikintini aparanlar texniki təhlükəsizlik qaydalarına əməl etmirlər. Günel Ələkbərova:

«Tikinti yaşayış binalarının, məktəbin və mağazanın yaxınlığında aparılır. Bu ərazidə əhalinin intensiv hərəkəti var və tikilidən tökülən daş-kəsək insanların həyatı üçün təhlükəlidir. İş orasındadır ki, bunu tikintini aparanlara deyəndə, adamlara başqa küçədən keçməyi «məsləhət görürlər». Bir ay əvvəl əkiz körpələrimi arabaya qoyub mağazaya getmək üçün oradan keçəndə iri bir taxta parçası yerə çırpılıb xıncım-xıncım oldu. Bir-iki addım geciksəydim, o taxta parçası körpələrimin həyatına son qoyacaqdı».

***Buna da bax-Çoxmərtəbəli bina qonşu evlərin divarına bitişdirilib

«NEÇƏ FƏHLƏ YIXILIB ÖLÜB»

Sakinlərin deməsinə görə, qeyd olunan ərazidə bir-birinin ardınca bir neçə bina tikilib. İndiyədək bu tikintilərin heç birində təhlükəsizlik qorunmayıb və hazırda da qorunmur. Ərazidə yaşayan Telman Salmanov:

«Bu kiçik ərazidə aparılan tikililərdən neçə fəhlə yıxılıb ölüb, heç bilirsiniz?.. Göyün üzündə işləyirlər, bellərində təhlükəsizlik kəməri yox, başlarında təhlükəsizlik kaskası yox... İşə günəmuzd fəhlələr götürürlər, nə sağlamlıqlarına diqqət edirlər, nə can-cüssələrinə... Ucuz qüvvədir deyə, kimi gəldi atırlar bu tikintilərə, öhdəsindən gəlməyən, işi bilməyən də ya yıxılıb ölür, ya da daş-kəsək altında qalıb şikəst olur. Nəzarətsizliyin nəticəsidir. Guya yoxlama gəlir, rüşvətini alıb, cibinə qoyub gedir».

Sakinləri narahat edən odur ki, yaxın günlərdə məktəblər açılacaq və yüzlərlə məktəbli məktəbə yetişmək üçün yenə bu təhlükəli «zolaq»dan adlayıb keçməli olacaqlar. Onlar tikintinin ətrafında texniki təhlükəsizlik işlərinin aparılmasını tələb edirlər.

***Buna da bax-Sakinlər: 'Hamı rüşvətini alıb çəkilib kənara, deyirlər, nə istəyirsən, elə...'

BAYRAMDAN SONRA BAXIŞ KEÇİRƏCƏKLƏR

Xətai Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, indiyədək rayon ərazisində texniki təhlükəsizlik qaydalarını pozduğuna görə onlarla tikinti şirkətinə xəbərdarlıq olunub, hətta bir neçəsində iş dayandırılıb, məhkəməyə də verilib. Bayram günləri bitdikdən sonra qurumun nümayəndələri qeyd olunan ünvana gedib aparılan tikintidəki texniki təhlükəsizlik məsələlərinə baxış keçirəcək və aidiyyəti qurumları məlumatlandıracaqlar:

«Sakinlər də sağ olsunlar ki, belə məsələlərdə biganə qalmırlar və dövlət qurumlarını məlumatlandırırlar».

Hüquqşünas Namizəd Səfərov deyir, tikinti şirkətlərinin «Texniki təhlükəsizlik haqqında» Qanunun tələblərini icra etmək kimi öhdəlikləri var.

«Bu qanunun tələbləri isə bunlardır: Tikinti şirkəti hündürlükdə işlər yerinə yetirilərkən şirkət iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməlidir. Daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla, təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir. Hündürlükdən yıxılma, yuxarıdan düşən materiallar, alətlər və əşyalardan qorunma üçün, eləcə də quraşdırılma, xidmət göstərmə, təmir, montaj və ya sökülmə prosesində şirkət bu zonanın hasarlanmasını təmin etməlidir», – hüquqşünas bildirib.

XS
SM
MD
LG