Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 16:35

‘Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi’ yaradıldı


Ağcabədi Rayon Mərkəzi Xəstəxanası
Ağcabədi Rayon Mərkəzi Xəstəxanası

Bu gün dekabrın 20-də prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman verib.

Sənəddə bildirilir ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması məqsədilə qanunvericilik bazası formalaşdırılıb.

Prezidentin 2016-cı il noyabrın 29-da verdiyi fərmanla Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başlanıb.

Fərmanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmaq tapşırılır.

Bu, sənəddə ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq, müasir tələblərə uyğunlaşdırmaq və bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılması istəyi ilə izah edilir.

Fərmanın ikinci bəndinə əsasən isə Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilir. Amma Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Əczaçılıq və Tibb Sənayesi Birliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər) istisna təşkil edir.

İstinsna təşkil edən müəssisələrə eyni zamanda Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və bir sıra başqa qurumlar da daxilidr.

Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirməlidir.

Sənədə görə, TƏBİB-in saxlanması, fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və onun nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilməlidir.

TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti isə üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Onun İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edəcək.

Fərmanla habelə, Azərbaycan Nazirlər Kabineti və bir sıra dövlət qurumlarının üzərinə də vəzifələr qoyulur.

Fərmanın 2-ci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Xatırlatma

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 18 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib. Qanun yalnız 3 rayonda pilot layihə kimi tədbiq edilir.

2017-ci ildə 2018-ci ilin büdcəsi müzakirə edilərkən onun bütün ölkədə tədbiqinin 2019-cu ildə gözləndiyi deyilmişdi. Ancaq bu yaxınlarda parlamentdə 2019-cu ilin büdcəsi müzakirə edildikdə bunun, hələlik, mümkün sayılmadığı bəlli oldu.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Publik hüquqi şəxs – dövlət, bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılır. Ümumdövlət, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

XS
SM
MD
LG