Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Tibb Universitetinin 57 işçisi koronavirusa yoluxub


Tədris Cərrahiyyə Klinikası
Tədris Cərrahiyyə Klinikası

Azərbaycan Tibb Universitetinin işçiləri arasında təxminən 60 nəfər koronavirusa yoluxub. Bu haqda universitetin mətbuat katibi Günel Aslanova məlumat verib. O deyib ki, universitetin iki klinikası, həm Tədris Cərrahiyyə Klinikasının, həm də Tədris Terapevtik Klinikasının əməkdaşları arasında yoluxma qeydə alınıb. Mətbuat katibi təkcə Tədris Cərrahiyyə Klinikasında 33 nəfərin yoluxduğunu bildirir.

G.Aslanova 33 nəfərdən 6 nəfərin artıq sağaldığını, 27 nəfərin müalicəsinin davam etdiyini söyləyir: "Müalicə alanlardan 21-i reanimasiya şöbəsinin həkimləridir. Altı nəfərin vəziyyəti ağırdır. Daha altı nəfərin vəziyyəti yüngül, digər 15 nəfərin vəziyyəti isə orta-ağırdır".

ATU-nun mətbuat katibi Tədris-Terapevtik Klinikasında isə 24 nəfərin koronavirusa yoluxduğunu, bunların həkim, həkim rezidentlər, orta tibb işçiləri olduğunu deyir. G.Səfərovanın sözlərinə görə, onlardan sağalanlar da var, iş başında olan da.

Bu haqda həkimlər də sosial media hesablarında yazırlar.

"Mən də daxil olmaqla Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində çalışan 21 personal COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - həmin klinikada çalışan həkim Etibar Abbasov sosial şəbəkədə yazıb.

Həkim yazdığı statusunda artıq tükəndiklərini bildirib: ""Biz tükənmişik" deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur".

Yoluxanlar arasında olan digər həkim Aişə Yolçuzadə isə yazıb ki, gözlənilən oldu. "Tək narahatlığımız arxamızda qoyduğumuz xəstələrə işini bilən mütəxəssislər tərəfindən lazımı tibbi yardımın göstərilməsidir. Ən az bizim qədər can yandırsalar, yetər".

İndiyədək Azərbaycanda ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 12 min 182 nəfərin sağaldığı, 258 nəfərin vəfat etdiyi, 8 min 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə olunduğu deyilir. Gündəlik yoluxma sayı 500-dən yuxarıdır.

V.İsmayıl
V.İsmayıl

"Artıq həkim çatışmazlığı yaranıb"

Doktor Vasif İsmayıl həkimlərin belə kütləvi xəstələnmələrinin həkim çatışmazlığına səbəb olduğunu bildirir: "Hazırda bizim Tədris Cərrahiyyə Klinikasında xəstələrə qulluq edən, onların müalicəsini təşkil edən adamın özü xəstədir və reanimasiyadadır. Xəstə ola-ola prosesə nəzarət edir. Artıq bu dərəcəyə qədər çatmışıq".

Onun sözlərinə gör, xəstələnmiş həkimlərin əlini qaldırmağa taqəti çatmır, reanimasiyada yatır, bununla belə, xəstələrin müalicəsi ilə bağlı qərarlarını da yataqdan verirlər.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə hesab edir ki, başqaları ilə müqayisədə COVID-19 xəstələrini müalicə edən həkimlərin bu infeksiyaya yoluxma ehtimalı daha çoxdur. Amma o, hələlik, həkim çatışmazlığının kəskin həddə olmadığını qeyd edir: "Bəzən çatışmazlıq üzündən iki həkimin işini bir həkim, iki tibb xidmətçisinin işini bir tibb xidmətçisi görür. Bu da yüklənmə üzündən yorğunluğa, immunitetin zəifləməsinə, xəstələnmələrə səbəb olur. Digər ixtisas sahibləri olan həkimləri də bu prosesə cəlb etmək lazımdır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG