Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

'The New York Times Book Review' rəyçilərini necə seçir


Kitab
Kitab

Bu yaxınlarda «The New York Times»ın kitab rəyçisi olmuş yazıçı Stiven Kinq qəzetin təklifinə cəmi 30 saniyə içində cavab verib. Redaktorlar onun rəyini redaktə etməkdən həzz alıblar. Ancaq işlər həmişə belə asan getmir.

S.Kinqin rəy verdiyi kitabsa Tana Frençin «İfritə qarağacı» romanıdır. «The New York Times»ın «Book Review» nəşrinin redaktoru Tina Cordan romanı oxuyan zaman dərhal ona rəy almaq üçün S.Kinq haqda düşünüb. Bir yandan romanın triller olması, bir yandan da əsərdə güclü xarakterlərin olması ona Kinqin romanlarını xatırladıb.

«Mən hətta hər hansı başqa rəyçilər haqda düşünmədim. Kitabı oxuyan zaman, sadəcə, bunu hiss edirsən», – Cordan deyir.

Obama da rəyçi olub

Bu, S.Kinqin bu nəşr üçün ilk rəyi deyil. Ancaq rəyçiləri tapmaq, təyin etmək və rəyləri redaktə etmək heç də həmişə asan olmur. Əksər hallarda bu, uzun və mürəkkəb prosesdir, incəsənətlə elm arasında bir şeydir. Redaktorlar yazıçılara uyğun layihəni tapana qədər onlarla illər danışa və yazışa bilərlər. İlk dəfədən uğurlu görünən kitab-rəyçi cütlüyü əslində uğursuz ola bilər.

«Kimsə bir kitab yazır və buna bütün vaxtını, enerjisini, səylərini sərf edir. Sən də istəyirsən həm düzgün adamı, kifayət qədər bilikli və həssas, ancaq həm də kitaba düzgün yanaşacaq qədər tənqidi rəyçi tapasan. Bu kitabı oxumaq üçün ən maraqlı insan kimdir və onları kim təəccübləndirə bilər?» – «Book Review»nun redaktoru Qel Bekermen deyir.

Həftəsonu çıxan «Book Review»nun daimi rəyçiləri olmur. Bəzən müzakirə olunan mövzuda … təcrübəli adam ən yaxşı rəyçiyə çevrilir. Məsələn, S.Kinq kimi triller müəllifi T.Frenç kimi digər bir triller müəllifinin işinə rəy yazır. Ancaq redaktorlar deyirlər ki, bəzən sürpriz cütlük uğurlu olur.

Bəzən seçilən rəyçilər yazar olmur, tamamilə başqa sahədə tanınır. Məsələn, keçmiş prezident Bill Klinton başqa bir keçmiş prezident Uliss Qrantın bioqrafiyasına, bəstəkar və müğənni Patti Smit Haruki Murakaminin kitabına, aktyor Alan Kamminq yazıçı Devid Sedarisin esse toplusuna, «Microsoft» şirkətinin təsisçisi Bill Qeyts isə Yuval Noy Hararinin ən son kitabına rəy yazıb.

Maarifləndirən və bilgiləndirən biri...

Bütün bu hallarda rəyçilər ya oxşar mövzularda və ya oxşar tonda kitablar yazmış, ya da həmin müəllifə və ya mövzuya maraq ifadə etmiş olurlar.

«Rəyin özü bizi məlumatlandıran və maarifləndirən bir şey olmalıdır. Hər şeydən öncə isə, biz informativ, …səmimi və maraqlı rəy yaza bilən adamları axtarırıq», – redaktor Pamela Pol deyir.

Bəzən redaktorlar kitab-rəyçi cütlüyünü dərhal təyin edə bilirlər. Onlar yazıçılar və onların yaradıcılığı ilə illərlə ünsiyyətdə olduqlarına görə bunu edə bilirlər.

«Book Review»nun altı redaktorunun hərəsi hər həftə müxtəlif nəşriyyatlardan 50-60 yeni kitabın siqnal nüsxəsini alır. Hər redaktor bunların arasından «rəy verməyə dəyən» 10 – 15 kitab seçir, özü də bəzən bunu altı ay əvvəldən edir və bu kitabları, bir qayda olaraq, qəzetdə çalışmayan adamlara rəy vermək üçün göndərir. Ancaq bəzən qəzetin öz müxbirləri və ya redaktorlarından da rəy alınır.

Kitablarla rəyçiləri bir-birinə uyğunlaşdırmaq çətin işdir. Ancaq «Book Review»da çalışanlar üçün bu, ən gözəl işlərdən biridir.

«Uşaqlıqdan oxuduğumuz insanlarla işlədiyimizə görə bu, möcüzəli işdir», – redaktor Qreqori Koulz deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG