Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibi haqda iyulun 21-də yeni sərəncam imzalayıb. Bəs, bu sərəncamdan sonra hökumət nə qədər təzələnə bildi? Yeni tərkibin idarəetməyə hər hansı təsir imkanı olacaqmı?
YENİ KOMANDA...
Yeni hökumətdə əksəriyyət elə köhnə nazirlərdir. Amma bəzi yeni adlar da var. Baş nazir postuna 25 ildən sonra yenisi gəlib. 71 yaşlı Novruz Məmmədov. O,21 il mmüddətində Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. Son iki ildə isə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi idi.
17 ildir Bakı şəhər icra hakimiyyətinə başçılıq edən Hacıbala Abutalıbovsa baş nazirin müabini təyin olunub. Amma yeni təyinatlar arasında gənc kadr da var. Asan xidmətin rəhbəri - 41 yaşlı İnam Kərimov kənd təsərrüfatı naziri təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində Səlim Müslümovu Sahil Babayev əvəzləyib.
"BAŞ NAZİR POSTUNDA KİMİN OLMASININ BİR ÖNƏMİ YOXDUR"
1993-cü ildə cəmi bir neçə ay baş nazir postunu tutan Pənah Hüseyn yeni təyinatları ciddi siyasi islahat hesab etmir:
“Azərbaycanda avtoritar hakimiyyətdir. Üstəlik prezidentin həyat yoldaşının ikinci vəzifəli şəxs olduğunu nəzərə alsaq, həm də, ölkədə ailə hakimiyyəti mövcuddur. Belə bir məqamda baş nazir postunda kimin olmasının bir önəmi, əhəmiyyəti qalmır. Bircə təəccübləndirici məqam odur ki, hansısa oliqarxlardan biri baş nazir postuna gətirilə bilərdi. Bu baş tutmadı”.
Pənah Hüseyn düşünür ki, Azərbaycanda hakimiyyət bir əldə birləşib. Belə bir məqamda həmin posta kimin gətirilməsi, hər hansı dəyişikliyin olacağı anlamını da vermir.
"PREZİDENTƏ XALQIN SOSİAL-İQTİSADİ ÇAĞIRIŞLARINI ÜZƏRİNƏ GÖTÜRƏCƏK HÖKUMƏT LAZIMDIR"
Millət vəkili Zahid Orucsa öz Facebook hesabında yeni baş nazir Novruz Məmmədovu uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insan kimi xaraketirizə edir. Yazır ki, prezident yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik, reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır.
ƏRƏSTUN ORUCLU: YENİ KOMANDADA ÜSTÜNLÜK RAMİZ MEHDİYEVDƏDİR..
Siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, yeni hökumətin fəaliyyəti elə hakimiyyətin ruhuna, indiyə kimi yürüdülən siyasətə aid olacaq. Onun fikrincə, buna görə də yeni hökumətdə kimin təmsil olunmasının ciddi bir əhəmiyyəti yoxdur. Amma Ərəstun Oruclu diqqəti başqa məqama çəkir. Deyir ki, yeni komandada üstünlük Ramiz Mehdiyev qruplaşmasındadır:
“Yəni, nazirlər kabineti artıq Ramiz Mehdiyevin nəzarətindədir. Bu da o deməkdir ki, bu gün hakimiyyət daha çox Ramiz Mehdiyevin əlindədir, nəinki bir il, 3-4 ay əvvəllə müqayisədə. Bir-iki nəfər guya gənc nazir təyin edirlər, bunların heç bir mənası yoxdur. Hər şey İlham Əliyev və Ramiz Mehdiyev tərəfindən müəyyənləşdirilir. Necə müəyyənləşdirilirsə, bütün nazirlər də kimliyindən aslı olmayaraq, bunu icra etməyə məcburdur”.
Ərəstun Orculu buna görə də yeni hökumətdə hər hansı yenilik, yeni təşəbbüs, islahat gözləmir.
Yeni təyinatlar sosial şəbəkələrdə də müzakirə olunub. Əksiriyyət məhz baş nazir postuna 71 yaşlı Novruz Məmmədovun gətirilməsini müzakirə edir. Bəs, Bakı sakinləri yeni baş nazir haqda nələri bilirlər. Bakıda keçirdiyimiz qısa sorğunu izləyək.
Yerli mediada Ramiz Mehdiyev və onun komandası daha çox rusiyameylli kimi tanıdılır. Yeni Baş nazir Novruz Məmmədovun da məhz bu komandaya daxil olduğu haqda iddialar var. Elə Norvuz Məmmədovu ilk təbrik edənlərdən biri də Rusiyanın baş naziri Dmitri Medvedev olub. İqtisadçı Qubad İbadoğlu da öz Facebook statusunda bu məsələyə toxunub. Yazır ki, Kremlin razılığı olmadan özəlliklə, güc nazirliklərində əvəzlənmə gözlənilmirdi.