“Dövlət rüsumu haqqında” qanuna dəyişklik nəzərdə tutulur. Artıq, parlamentə təqdim edildiyi bildirilən dəyişiklik layihəsində, avtomobillərin texniki baxışdan keçirilməsi rüsumunun 20 manatdan 30 manata qaldırılması təklif olunur.
Məsələyə müxtəlif yanaşmalar var. Daxili İşlər Naziriliyinin sözçüsü Ehsan Zahidov bu günlərdə APA-ya açıqlamasında buna yol hərəkətinin təhlükəsizliyi ilə bağlı 2019-2023-cü illəri əhatə edən dövlət proqramı ilə bağlı tədbirlər panı prizmasından toxunub. O deyib ki, həmin tərbirlərdən biri avtonəqliyyat vasitələrinə texniki baxışın təkmilləşdirilməsidir.
Ehsan Zahidov vurğulayıb ki, məqsəd yararsız avtomobillərin iştirakı ilə baş verən qəzaların sayını və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır.
“Operativlik, şəffaflıq, məsuliyyət,...”
Onun fikrincə, habelə operativlik, şəffaflıq, məsuliyyət və keyfiyyətli avtomobil parkının yaradılması da qarşıya qoyulan məqsədlərdəndir.
Rüsumun 20 manatdan 30 manata qaldırlmasına gəlincə, E.Zahidov bu artımı yüksək saymır:
“... Qeyd edim ki, təklif edilən 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdə ki, analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır. Məsələn Avropa ölkələrində texniki baxış üçün rüsum təxminən 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır...”
Təklif olunan 4 təklif
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov isə rəsmilərin izahı ilə bir o qədər də razılaşmır. O, vurğulayır ki, 2018-ci ilin sonunda qəbul edilmiş Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər nəzərdə tutulur:
“Birinci, texniki baxışın xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsidir. İkinci, texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması, onların hüquqi məsuliyyətinin müəyyən edilməsidir. Üçüncü isə texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydaları hazırlanmalıdır. Nəhayət, dördüncü bütövlükdə bu sahədə qanunvericilik təkmilləşdirilməlidir".
O hesab edir ki, Proqramda nəzərdə tutulan tədbirlər kompleks şəkildə icra edilməlidir:
“Rüsumların az və ya çox olması məsələsinə isə yalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər”.
Ekspert hesab edir ki, Milli Məclis deputatları indilikdə bu layihənin müzakirəsini təxirə salmalıdırlar.
“Bu texniki baxış formal və...”
İqtisadçı Azər Mehtiyev isə hesab edir ki, rüsumun qaldırılması ciddi şəkildə əsaslandırılmalıdır:
“Əgər, bu rüsum artırılrması hansısa texniki avadanlıqların tətbiqi ilə bağlıdırsa o zaman, hələ bir neçə il öncə bəyan edirdilər ki, infrastruktur qurulub. Əgər elədirsə, onda bu rüsumun arıtılmasının səbəbi nədir? Yox, bu inflyasiya ilə bağlıdırsa, o zaman xalqın qazandığı niyə buna istiqamətləndirilməlidlir? ”.
A.Mehtiyev avtomobillərin texniki baxışı ilə bağlı Avropa müqayisəsini də yersiz sayır:
“Avropada bu iş özəl şirkətlərə tapşırılıb və orada texniki baxış formal xarakter daşımır. Bizdə isə hamı bilir ki, bu texniki baxış formal və fiksal xarakterli bir şeydir”
Xatırlatma
“Dövlət rüsumu haqqında” qanuna dəyişklik təklifi bu il sentyabrın 23-də Milli Məclisin İqtisadiyyat, sənaye, sahibkarlıq komitəsində müzakirə edilib və həmin təklifin parlamentin plenar iclasına çıxarılması nəzərdə tutulur.