Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

"Neft erasına nöqtə qoyacaq maşın"a rekord tələbat


Tesla Model 3 (Prototip)
Tesla Model 3 (Prototip)

►Hələ buraxılmayan maşını almaq üçün növbə yaranıb

Kaliforniyada yerləşən "Tesla" şirkəti ötən həftə özünün ən ucuz beşyerlik avtomobilini təqdim edib.

Şirkətin yaradıcısı və rəhbəri Elon Musk deyir ki, səbirsizliklə gözlənən "Model 3" elektromobili üçün bir neçə günə 276 000 sifariş qəbul olunub.

Elon Musk Twitter-də yazıb ki, bu rəqəm ötən şənbə gününə qədər olan sifarişləri əks etdirir.

Bu modelin qiyməti 35000 dollardan başlayacaq. Bu maşınlar akkumulyatoru doldurulandan sonra 346 km məsafə qət etməyə qadir olacaq.

Avtomobilin 2017-ci ilin sonlarında satışa çıxarılacağı gözlənilir.

Sifarişçilər avtomobilləri rezervasiya etmək üçün əvvəlcədən 1000 dollarlıq depozit (beh) qoymalıdırlar. (Amma, adətən, əvvəlcədən sifariş edilmiş maşınların heç də hamısı sonda alınmır).

Bununla belə yüzminlərlə avtomobilin öncədən sifariş edilməsi "Tesla" şirkəti üçün artıq indidən 4-5 milyard dollarlıq gəlirin təminatı deməkdir.

Sözügedən avtomobil onlarla ölkədən sifariş oluna bilər. Siyahıda Britaniya, İrlandiya, Braziliya, Hindistan, Çin və Yeni Zellandiya da var.

Yeni məhsula maraq o qədər böyük olub ki, Elon Musk öz tvitində yazıb ki, şirkət istehsalın həcmi ilə bağlı planlarını yenidən nəzərdən keçirəcək.

Ötən ilsə "Tesla" çoxu "Model S" olmaqla 50580 ədəd maşın istehsal edərək Nissanın "Leaf" elektrik avtomobillərinin satış sayını geridə qoyub. Beləliklə "Tesla" avtomobilləri dünyanın ən çox satılan elektrik avtomobilləri olub.

Model S-in orta qiymərti 70-80 min dollar arasında olub. Bu say "Mercedes"in E-Class avtomobillərinin satış sayı ilə eynidir. Ancaq E-Class avtomobillərinin qiyməti 50000 dollar ətrafındadır. Mersedesin ən bahalı S-Class avtomobillərininsə orta qiyməti 90000 dollardır.

Tesla zavodu, Kaliforniya, ABŞ
Tesla zavodu, Kaliforniya, ABŞ

Elektrik avtomobili bazarında "Tesla" maşınları ilə rəqabət aparacaq maşınlar arasında "General Motors"un "Chevy Bolt" və "BYD"-nin " Qin EV300" modelləri də var. Onların həm parametrləri, həm də qiymətləri "Tesla"nın modelləri ilə oxşardır.

Elon Musk deyib ki, istehsalat tam işə düşəndən sonra onun hədəfi ildə 500000 ədəd avtomobil istehsal etməkdir.

Maraqlıdır ki, bütün bunlarla yanaşı "Tesla" 2015-ci ildə 889 milyon dollar ziyana düşüb. Bu qismən də onunla bağlıdır ki, şirkət bu müddət ərzində tədqiqat və təkmilləşdirmə işinə 718 milyon dollar xərcləyib.

Tam olaraq elektrik enerjisi ilə işləyən avtomobillərin dünyada neft erasına son qoyacağını düşünənlər az deyil. Dünyada çıxarılan neftin 70 faizə qədəri nəqliyyat üçün yanacağın istehsalına yönəlir. Elektrokarların əsas problemi indiyəcən o idi ki, istehsalı çox baha başa gəlirdi və bu onların kütləvi satışı önündə əsas maneə idi. Buna baxmayaraq bəzi dünya ölkələrində Tesla rekord satışa nail olub. Məsələn, 2015-ci ildə Norveçdə Tesla dünyanın avtomobil nəhənglərini satış həcmlərinə görə qabaqlayaraq 1-ci yerə yüksəlib.

Tesla yeni elektromobilini nümayiş etdirib
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG