Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:24

'Tərtər işi' istintaqı: məzar açılıb, məhkumlar dindirilir


'Tərtər işi'ndə narazılıqlar: 'İstintaq qrupundan tələb edirik ki, bu işləri düzgün, qanuni aparsın'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

'Tərtər işi'ndə narazılıqlar: 'İstintaq qrupundan tələb edirik ki, bu işləri düzgün, qanuni aparsın'

AzadlıqRadiosu-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqın gedişində bir meyit eksqumasiya olunub

2017-ci ilin mayında orduda baş verən və şərti olaraq, “Tərtər işi” adlandırılan cinayət işi üzrə istintaqın təzələnməsindən 8 aya yaxın vaxt keçir. Azərbaycan hərbçiləri arasında Ermənistan üçün casusluq iddiaları üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində gedir.

İstintaq təzələnəndən sonra Baş Prokurorluq prosesin gedişi haqda iki dəfə rəsmi açıqlama yayıb. Həmin açıqlamalarda zərərçəkmişlərin sayı, işgəncə verməyə görə həbs edilənlərin kimliyi, öncə dövlətə xəyanət ittihamıyla tutulan, sonradan başqa maddələrlə məhkum edilmiş şəxslər haqqında hökmlərin ləğv olunması haqda məlumat verilib. Ondan sonra ötən 4 ay ərzində istintaq haqda ictimaiyyətə rəsmi məlumat verilməyib.

Bir meyit eksqumasiya olunub

AzadlıqRadiosu-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, istintaqın gedişində bir meyit eksqumasiya olunub. Söhbət 1993-cü il təvəllüdlü Təmkin Nizamioğlunun məzarının açılmasından gedir.

Mənbə bildirib ki, 2017-ci ilin mayında mərhum leytenantın ölümünə səbəb kimi, sətəlcəm xəstəliyi göstərilib: “Lakin eksqumasiya zamanı onun bədəni üzərində çoxsaylı xəsarətlər aşkarlanıb. Prosesdə iştirak edən tibbi ekspertlər də qeydə alıb. Eksqumasiya prosesi videolentə alınıb. Baş Prokurorluğun İstintaq İdarəsində saxlanılan həmin kadrlarda da bunlar əskini tapıb”.

“Kəfən çürüsə də, bədən olduğu kimi idi”

Mərhum leytenantın atası Nizami Quliyev də AzadlıqRadiosu-na məlumatı təsdiqləyib. O bildirib ki, eksqumasiya 2022-ci il mayın 11-də keçirilib. Prosesdə özü də digər oğlu ilə birlikdə iştirak edib:

“Övladım 5 il əvvəl necə idisə, qarşıma da elə çıxdı. Kəfən çürüsə də, bədən olduğu kimi idi. Proses 3 saat yarım çəkdi. Ekspertlər müayinə zamanı xeyli xəsarət aşkarladılar – ikinci, üçüncü, dördüncü fəqərədə sınıq və çat, qolda, qabırğada sınıq, baş hissəsində küt alətlə yetirilmiş zərbələrdən yaranan xəsarət izləri...”

Quliyev danışır ki, 2017-ci il mayın 15-də oğlunun meyitini gətirəndə evdə olmayıb. Onun gəlişini gözləmədən tələsik aparıb dəfn ediblər. Atanın sözlərinə görə, həmin vaxt tabutun üzərinə yapışdırılmış kağızda Təmkin Nizamioğlunun ürək çatışmazlığından vəfat etdiyi göstərilib. Amma sonradan onun sətəlcəm nəticəsində kəskin nəfəs çatışmazlığından ölməsi haqda rəy verilib.

Quliyev oğlunun ölümünə görə məsuliyyət daşıyanların hamısının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir, bu şəxslər sırasında Hərbi prokuror Xanlar Vəliyevin, o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənovun, tibbi rəy vermiş ekspertlər və başqalarının adlarını çəkir.

Məhkumlar dindirilir

“Tərtər işi” üzrə istintaqdakı daha bir yenilik isə dövlətə xəyanətdə suçlanaraq, uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərlə bağlıdır. AzadlıqRadiosu-nun əldə etdiyi başqa bir məlumata görə, bu işi araşdıran istintaq qrupunun üzvləri cəzaçəkmə müəssisələrinə gedərək, həmin məhkumlarla görüşüb, ifadələrini alıblar.

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sözügedən məhbuslardan birinin ailəsi də AzadlıqRadiosu-na xəbəri təsdiqləyib:

“Təxminən 2-3 həftə əvvəl olub. Düzü, hələ yekun nəticə olmadan bu haqda ətraflı danışmaq istəmirəm. Gözümüz qorxub. Ondan qorxuram ki, prosesə müdaxilə eləyənlər olar. Bizim yaxınlarımızın da istintaq prosesinə cəlb olunması, təkrar dindirmələr ümid yaradır. İstəmirəm ki, ümidimiz puç olsun”.

Baş Prokurorluqdan prosesin gedişi haqda rəsmi məlumat almaq mümkün olmayıb.

Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

Nə edilməlidir

“Tərtər işi” üzrə araşdırmalar aparan Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov da son 4 ayda prosesin gedişi haqda ictimaiyyətə rəsmi şəkildə məlumat verilməməsindən narahatlığını ifadə edib. Hüquq müdafiəçisi deyir ki, məlumatsızlıq bir tərəfdən dəqiq olmayan, bəzən spekulyativ informasiyaların yayılmasına səbəb olub:

“Ən əsası, insanlarda ümidsizlik yaranır, prosesi davam etdirməyə həvəsləri ölür. Zərərçəkmişlər arasında bir çoxları var ki, onlar əvvəldən prosesin içində deyildilər, şikayətçi olub hüquqlarının bərpasını tələb eləmirdilər. Xeyli cəhdlərdən sonra onlar istintaqa ifadə verməyə, danışmağa razılaşıblar. Onlarda ümidsizlik yarana bilər. Ona görə istintaq prosesinin gedişi barədə ictimaiyyət mütəmadi məlumatlandırılmalıdır”.

Hüquq müdafiəçisi yada salıb ki, dekabrda Tərtər işi üzrə icraat təzələnəndən az sonra – yanvarın 3-də Baş Prokurorluğa üç istiqamət üzrə arayış təqdim ediblər və həmin sənəddə “nə edilməlidir” suallarına cavab var. Bütün zərərçəkmişlərin və təqsiri olanların dairəsinin müəyyənləşdirilməsi, dövlətə xəyanətdə suçlanan şəxslərin işinin yenidən araşdırılması kimi təkliflər verilib.

İfadələrdə adları çəkilənlər

Cəfərov onu da əlavə edib ki, hələ 2018-2019-cu illərdə Tərtər hadisələrində işgəncələrlə bağlı məhkəmə hökmlərində bir sıra vəzifəli şəxslərin, o cümlədən general Hikmət Həsənovun adı çəkilirdi. İşgəncə verməkdə suçlanan şəxslər və şahidlərin bir qismi ifadələrində göstərişin onun tərəfindən verildiyini bildirib.

General-mayor Həsənov indiyədək bu ittihamları cavablandırmayıb. O, 2014-cü ilin dekabrında prezidentin sərəncamıyla Ordu Korpusu komandiri təyin olunub. 2021-ci ilin avqustuna qədər bu vəzifədə çalışıb. 3 avqust 2021-ci ildə korpus komandiri vəzifəsindən azad edilərək, Hərbi Akademiyanın rəis müavini təyin olunub. Bir ay öncə - 2022-ci ilin iyulunda bu vəzifədən də azad edilərək, Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyevin birinci müavini təyin olunub.

Zərərçəkmişlər general Həsənovla yanaşı, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfaət İmranov, 2017-2018-ci illərdə istintaqı aparmış müstəntiqlər, rəy vermiş ekspertlərin də cəzalandırılmasını tələb edir.

Adları çəkilən şəxslərdən yalnız Xanlar Vəliyev yerli mediaya açıqlamasında ittihamları rədd edərək "əsassız" adlandırıb.

Hüquq müdafiəçisi Cəfərov hesab edir ki, Tərtər işi üzrə davam edən istintaqın nəticəsi siyasi iradədən asılıdır, əks halda, məsuliyyət hakimiyyətin üzərində qalacaq.

Xatırlatma

2021-ci ilin dekabrında Baş Prokurorluq “Tərtər işi” üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Söhbət 2017-ci ilin mayında Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs olunduğu işdən gedir.

Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zamanı işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

İşgəncə nəticəsində ölənlərin bəzilərinə sonradan bəraət verilib. Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər, amma bu, rəsmən təsdiqlənməyib.

XS
SM
MD
LG