Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:57

Bəşəriyyət ‘tükənməz enerji’ mənbəyinə bir az da yaxınlaşdı


JET termonüvə reaktoru qazanının divarları berillium və volframdan hazırlanıb
JET termonüvə reaktoru qazanının divarları berillium və volframdan hazırlanıb

Avropa alimləri bildirirlər ki, termonüvə enerjisi əldə olunması istiqamətində böyük irəliləyişə nail olublar. Belə bir enerjiyə yalnız səmadakı ulduzlar malikdir

Avropa alimləri bildirirlər ki, termonüvə enerjisi əldə olunması istiqamətində böyük irəliləyişə nail olublar. Belə bir enerjiyə yalnız səmadakı ulduzlar malikdir.

BBC xəbər verir ki, Britaniyada mənzillənmiş JET (The Joint European Torus) laboratoriyası hidrogenin iki formasını bir-birinə sıxmaqla əldə olunan enerji miqdarı ilə özlərinə məxsus rekordu təzələyiblər.

Əgər termonüvə enerjisi Yer üzündə uğurla yaradıla bilərsə, bu, bəşəriyyətə faktiki olaraq tükənməz, aşağı karbonlu, aşağı radiasiyalı enerji mənbəyi verə bilər.

Sözü gedən eksperimentlər zamanı 5 saniyə ərzində 59 meqacoul (11 meqavat) enerji əldə ediblər.

Bu, alimlərin 1997-ci ildə əldə edə bildikləri enerji həcmindən iki dəfədən də çoxdur.

Əlbəttə, söhbət o qədər də böyük enerji həcmindən getmir və bu həcmlə yalnız 60 çaydandakı suyu qaynatmaq olar. Lakin təcrübənin əhəmiyyəti ondadır ki, eksperiment Fransada tikilməkdə olan böyük termonüvə reaktoru dizaynının düzgünlüyünü təsdiq edib.

Eksperimentlərə başçılıq edən professor Co Milns deyib ki, onlar termonüvə enerjisinin istehsalına bir qədər də yaxınlaşıblar:

“Biz nümayiş etdirdik ki, bizim cihazın içərisində mini ulduz yarada bilmişik...”

Günəşə nə var ki...

Fransanın cənubunda tikilməkdə olan ITER (International Thermonuclear Experimental Reactor) - Beynəlxalq Termonüvə Eksperimental Reaktoru qurğusu Avropa İttifaqı, ABŞ, Rusiya və Çin də daxil dünya ölkələri konsorsiumu tərəfindən dəstəklənir.

Bu qurğu bəşəriyyətin elə bu əsrin ikinci yarısında etibarlı termonüvə enerjisi əldə etməsində sonuncu mərhələ sayılır.

Gələcəkdə istifadə olunacaq termonüvə stansiyaları istixana qazları buraxmayacaq və onların çox kiçik həcmlərdə qısamüddətli radioaktıv tullantısı olacaq.

Termonüvə reaktorunda enerji indiki nüvə stansiyalarında olduğu kimi atom nüvələrinin parçalanması yox, əksinə bir-birinə sıxılması ilə yaradılır. Bu da qeyd olunmalıdır ki, bu zaman kimyəvi birləşmə yox, yeni kimyəvi element yaranır.

Günəşin səthindəki nəhəng cazibə təzyiqləri belə reaksiyaların 10 milyon C dərəcədə getməsinə imkan verir. Lakin Yerdəki aşağı təzyiqli cazibə qüvvəsi şəraitində istiliyin 100 milyon C dərəcədən çox olması lazımdır.

Bu dərəcədə istiliklə birbaşa təmasa tab gətirəcək materiallar mövcud deyil. Buna görə də alimlər laboratoriya şəraitində belə enerjinin alınması üçün superqızdırılmış qazdan və ya plazmadan istifadə ediblər. Güclü maqnit sahəsi ilə saxlanan belə plazma istiliyin reaktorun divarı ilə təmasına imkan vermir və proses sanki havadan asılmış şəraitdə baş verir.

Fransadakı ITER qurğusu
Fransadakı ITER qurğusu

“Ulduztikənlər”

İngiltərənin Oskfordşir qraflığında yerləşən JET laboratoriyası bu təcrübə üzərində artıq 40 ildir ki, çalışır. Son on ildə təcrübələr Fransada tikilən stansiyanın modelinə uyğun cihazda aparılır.

Fransa laboratoriyasının sözügedən plazma üçün üstünlük verdiyi “yanacaq” hidrogenin deuterium və tritium adlı iki izotopudur.

1997-ci ildə ilk rekordunu əldə edəndə JET laboratoriyası karbondan istifadə etmişdi. Lakin karbon tritiumu udur ki, bu da radioaktiv prosesdir. Buna görə də son təcrübələr üçün reaktor qazanının divarları berillium və volframdan hazırlanıb. Bu metallar karbondan 10 dəfə daha az uducudurlar.

“Ulduztikənlər: Termonüvə enerjisi və planetin enerji təchizatı üçün yarış” adlı kitabın müəllifi professor Artur Turrell deyir:

"Bu son dərəcə möhtəşəm məqamdır, çünki onlar plazmanın sabitliyini 5 saniyə saxlaya biliblər. Bu son dərəcə qısa vaxt kimi görünə bilər. Amma nüvə zamanında 5 saniyə uzun, çox-çox uzun müddətdir. Buradan, 5 saniyədən 5 dəqiqəyə, 5 saata və daha uzun müddətə getmək asan olacaq”.

Əslində JET laboratoriyasının qurğusu 5 saniyədən daha uzun müddətə dözməzdi, çünki onun mis elektromaqnitləri çox qızırdı. Lakin Fransadakı ITER stansiyasında içəridən soyudulan superkeçirici maqnitlərdən istifadə olunacaq.

Gələcək nəsillər üçün

Maraqlıdır ki, laboratoriyada termonüvə reaksiyalarını işə salmaq üçün bundan əmələ gələn enerjidən qat-qat çox enerji sərf etmək lazım gəlir. JET laboratoriyasında eksperimenti həyata keçirmək üçün 500 meqavat enerji sərf olunub.

Lakin alimlər ümid edirlər ki, bu uyğunsuzluğu gələcəkdə daha təkmil plazmalarla aradan qaldırmaq mümkün olacaq.

Bu mənada termonüvə enerjisini Yer şəraitində kommersiya baxımından sərfəli etmək üçün hələ çox iş görülməlidir.

Amma bu da nəzərə alınmalıdır ki, JET laboratoriyasında 300 alim çalışır. Yaşlarına görə onların yalnız dörddə biri əməklərinin bəhrəsini görə biləcək.

Digər tərəfdən həmin dövr ərzində laboratoriyaya gənc nəsil alimlər gəlməkdə davam edəcək və estafet kəsilməyəcək.

Hələliksə, JET laboratoriyasının fəaliyyətinin 2023-cü ildə başa çatacağı gözlənilir. ITER stansiyasında plazma ilə təcrübələrə 2025-ci ildən sonra başlanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG