Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

DİN özünü yandıran şəxslə bağlı açıqlama verib


Daxili İşlər Nazirliyi (DİN) vətəndaşın özünü polis bölməsinin qarşısında yandırması ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”a açıqlamasında bildirib ki, bəzi xəbər saytlarında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun 40-cı Polis Bölməsində şikayətinə baxılmadığı barədə yayılmış iddialar əsassızdır:

“Həqiqətən cari il yanvarın 12-dən 13-nə keçən gecə, saat 00.44-də əvvəllər məhkum olunmuş Tərlan İslamov DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək onunla əlaqədar 40-cı Polis Bölməsində aparılan araşdırmanın gedişindən narazılığını bildirib. Zəngdən az sonra Tərlan İslamov bölməyə dəvət edilib. Lakin onun sərxoş olduğu müəyyən edildiyindən araşdırmanın gedişi barədə səhər ona ətraflı məlumat veriləcəyi, narazı qalacağı halda rayon Polis İdarəsinin və prokurorluğun rəhbərliyinə müraciət edə biləcəyi nəzərinə çatdırılıb”

Orxan Mansurzadənin bildirməsinə görə, Tərlan İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxladığı 1 qab benzini üzərinə tökərək özünü yandırıb:

“Bu zaman ayıq-sayıq tərpənən polis əməkdaşları tərəfindən dərhal yanğının söndürülməsi və yaralının xəstəxanaya çatdırılması təmin olunub. Hazırda rayon prokurorluğu bu faktla əlaqədar araşdırma aparır”.

Orxan Mansurzadə həmçinin qeyd edib ki, Tərlan İslamovun gedişatından narazı qaldığı araşdırmanın aparılmasına isə ötən il oktyabrın 9-da rayon ərazisindəki kafelərdən birində bu şəxsin iştirakı ilə baş vermiş bir xuliqanlıq əməli səbəb olub:

“Sözügedən kafenin sahibi Vüqar Rüstəmov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün işlətdiyi kafedə bir neçə nəfərin onu təhqir edərək döydüyünü bildirib. Öz növbəsində Tərlan İslamov da bölməyə qarşılıqlı ərizə ilə müraciət edərək ödəmək üçün çıxardığı 130 manatının və qardaşı Tərzan İslamovun mobil telefonunun kafenin müdiri, onun əmisi oğlu tərəfindən alındığını göstərib.

Araşdırmalarla kafenin müdiri Vüqar Rüstəmovun yaranmış mübahisə zəminində iki qardaş tərəfindən döyülməsi müəyyən olunub. Lakin Tərlan İslamovun göstərdiyi xüsusatlar bu zaman öz təsdiqini tapmayıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsi bu il yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır”.

Tərlan İslamovun yaxınları nə deyir?

Tərlan İslamovun yaxınları isə bəzi kütləvi informasiya vasitələrinə bildiriblәr ki, onun kreditә aldığı telefonu kafelәrin birindә oğurlayıblar: “O, bununla bağlı polisә müraciәt etsә dә, heç bir nәticә olmayıb. Narazı qalan İslamov dünәn (yanvarın 13-də) polis bölmәsinә gedәrәk, narazılığını bildirib. Deyib, heç olmasa, telefonu qaytarsınlar. Müstəntiqlə mübahisə ediblər, o da deyib nə istəyirsən elə... Bundan sonra İslamov əsəbiləşib və özünü yandırıb”

33 yaşlı Tərlan İslamov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası nəzdindəki Yanıq şöbəsinə yerləşdirilib: “Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır”, Səhiyyə nazirliyindən bildiriblər.

Həmin şəxsin bədəninin 65 faizinin yandığı açıqlanıb.

XS
SM
MD
LG