Qazaxıstanın "üzən" tengesi mənzil qiymətlərini ucuzlaşdırıb
2015-ci ilin avqustundan bəri Qazaxıstanda evlərin qiyməti kəskin ucuzlaşıb. İpoteka kreditlərinin verilmə şərtləri sərtləşdirilib, payçıların müdafiəsini gücləndirən qanun qəbul olunub.
“Müddətli ödəniş ev almağı xeyli asanlaşdırır”
İkinci və birinci əl ev bazarındakı durumdan söz açan ekspert Nina Lukyanenko deyir ki, bu müddətdə daşınmaz əmlak qiymətləri aşağı düşüb. Onun sözlərinə görə, gözəçarpan digər məqam – ötən ilin avqustundan bəri tikinti şirkətlərinin yeni evlərin qiymətlərini tenge ifadəsində dəyişməməsidir. Tengenin məzənnəsi düşsə də, evlərin qiymətləri olduğu kimi qaldığından, yeni yaşayış kompleksləri tezcə satılır. Nəticədə, ikinci əl evlərin qiyməti ucuzlaşır.
"Üstəlik, müddətli ödəniş (məbləğin nağd yox, bəlli müddətdə ödənməsi) imkanları da var. Bu isə ev alqısını xeyli asanlaşdırır və müəyyən mənada ipotekanı əvəzləyir. Hətta 15 faizlik ilkin ödənişlə 20 il müddətinə hissə-hissə ödəmək də mümkündür", - ekspert belə deyir.
Buna da bax: Ekspert: 'Məktəb ləvazimatlarının qiyməti 30-40 faiz artıb'
“Məhz milli valyutaya üstünlük verməyi tövsiyə edirik”
"Kazkommerz Securities" səhmdar cəmiyyətinin şöbə müdiri Ayvar Baykenov yaxın perspektivdə tengenin taleyinə nikbin yanaşır. Onun sözlərinə görə, neftin qiymətinin dəyişkənliyi ucbatından, məzənnədə də titrəyişlər olacaq: "Qara qızılın dəyəri tədricən bir barelə 40-50 dollar arasında sabitləşəcək. Bu sərhədi aşması ehtimalı da var... Biz məhz milli valyutaya üstünlük verməyi tövsiyə edirik".
Baykenov-un sözlərinə görə, Mərkəzi Bankın faiz dərəcələrini azaltması istər bütövlükdə bank kreditlərinin faizlərini, istərsə ipoteka faizlərini azaldacaq. O, bununla yanaşı, əmanət faizlərinin də aşağı düşəcəyini söyləyib.
Mütəxəssisin fikrincə, alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsini və ipoteka kreditlərinin azalmasını nəzərə alsaq, indiki məqamda daşınmaz əmlaka sərmayə yatırmaq hələ tezdir.
Buna da bax: Qazaxıstanda ipoteka 1-2 faizlə veriləcək
"Indriksons.ru" şirkətinin yaradıcısı, daşınmaz əmlak sərmayələri mütəxəssisi Igor Indriksons deyir ki, bu ilin payızında rus rublunun neçə faiz dəyərsizləşəcəyini söyləmək mümkün deyil:
“Eniş hələ təzə başlayıb”
"İndi Rusiyanın daşınmaz əmlak bazarındakı çətinliklər yaxın zamanda Qazaxıstan bazarına da gələcək. Təcrübə göstərir ki, Qazaxıstanın daşınmaz əmlak bazarı Rusiya bazarından 1-1,5 il geri qalır. Bu il Qazaxıstan bazarındakı eniş hələ təzə başlayıb. Bizim proqnozumuza görə, 2017-ci ildə bu eniş 15-20 faiz olacaq. Rusiyanın daşınmaz əmlak bazarı bu il ən ağır ilini yaşadısa, Qazaxıstanın sınma nöqtəsi gələn ilə düşür".
"Kn.kz" analitik xidmətinin rəhbəri Anna Shatskaya-nın fikrincə, tenge üzən məzənnəyə keçəndən bəria ölkənin azgəlirli bölgələrində alıcılıq qabiliyyəti daha da azalıb. Qiymətlərin azalması fonunda ikinci əl ev satıcıları da bazardan çıxıb. Onun sözlərinə görə, böhran sürsə də, Astana, Almatı, Aktobe və Aktau şəhərlərində tələb yüksək səviyyədə qalıb. Mütəxəssis bunu dəyəri get-gedə artan dollar əmanətləri ilə əlaqələndirir. Tələbi yüksək saxlayan digər amilsə tikinti şirkətləri və bankların birgə maliyyələşdirmə proqramlarını ortaya qoymasıdır:
“İlin sonuna doğru qiymətlər öz minimum səviyyəsinə çatacaq”
"Xidmətimizin hesablamalarına görə, üzən məzənnəyə keçiddən bəri ikinci əl ev bazarında evlərin qiyməti dollar ifadəsində orta hesabla 40 faiz azalıb. Ümumi eniş faizi isə 50 faizdir. Hesablamalarımız göstərir ki, ən yaxın aylarda qiymətlərin eniş sürəti azalacaq və ilin sonuna doğru qiymətlər öz minimum səviyyəsinə çatacaq. Bu da neft qiymətlərinin zəif, amma müsbət dinamikası, eləcə də tengenin məzənnə baxımından sabitləşməsi ilə bağlıdır".
Buna da bax: Dollarla kreditə qadağa?
Anna Shatskaya-nın sözlərinə görə, indi yaşayış evi almağın əsl vaxtıdır. Ancaq daşınmaz əmlaka sərmayə kimi yanaşmağa dəyməz, çünki icarədən gələn gəlir bank depozitlərinin gətirdiyi gəlirdən iki dəfə azdır.
Mütəxəssis yaxın bir-iki ildə hazır evlərin bahalaşacağını gözləmədiyini də sözlərinə əlavə edib.