Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Temza üzərində Kuba


Jeremy Corbyn
Jeremy Corbyn

«Brexit» nədir ki, Britaniya bəlkə də daha böyük inqilabın astanasındadır.

Leyboristlərin lideri Jeremy Corbyn çərşənbə günü – sentyabrın 26-da partiyasının illik konfransında sosialist Britaniyasından danışıb. Bu, ötənilki konfransda qarşıya qoyulmuş məqsədlərdən köklü şəkildə fərqlənir.

Corbyn-in taleyi xeyli dərəcədə üzümüzə gələn həftələrə həll olunacağı gözlənilən «Brexit» dramının gedişatından asılıdır. Britaniyanın 2019-cu ilin martında AB-ni tərk etməsi planlaşdırılıb. Hökumət o vaxta qədər saziş imzalanmasına çalışır. Corbyn hakimiyyətə gələrsə, onun hökumətinin təsirləri «Brexit»dən qat-qat ciddi ola bilər.

Corbyn Britaniyası

Corbyn hökuməti qısamüddətli perspektivdə Avropayla post-«Brexit» ticarət əlaqələrini sadələşdirsə də, artıq sosialist London haqda proqnozların Vaşinqtonda həyəcan siqnallarını işə saldığı deyilir. ABŞ rəsmilərinin Dövlət Departamentinə indidən bu mövzuda memolar (tövsiyə məktubları) yazdığı bildirilir.

Corbyn-in uzun zamandan bəri Qərb hərbi müdaxiləsinə və NATO-ya qarşı olması, Latın Amerikasındakı inqilabi rejimləri dəstəkləməsi və Britaniyanın müstəqil nüvə vasitələrini ləğv etmək istəməsi Britaniyanı «Brexit»lə müqayisədə qat-qat daha əsaslı dəyişə bilər.

Partiyanın özü ümumi seçkilərə yol aça bilməz, çünki bu səlahiyyət Nümayəndələr Palatasının əlindədir və qərarın qəbul olunması üçün üzvlərin 2/3-si ona səs verməlidir. Ancaq «Brexit» danışıqları Baş nazir Theresa May-i dolaşdırdıqca, Corbyn-in şansı artır.

Corbyn zənginlərin daha böyük vergilər ödəyəcəyi, kommunal xidmətlər və dəmiryolların milliləşdiriləcəyi, hökumətin iqlim dəyişikliyini izləmək məqsədilə 400 min iş yerinə yatırım edəcəyi və iri şirkətlərin səhmlərinin 10%-ə qədərini işçilərə verərək onlara illik divident ödəyəcəyi bir Britaniya vəd edib. O, həmçinin leyborist hökumətin Britaniyanın Yəməndəki müharibədə Səudiyyə Ərəbistanını dəstəkləməsinə son qoyacağını, Fələstin dövlətini dərhal tanıyacağını, əsas müttəfiq kimi ABŞ-dan uzaqlaşacağını deyib.

Theresa May / Jeremy Corbyn
Theresa May / Jeremy Corbyn

«Leyboristlərin ideyaları zəmanəmizin damarını tutub. Bunu mən demirəm, mühafizəkarların keçmiş maliyyə naziri lord [Jim] O’Neill deyir. Mən daha öncə heç vaxt mühafizəkar nazirin damarını tutmaq barədə düşünməmişəm. Ancaq icazənizlə mən lord həzrətlərinə deyim: «Xoş gəlirsiniz. Gəlin yeni siyasi axında bizə qoşulun»», – Corbyn konfransdakı bağlanış nitqində deyib.

«Radikal olmalıyıq»

Corbyn-in populyarlığının arxasındakı strateji güc kimi görülən kölgə kansleri John McDonnell bazar ertəsi konfrans nümayəndələri qarşısında çıxışında belə deyib. «Bizə nə qədər çox qarışıq vəziyyət miras qalsa, dəyişiklik üçün bir o qədər radikal olmalıyıq. Ölkəmizdə güc balansını dəyişdirmək vaxtıdır. İnsanlara öz həyatları üzərində nəzarəti geri qaytarmaq vaxtıdır», – o deyib.

Bir transmilli şirkətin lobbiçisi deyib ki, partiyanın ritorikası 2016-cı ildə keçirilən AB referendum zamanı «Leave» (Çıx) kampaniyasının ritorikasına həddindən çox bənzəyir. «Hər şey nəzarəti geri almaq ətrafındadır», - həmin lobbist deyib.

Corbyn-in müşavirlərindən biri deyir ki, mətbuat onun siyasətinə nə qədər sərt reaksiya versə, bir o qədər yaxşıdır. Mətbuat və naşirlərin diqqəti partiyanın irəli sürdüyü siyasətə havayı reklam imkanı və yeni sosial media həmlələri yaradır. ​«Əmin olmalıyıq ki, «The Telegraph» ikinci evlərə ikiqat vergi xəbərini yayıb. Onlar elə bilirlər ki, bütün oxucularının ikinci evi var, buna görə də xəbəri ön səhifəyə çıxaracaqlar», – o deyir.

«Bu əladır. Bu o deməkdir ki, sizin haqqınızda daha çox adam danışır və siz bu şeylərin nə qədər populyar olduğuna inanmayacaqsınız», – deyə o əlavə edib.

Corbyn-in yaxın köməkçiləri hesab edirlər ki, leyboristlər bu istiqamətdə davam etsələr və «Brexit» onları oyundan çıxarmasa, hakimiyyətə gəlmələri qaçılmaz olacaq.

Jeremy Corbyn
Jeremy Corbyn

Əsl lənət

Hazırda 500 mindən artıq üzvü olan Leyboristlər Partiyası Britaniyanın ən böyük siyasi partiyasıdır. Bütün əsas proqnozlara rəğmən, 2017-ci il seçkilərində partiyaya dəstək artıb.

Corbyn baş nazir olarsa, ABŞ-ın xarici siyasətini ciddi sınaq qarşısında qoyacaq. Hətta leyborist millət vəkilləri də etiraf edir ki, Corbyn hökuməti ABŞ-la xüsusi təhlükəsizlik və hərbi münasibətlərə son qoyacaq.

Corbyn-in ən səlahiyyətli müşavirlərindən biri, Sovet İttifaqını müdafiə edən marksist Andrew Murray yazır ki, Corbyn-in xarici siyasətdəki radikalizmi Britaniyada və xaricdəki isteblişment üçün əsl lənətdir.

«Onlar Corbyn-in müharibəyə qarşı olmasından, dünyada insan hüquqlarını və Fələstin məsələsini dəstəkləməsindən, özlərinin beynəlxalq gündəmi itirəcəklərindən qorxurlar», – o yazıb. Murray bu yazısında mühafizəkarlarla bağlı «çürüməkdə olan Soyuq müharibə təfəkkürü» ifadəsini işlədib.

Leyborist hökuməti Britaniyanın immiqrasiya sistemini də tamamilə yenidən quracaq, ABŞ-la sıx iqtisadi münasibətlərə arxa çevirərək AB standartlarına yaxınlaşacaq və bəlkə hələ Britaniyanın AB-də qalmasına dair ikinci referendum da keçirəcək.

Leyboristlərin radikalizmi seçki siyasəti ilə məhdudlaşmır. Leyborist millət vəkili Laura Smith gələn il ümumi seçki keçirilməsi qərarı keçməzsə, hökuməti devirmək üçün ölkədə ümumi tətil keçirməyə çağırıb.

Şirkətlərin əndişəsi

Belə yanaşma Britaniya və xarici biznes lobbilərini iş adamlarının ənənəvi partiyası olan Mühafizəkarların ağuşuna atacaq.

Ancaq biznes liderləri Corbyn və McDonnell-in yüksək vergilər və səhm paylarının bölüşdürülməsi planlarından nə qədər narahat olsalar da, «Brexit»in ağır keçəcəyindən də eyni dərəcədə, bəlkə daha artıq narahatdırlar.

Partiyanın konfransı çərçivəsində təşkil olunan sərgi biznesin leyboristlərin hakimiyyətə gəlməsi perspektivini son dərəcə ciddi qəbul etdiyini göstərdi.

2015-ci ildə, Corbyn-in sədr kimi ilk konfransında biznes lobbiçiləri ən sosialist leyborist rəhbərliyi ilə necə dil tapacaqlarını bilmirdilər. Bu ilsə BP, «Google», «Visa», «Bombardier» və «Fujitsu» konfransa öz stendləri ilə gəliblər. PwC, «Hitachi», «Novartis» və «Cisco»nun hər biri ayrıca tədbirlərə ev sahibliyi edib, çox sayda digər şirkətsə potensial hökumətin üzvləri ilə görüşməyə təşəbbüs göstərib.

«Düzü, bu onların tezliklə hakimiyyətə gələcəyini anlamaları deməkdir», – bir beynəlxalq şirkətin lobbiçisi deyib.

XS
SM
MD
LG