Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:02

'Televizorda Qarabağ əlillərinə ev verilməsi göstərilir, bizə növbə çatmır'


"Keçən il bu kateqoriyalardan olan adamlara 626 mənzil və fərdi ev verilib".

Bu günlər Biləcəri qəsəbəsində ev tikintisi zamanı Qarabağ müharibəsində əlil olan bəzi şəxslərlə SOCAR əməkdaşları arasında baş verən gərginlik bu kateqoriyadan olanların mənzil təminatını yenidən gündəmə gətirib.

«Mənzil növbəsində yüzlərlə Qarabağ əlilləri var. Onlar illərdir mənzil gözləyir. 2013-cü ilin məlumatına görə, Azərbaycanda 11306 Qarabağ müharibəsinin əlilləri var. Onlardan 886 nəfər birinci qrup əlildir. Həmin insanların arasında ən gəncinin 50 yaşı var. Əksəriyyəti 60 yaşa çatıb». Bunu AzadlıqRadiosuna deyən iqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, ölkədə 2.5 milyard manatlıq mənzil fondu mövcuddur.

Ekspert vurğulayıb ki, Azərbaycan dövlətinin bu sahədə siyasətinə nəzərə salanda, müəyyən addımların şahidi olmaq mümkündür. Amma o, görülən işləri yetərli saymır: «2019-cu ildə prezidentin fərmanı ilə cari ilin büdcəsindən 35 milyon manat Qarabağ əlilləri və şahid ailələrinə mənzil tikmək üçün ayrılıb. 2019-ci ilin birinci yarısının nəticələrinə görə, 6 min 764 mənzil tikilərək onlara verilib…».

Q.İbadoğlu
Q.İbadoğlu

«Tenderlər ictimai nəzarət altında keçirilməlidir»

Q.İbadoğlu hesab edir ki, Qarabağ əlillərin mənzil problemi çoxdan həll olunmalı idi və bu sahədə gedən proseslər dəyişməlidir: «Hesab edirəm ki, bu yöndə işlər sürətlənməlidir. Bu sahədə rüşvətxorluq və korrupsiya görülən işlərin səmərəliyini riskə atır. Buna görə şəffaflığı qorumaq üçün hesabatlıq olmalıdır, tenderlər ictimai nəzarət altında keçirilməlidir».

«Məcburi köçkün olmayan Qarabağ əlilləri…»

İqtisadçının fikrincə, Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilməsi ilə bağlı əlavə vəsaitlər ayrılmalıdır: «Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətin yaxşılaşdırılması ilə bağlı 2001-2018-ci illərdə 2 milyard 372 milyon 700 min manat ayrılıb. Bu vəsait hesabına 33 min 781 ailə üçün fərdi evlərdən ibarət 71 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 17 məhəllə və sosial-infrastruktur obyektləri tikilib. Dövlət Neft Fondundan bu məqsədlə əlavə 200 milyon manat ayrılması gözlənir. Hər bir halda bu vəsaitdən məcburi köçkün olan Qarabağ müharibəsi əlillərinə də pay çatır. Amma məcburi köçkün olmayan Qarabağ əlilləri yenə də mənzil növbəsində dayanmalı olurlar. Onların sayı o qədər də çox deyil və icra orqanları onları mütləq evlə təmin etməlidir».

Qarabağ əlilləri protezlərini yandırdı
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

«Biz başqa nə edə bilərik ki?»

Deputat Fazil Mustafa bildirib ki, Milli Məclis bu istiqamətdə lazım olan qanunları qəbul edib: «Biz başqa nə edə bilərik ki? Cənab prezident də həmin sosial qrupların evlərlə, maşınlarla təmin etmək üçün fərmanlar imzalayıb. Qaldı onları icra etmək. Müvafiq icra strukturları bu işlərlə bağlı öz vəzifəsini yerinə yetirməlidir…».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat xidmətindən də «Turan» agentliyinə deyiblər ki, yalnız keçən ay Qarabağ əlilləri və ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri 64 mənzillə təmin edilib: «Keçən il bu kateqoriyalardan olan adamlara 626 mənzil və fərdi ev verildi. Bu proqram ötən il planlaşdırılandan 3 dəfə artıq həcmdə icra olunub. Bu il isə cənab prezidentin sərəncamı ilə ayrılan vəsait hesabına minimum 800 mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara təqdim olunacaq».

Qarabağ müharibəsində sağlamlığını itirən biri- Q.T. isə AzadlıqRadiosuna bildirib ki, illərdir mənzil gözləyir.

«Ailədə 6 nəfərik, ikiotaqlı evdə qalırıq. Uzun illərdir Yasamal rayon İcra Hakimiyyətində ev növbəsinə durmuşam. Özüm də ikinci qrup əliləm. Hər dəfə televizorda Qarabağ əlillərinə ev verilməsini göstərirlər, amma bizə növbə niyəsə çatmır? İcra hakimiyyətinə getməkdən yoruldum, «bu gün-sabah» deyə-deyə məni illərlə gözlətdilər. Nə qədər gözləmək olar?», - o sual edir.

O, adının tam çəkilməsini istəmir və adını deyərsə, ev növbəsinin bununla daha da uzana biləcəyindən ehtiyatlanır.

Onun ev növbəsinin uzanması ilə bağlı şikayətinə, hələlik, Yasamal rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG