Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:48

Ekspert bu təqaüd artımının yetərli olmadığını deyir


İlham Əliyev ali təhsildə nələri dəyişir?
Gözlə

No media source currently available

0:00 0:15:08 0:00

İlham Əliyev ali təhsildə nələri dəyişir?

Prezident İlham Əliyev tələbələrin təqaüdlərini artırdı. Təxmini hesablamalara görə, təhsilin müxtəlif pillələri üzrə 20 faiz, hardasa 15-20 manat artım olub.

Daha bir yenilik isə odur ki, martın 1-dən yalnız dövlət hesabına təhsil alan tələbələr yox, həm də ödənişli əsaslarla oxuyanlar da təqaüd ala biləcəklər. Üstəlik özəl ali məktəblərdə oxuyanlar da.

Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov bu dəyişiklikləri yüksək qiymətləndirir. Onun üçün ən önəmli dəyişikliklərdən biri yeni tədris ili üzrə qəbul imtahanlarında dövlət hesabına təhsil üçün yerlərinin artırılmasıdır:

“45 min plan yerinin yalnız 13 mini dövlət hesabına olurdu. Prezident 2019-2020-ci ildə 45 min plan yerinin 45 faizi, 2020-2021-ci ildə isə tən yarısı, yəni, hardasa 22.5 mini - 50 faizi dövlət hesablı olacaq”.

Kamran Əsədov deyir ki, Azərbaycanın 54 ali təshil müəssisəsində 164 min tələbə təhsil alır. Onların cəmi 55 min nəfəri dövlət hesabına, qalan 110 mini isə ödənişli əsaslarla təhsil alır.

Müxalif Real Partiyasının Azərbaycanda ali təhsilin ödənişsiz olması ilə bağlı imzatoplama kampaniyası yekunlaşmaq üzrədir. Partiyanın liderləri yeni dəyişiklikləri bəyənirlər. Amma onlar ümumiyyətlə təhsilin tam ödənişsiz olmasını təklif edirlər.

Prezidentin 14 fevral tarixli fərmanı ilə martın 1-dən akademik göstəricilərindən asılı olaraq, bakalavrlar 75-130 manat, magistrlər 80-145 manat alacaqlar.

Ümumiyyətlə, təqaüdlər 15-20 manat arasında artıb. Ən çox doktorantura üzrə təhsil alanların təqaüdü 20 manat artırılaraq, 180 manat olub. Prezident təqaüdləri isə 25 manat artırılaraq, 210 manat olub. Təhsil Nazirliyi bildirir ki, ümumilikdə 110 min tələbənin təqaüdü 20 faiz artırılacaq.

Bakı Dövlət Universitetinin filalogiya fakültəsinin ikinci kurs tələbəsi Pərviz Mustafayevin də təqaüdü mart ayından 10 manat artacaq. O yaxşı oxuduğu üçün 95 manat həvəsləndirici təqaüd alır. Mart ayından bu məbləğ 105 manat olacaq:

“Mən Sumqayıtdan gəlib-gedirəm. Ona görə yaxınlıqda qalan tələbələrlə müqayisəddə mənim yol xərcim daha çox çıxır. Amma qonşu ölkələrdə tələbə təqaüdləri daha çoxdur. Çünki onların, nəqliyyat, yaşamaq xərcləri də nəzərə alınır”.

Təqaüd daha çox olmalıdır

Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov da razılaşır ki, təqaüdlər artırılsa da, tələbələrinin zəruri ehtiyaclarını qarşılmır. Onun fikrincə, bir tələbənin ayda təxminən 60 manat nəqliyyat, 150-200 manat kirayə xərcləri çıxır:

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında təhsilin əhatə dairəsinin genişlənməsi, təhsilin əlçatımlığı hədəflənirdi. Bu ancaq maddi rifahın gücləndiriləcəyi, normal təhsil almaq üçün ehtiyacların qarşılayacağı halda mümkündür. Verilən təqaüdü tələbənin öz inkişafına yönəldə bilməsi üçün onlar nəqliyyatda gediş haqqından azad olmalı, universitetlər tələbələrini yataqxana il təmin etməlidir”.

Təhsil naziri Ceyhun Bayramov bu gün bununla bağlı mətbuat konfransı keçirib. Nazir bildirib ki, ilkin hesablamalara görə təqaüdlərin artırılmasına dövlət büdcəsindən əlavə 25 milyon manat ayrılacaq. Nazir vurğulayıb ki, artıq özəl ali məktəblərdə oxuyanlar da təqaüd ala biləcəklər:

"Təqaüd alanların sayı 16 min nəfər artırılacaq. Bu da indiki təqaüd alan tələbələrin, 30 faizi deməkdir".

Tələbələrə təqaüdlər akademik göstəricilərinə uyğun təyin olunacaq. Nazirlər Kabitenti yeni yaradılacaq 16 min təqaüd yerinin ixtisaslar üzrə bölgüsünü bir ay ərzində təsdiqləməlidir. Amma nazir bildirib ki, ümumilikdə, tələbələrin 50 faizinin təqaüd alması gözlənilir. Nazir deyib ki, ödənişli əsaslarla təhsil alan tələbələr üçün tələbə kreditlərinin də verilməsi üçün addımlar atılır.

Tam pulsuz təhsilə doğru?

Müxalif Real Partiyası Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, 40 minlik imzatoplama kampaniyasına başlayıb. Partiyanın Ali məclisinin üzvü Azər Qasımlı yeni fərmanları imzatoplama kampaniyasının bir uğuru kimi qiymətləndirir. Deyir ki, onların istəkləri ali təhsilin tam ödənişsiz olmasıdır:

“Biz təhsilin tam ödənişsiz olmasını təklif etməklə təhsildə olan bütün problemlərin, eləcə də sistemli islahatların olacağını iddia etmirik. Biz təklif edirik ki, Azərbaycan iqtidarı təhsili ödənişsiz edərsə, ədalətsizliyi aradan qaldıra bilər. Bu sahədəki problemlər həll olunar”.

Azər Qasımlı xatırladır ki, çox sayda tələbə məhz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən uzaqlaşır.

Bəs, təqaüdlər artırılandan sonra tələbələrin maddi vəziyyəti yaxşılaşacaqmı? Tələbələr arasında keçirdiyimiz sorğunu izləyək:

Tələbələr artırılan təqaüdlər haqda
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Bizim söhbət etdiyimiz ekspertlərin çoxu yeni təqaüd artımını müsbət dəyişiklik saysalar da onu da vurğulayırlar ki, hətta indiki artımları belə yetərli deyil. Ona görə həm tələbələr, həm də ekspertlər hökumətin təhsilə yardımının davam etməli olduğunu deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG