Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:37

Yeni rüsumdan işlənmiş şin alverçilərinin işi 'təkərə düşüb'


Prezident Aparatı qarşısında etiraz - Gömrük rüsumlarına görə
Gözlə

No media source currently available

0:00 0:08:36 0:00

Prezident Aparatı qarşısında etiraz - Gömrük rüsumlarına görə

«Əgər indiyədək bazarda işlənmiş təkərlər 30-50 manata satılırdısa, bundan sonra bir təkərin qiyməti 120-150 manat arasında olacaq. Bu artım işlənmiş təkərlərə tətbiq edilən yeni idxal rüsumları ilə bağlıdır».

İşlənmiş şin idxal edən sahibkarlar gömrük rüsumunun artmasını belə dəyərləndiriblər.

Yeni idxal rüsumlarından narazı olan sahibkarlar bu gün, yanvarın 15-i Prezident Administrasiyasının (PA) qarşısına toplaşıblar.

Etirazçılardan bir neçə nəfər administrasiyada qəbul edilib. Ancaq oradan onlara sərfəli cavab verilmədiyini söyləyiblər. Narazı sahibkarlar günün ikinci yarısınadək PA-nın ətrafından dağılışmayıblar.

Narazı sahibkarlar üzləşdikləri problemin detallarını AzadlıqRadiosuna bölüşüblər.

«Malların rüsumunu hədsiz dərəcədə qaldırıblar. Əvvəl bir konteynerə 12-15 min manat rüsum istəyirdilər, indi bunu 42- 46 min manat ediblər», - deyə sahibkarlardan Elçin Qasımov bildirib.

«Bu, dünyanın heç bir yerində görünməyən şeydir. Ya özbaşınalıqdır, yuxarıdakıların xəbəri yoxdur, ya da bu sahə kiminsə monopoliyasına alınır. Bu sahədə çalışan minlərlə insanı ac qoymaq istəyirlər», - bir başqa sahibkar vurğulayıb.

«Bu sahədə çalışanların banklara borcu var»

Sahibkar deyib ki, təkər alveri sahəsində çalışanların əksəriyyəti banklara borcludur.

«Bu sahədə çalışanları araşdırsanız, bəzilərinin banklara borcu olduğunu görəcəksiniz. Hamı mülkünü, maşınını qoyub, pul götürüb. Harada görünüb ki, qiyməti 330 faiz qaldırsınlar?», -deyə sahibkar sual edib. Onun sözlərinə görə, ilin əvvəlinədək bir konteyner işlənmiş təkərdən ötrü 15 min manat ödəyiblər:

«İndi birdən-birə bu məbləği 46 min manata qaldırıblar. Gömrük rüsumunu 330 faiz qaldırıblar. Bu da heç cür sərf etmir. Konteynerdən söhbət gedir. Hər konteynerə də maksimum 2 min təkər yerləşir».

Sahibkarların etirazı - 15 yanvar 2018
Sahibkarların etirazı - 15 yanvar 2018

Sahibkar gətirilən malların keyfiyyətli olduqlarını bildiriblər. Onların deməsinə görə, bu təkərlər bəzi ölkələrdə istehsal edilən yeni təkərlərdən daha sərfəlidir.

Bəzi sahibkarın malı gömrükdə qalıb

Başqa bir sahibkar Əflatun Əhmədov isə deyib ki, lap əvvəl hər təkərə 3 dollar rüsum ödəyiblər.

«Daha sonra 10 dollar etdilər. Bunun əlavə dəyər vergisi də üstünə gəldikdə, 2 min təkər 45-46 manata başa gəlir», - deyən sahibkar konteynerlərinin saxlandığını ifadə edib.

«Bu da əlavə xərcdir. Konteynerlər gözləyir, hər gün üçün 150 dollar «transport xərci» də ödəməliyik», - sahibkar deyib.

Rəsmi qurumlar sahibkarların narazılığını şərh etməyiblər.

Etiraz edən sahibkarlar problemləri çözülənədək geri çəkilməyəcəklərini də bildiriblər.

Ötən həftənin sonu bu məsələdən narazı insanlar Dövlət Gömrük Komitəsinin (DGK) də önünə də toplaşmışdılar. Onda məsələyə DGK-da münasibət bildirmişdi.

DGK-nin münasibəti

DSK mətbuat xidmətinin məlumatına görə də, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi 500 saylı qərarla bu il yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

«Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik, bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər», - məlumatda vurğulanır.

Dövlət Gömrük Komitəsi bildirirdi ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Xatırlatma

Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də «Azərbaycanın xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla «Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» və «Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı» bu il yanvarın 1-dən ləğv edilib.

Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlənib.

Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınlarından ötrü bərpa edilmiş bir ədəd şinə 10 dollar, hava gəmilərində istifadə edilən şinlərlə bağlı isə 5 dollar rüsum müəyyən edildiyi bildirilir. Buna, üstəlik, əlavə dəyər vergisinin (ƏDV) də əlavə edildiyi deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG